Avstriyada fəaliyyət göstərən “ÖST Ensemble” ansamblı Vyanada “Arzu balıq dastanı” adlı performans proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Vyana Future Art Lab zalında reallaşan performans tamaşaçıların çoxsaylı müraciətləri əsasında ansamblın ötən il təqdim etdiyi eyniadlı layihənin genişləndirilmiş yeni təqdimatıdır. Layihə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Yunus Emre İnstitutunun dəstəyi ilə baş tutub.
“Arzu Balıq” dastanı görkəmli təbrizli yazıçı, tanınmış tərcüməçi-publisist Səməd Behrənginin “Balaca Qara Balıq” nağılı əsasında Aria Torkanbouri tərəfindən yazılıb. Bu performans başdan-başa Azərbaycan-Türk aşıq dastan ənənəsi əsasında qurulub. Yəni, fərqli musiqi və rəqs mədəniyyətlərindən seçilən və ifa olunan əsərlərin hamısı dastan rəvayəti əsasında, aşıqların dastan demə formasına dayanaraq yeni formada ifa olunub.
“Arzu Balıq” dastanında Azərbaycan musiqi mədəniyyətindən Fikrət Əmirovun “Mən səni araram”, “Min bir gecə” baletindən rəqs, Niyazinin “Qaytağı” və Güney Azərbaycan aşıq mahnısı “Çal, aşıq, çal” kimi əsərlər başqa musiqilərlə yanaşı təqdim edilib. Bunlarla yanaşı, Azərbaycan “Mahur” və “Şüştər” muğamları da Vyanada yaşayan təbrizli solist Hadi Mostafaei tərəfindən ifa edilib. Azərbaycan türkcəsindən başqa gilək, fars, gürcü, Türkiyə türkcəsi, nogay türkcəsi, maqduniyyə və macar dillərində mahnılar da səsləndirilib. Dastanın özü isə Berlin şəhərində yaşayan və əslən təbrizli olan Hamid Saneiy tərəfindən Azərbaycan və alman dillərində söylənilib.
“ÖST Ensemble” bəstəkar, musiqi nəzəriyyəçi, və etnomusiqişünas Aria Torkanbouri tərəfindən 2020-ci ildə Vyanada təşkil edilib. Onun sözlərinə görə, estetik cəhətləri kənara qoyulduğunda bu performansın iki əhəmiyyətli cəhəti vardır. İlk növbədə, Azərbaycan-Türk aşıq dastan ənənəsi bir performans forması kimi (opera, operetta forması kimi) beynəlxalq səviyyədə birinci dəfə praktik olaraq nümayiş etdirilib. Eyni zamanda, bəstəkar bu ifanı öz elmi tədqiqatının praktik cəhəti kimi görür.
“Arzu Balıq” dastanından öncə Aria Torkanbouri Azərbaycan-Türk aşıq sənətinə həsr olunmuş diplom işini Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin Etnomusiqişünaslıq İnstitutunda bitirib. A.Torkanbouri bütöv Azərbaycan bölgəsində dastan ifaçılığının aradan getdiyi və ictimai funksiyasını əldən verdiyi bir zamanda, dünyanın musiqi mərkəzi sayılan Vyanada bu ənənəni yeni formada səhnəyə çıxarmağı əhəmiyyətli bir addım kimi görür. Bəstəkarın dediyinə görə, “Arzu Balıq” dastanı bütün incəsənət sahəsində çalışanlara, xüsusilə Azərbaycan musiqisi, teatr və ədəbiyyat sahəsində olan sənət adamlarına uğurlu bir örnək ola bilər. Təxminən iki saat davam edən performans dastan söyləmə, musiqi və rəqs tərkibində ifa olunaraq, Vyanada konsertdə iştirak edən beynəlxalq tamaşaçı kütləsi tərəfindən böyük maraq və zövqlə qarşılanıb.
Bu performansın başqa bir özəlliyi, seçilmiş əsərlərin hamısının Şərq musiqi səs sistemi qanunlarına uyğun olan və həmin səs sisteminin tonal qanunlarına uyaraq aranjeman edilərək ifa olunmasıdır. Aria Torkanbouri neçə illərdir ki Şərq musiqisinin səs sistemi üzərində tədqiqat aparır və hələ də tədqiqlərini bu sahədə davam etdirir. “Arzu Balıq” dastanı performansında gilək, fars, ərəb, yəhudi, slavyan, macar, gürcü, Azərbaycan/Türkiyə/Qazaxıstan Türk musiqi mədəniyyətlərindən nümunələr bir-birləri ilə qarışıq formada ifa olunub. Seçilən əsərlərin hamısı Qərb musiqi səs sistemindən fərqli olaraq, Şərq musiqi səs sisteminin tonal qanunları əsasında bəstəkar tərəfindən ansambl üçün aranjeman olunub. Bu isə musiqi əsərlərinin ekzotik ortama daxil olmasının önünü alaraq, tamamilə beynəlxalq ortamda “Şərq klassik musiqisi” adını verməyə imkan yaradır.
Aria Torkanbouri 2007-ci ildən bəstəkarlığa başlayaraq Tehran, Bakı, İstanbul, Berlin, Graz və Vyananın musiqi universitetlərində fortepiano, bəstəkarlıq, orkestr dirijorluğu, musiqi nəzəriyyəsi və etnomusiqişünaslıqda tanınmış musiqi simalarının tələbəsi olub. Azərbaycanda təhsil alarkən o, Arif Məlikov, Ceyhun Allahverdiyev, Azər Dadaşov, Lalə Rzayeva və Əyyub Quliyev kimi müəllimlərin tələbəsi olub. Bəstəkar 2021-də bəstələdiyi “Şuşa Yankılanır..” əsəri ilə ABŞ-da keçirilən beynəlxalq bəstəkarlıq müsabiqəsində “Üzeyir Hacıbəyli” bəstəkarlıq mükafatı qazanıb. 2023-də isə “Öst Ensemble” həmin əsəri ifa etməklə müsabiqənin ifaçılıq bölümündə 3-cü mükafatı qazanıb. Aria Torkanbouri Güney Azərbaycanın “Məcnun Talibi Nur” adlı ilk operasını 2014-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında yazdığı yeni rəvayət əsasında səhnəyə çıxaran bəstəkar kimi tanınıb. Hazırda bəstəkar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Avropa Tədqiqat Şurası (ERC) tərəfindən dəstəklənən “GOING VIRAL. Pandemiyalar zamanı Musiqi və Emosiyalar (1679-1919)” layihəsində pre-doktoral mövqeyi qazanaraq Vyana Musiqi və Səhnə Sənətləri Universitetində tədqiqatçı kimi işləyir.