- Mədəniyyət

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Rudolfun gündəliyi“ sənədli filmi nümayiş olunub

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Rudolfun gündəliyi“ sənədli filminin təqdimatı keçirilib. Sənədli filmdə İkinci Dünya müharibəsi bitdikdən sonra hərbi əsir kimi Azərbaycan ərazisində olmuş avstriyalı Rudolf Vaysın xatirələrindən bəhs olunur.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova İkinci Dünya müharibəsinin şahidinin Azərbaycan barədə xatirələrinin əks olunduğu film barədə məlumat verib. Qeyd edilib ki, müharibədə Azərbaycan nəinki öz resursları ilə qələbənin təmin olunmasına böyük töhfə verib, eyni zamanda 600 mindən çox soydaşımız cəbhəyə yollanıb və onların böyük bir hissəsi həlak olub. İnsanpərvər və tolerant Azərbaycan xalqı müharibədən sonra çətin günlər yaşasa da, insanlar əsirlərə diqqət və qayğı göstəriblər. Yaxın keçmişində müharibənin ağrı-acılarını yaşayan Azərbaycan xalqının itkiləri nə qədər çox olsa da, bu gün xalqımız gələcəyə böyük ümidlərlə baxır, Qarabağda quruculuq və bərpa işləri həyata keçirir, dinc birgəyaşayış və sülh naminə ciddi addımlar atır.

Laa an der Taya şəhəri merinin müavini Qeorq Ayqner, Rudolf Vaysın qızı Patrisiya Kastner çıxışlarında filmin ərsəyə gəlməsi və təqdimatın təşkilinə görə minnətdarlıq ediblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor, “Rudolfun gündəliyi” filminin bədii rəhbəri Tahir Tahiroviç sənədli filmin ideyası və çəkiliş prosesi barədə danışıb. Qeyd edilib ki, Azərbaycanda müharibə mövzusunda çəkilən bütün filmlərdə döyüş səhnələri deyil, insan taleyi, onların üzləşdiyi problemlər və dramatik səhnələr ön planda dayanır. Bu sənədli filmdə də 16 yaşlı bir gəncin Azərbaycanda keçdiyi həyat yoluna nəzər salınıb.

95 yaşlı Rudolf Vays çıxış edərək sənədli filmin ideyası, onun ərsəyə gəlməsi və təqdimatına görə minnətdarlığını bildirib. O qeyd edib ki, 1945-ci ilin yanvar ayında 16 yaşı olarkən döyüşlərə cəlb edilib və orduda kuryer kimi xidmət edib. Qısa müddət sonra əsir düşən R.Vays digər əsirlərlə birlikdə SSRİ ərazisinə aparılıb və üç ildən artıq Azərbaycan ərazisində olub. O, taleyin onu keçmiş SSRİ-nin digər ərazilərinə deyil, Azərbaycana atmasını yaxşı bir təsadüf kimi dəyərləndirərək, burada iqlim şəraiti və insanların münasibətinin əsirlər üçün çox yaxşı olduğunu diqqətə çatdırıb.

Sonra tədbir iştirakçılarına “Rudolfun gündəliyi“ sənədli filmi təqdim olunub.

Qeyd edək ki, “Rudolfun gündəliyi” sənədli filmi Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Nova Gorica” kino mərkəzində Rudolf Vaysın xatirələri əsasında istehsal olunub. Sənədli film ilə bağlı Bakı, Salyan və Neftçala şəhərləri ilə yanaşı, həmçinin Azərbaycanın Avstriyadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Avstriya ərazisində də çəkilişlər həyata keçirilib. Ekran əsərinin ssenari müəllifi Samir Rzayev, rejissoru Turan Yaqublu, operatoru isə Rafiq Əliyevdir.