Vüsalə MƏMMƏDLİ. Varvarizmlər bizə lazımdırmı, yaxud lüğət torba deyil!
Son illər dilimizdə müşahidə olunan bir sıra problemlər arasında varvarizmlərin geniş yayılması xüsusi diqqət çəkir. İş o yerə çatıb ki, varvarizmlər “akademik” səviyyəsində (vurğunu üçüncü hecaya qoymaq şərti ilə) mübahisəyə səbəb olub. Varvarizmlər – dilin qayda-qanunlarına tabe olmayan, başqa dillərdən ana dilinə kecən işğalçı sözlərin ən təhlükəsidir. Bunlar dilin strukturuna zidd olan sözlərdir. Bu tip sözlər əvvəllər danışıqda daha çox işlədilirdisə, indi hətta yazımıza da çağırılmamış qonaq kimi çöküb. Dilimizin saflığını təhlükə altına aldığı üçün varvarizmlərlə mübarizə aparmalıyıq. Doğma dilimizdə qarşılığı olan bu sözlərə qucaq, yox, yox, lüğət açmaqdansa, onlarla mübarizə aparmağın yolları haqqında düşünməliyik.
Qloballaşma və texnologiya – sosial şəbəkələr və internet vasitəsilə xarici dillərlə gündəlik təmas, təhsil və mediada nəzarətsizlik, bəzi televiziya proqramları və sosial media istifadəçilərinin düzgün dil istifadəsinə diqqət yetirməməsi, bütün bunların gənclər arasında dəb halını alması və sair səbəblər varvarizmlərin dilimizdə “at oynatmasına” tam münbit şərait yaratmışdır. İndi də savadına, milliliyinə və vətənpərvərliyinə şübhəm olmayan akademik Nizami Cəfərov “kontekst”dən cıxıb dilçilik görüşlərimi alt-üst etdi…
Son illər nitqimizdə, hətta bəzilərinin yazılarında da daha geniş yayılmış varvarizmləri nəzərdən keçirək :
İngilis dilindən:
Vau! (Wow!) – Vay, nə gözəl!
Layk (like) elədi – bəyəndi
Okey (OK) – yaxşı, oldu
Stori (story) atdı – hekayə paylaşdı
Bay (bye)_sağ ol, hələlik
Kənsl (cancel) elədi – ləğv etdi
No problem – problem yoxdur
Kul (cool) – əla, gözəl
Rus dilindən:
Uje (уже) – artıq
Nu (ну) – hə, bax
Davay_(давай) gedək
Prosta (просто) – sadəcə
Tipa (типа) – sanki
Vobşe (вообще) – ümumiyyətlə
Bu sözlər Azərbaycan dilinin qrammatik quruluşunu pozur və danışığın qarışıq, eyni zamanda natamam səslənməsinə səbəb olur.
Türkiyə türkcəsi bizə qohum dil olsa da, oradan da bəzi ifadələr uyğunsuz şəkildə dilimizə daxil olub:
Aynən – “hə”, “tamamilə doğrudur”
Hadi – “gedək”, “tez ol”
Tamam – “oldu”
Yapma ya – ola bilməz
Bu sözlər bəzən dilimizin emosional və mənalı ifadələrini kölgədə qoyur. Əsas məsələ! Bu sözləri lüğətlərə salmaq olarmı? Cavab birmənalıdır: varvarizmlər normativ dilə zidd olduğuna görə lüğətlərə SALINMAMALIDIR.
Lüğətlərə yalnız Azərbaycan dilinə tam uyğunlaşmış, qaydalara uyğun, özünü təsdiqləmiş və zəruri olan sözlər salınmalıdır.
Varvarizmlərin yayılması Azərbaycan dilinin saflığını və zənginliyini təhdid edir desək, heç yanılmarıq. Bu problemi aradan qaldırmaq üçün müəyyən tədbirlər görülməlidir. Məsələn, təhsil ocaqlarında ana dilinə nəzarət və qayğını gücləndirməli, televiziya və internet resurslarında dil nümunələrinin düzgün yayılmasına, sosial şəbəkələrdə dilin düzgün istifadəsinə təşviq edilməlidir. Qaydalara riayət etməyənlər müəyyən olunmuş çərçivədə cəzalandırılmalıdırlar.
Sosial şəbəkələrdə bunu etmək heç də çətin məsələ deyil; çoxumuz təkcə feysbukda hansısa xoşagəlməz sözə, ya da kimlərəsə sərf etməyən məzmuna görə davamlı olaraq “cəzalandırılırıq”, məhdudiyyətlərlə qarşılaşırıq. Bir sistem də savadsız, varvarizmlərlə dolu yazılara məhdudiyyət qoymaqla ana dili istiqamətindən nəzarət etsin.