Pentaqonun büdcəsində Ukraynaya silah və digər təhlükəsizlik yardımları üçün 5,2 milyard dollar qalıb.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Qeyd olunub ki, 5,2 milyard dollar təxminən son altı ayda ABŞ Prezidenti Cozef Baydenin administrasiyasının Ukraynaya göndərdiyi silahların dəyərinə bərabərdir. Ancaq, nəşrə görə, bu pul yalnız bir neçə aya yetə bilər.
5,2 milyard dollar Rusiyanın hərbi müdaxiləsindən sonra ABŞ-nin Ukraynaya göndərdiyi 43,9 milyard dollarlıq təhlükəsizlik yardımının təxminən 12 %-ni təşkil edir.
WSJ nəql edib ki, ABŞ-nin Ukrayna ordusunun modernləşdirilməsi və NATO ilə uyğunluğunun artırılması üçün uzunmüddətli proqram üçün istifadə etdiyi hesab boşdur. Bundan əlavə, Ukraynaya yardımdan sonra ABŞ-nin silah arsenalını doldurmaq üçün işlədilən hesab da təxminən 1,6 milyard dollara düşüb. Rəsmilərin sözlərinə görə, bu, Pentaqonun ehtiyacları üçün yetərincə deyil.