Azərbaycan Milli Xalça Muzeyində “Həyatını ilmələrdə yaşadan sənətkar: Zəhra Əliyeva” adlı mühazirə keçirilib.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, Əməkdar mədəniyyət işçisi, ölkəmizin tanınmış xalçaçılarından biri, xalça texnologiyalarının mahir bilicisi və tədris ustası Zəhra Əliyevanın doğum gününə həsr olunan mühazirədə sənətkarın fəaliyyəti barəsində ətraflı söhbət açılıb. Toxucu ailəsində böyüyən Zəhra xanımın görkəmli alim Lətif Kərimovun tələbəsi olduğu, onun dəvəti ilə 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda “Dekorativ-tətbiqi sənət” kafedrasının xalça bölməsində tədris ustası kimi fəaliyyətə başladığı bildirilib. Sənətkarın Qarabağın “Balıq” çeşnisi üzrə toxuduğu xalçanın 1968-ci ildə Moskvada Ümumdünya Gənclər sərgisində I yerə layiq görüldüyü söylənib. Qeyd edilib ki, xovlu və xovsuz xalçaların bütün toxunma texnikalarını mükəmməl bilən Zəhra Əliyeva 1997-ci ildən indiyədək Azərbaycan Milli Xalça Muzeyində çalışır. O, muzey toxucularına ənənəvi və unudulmaqda olan xalça texnologiyalarını öyrədir. Zəhra xanım 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.
Tədbirdə Z.Əliyevanın toxuduğu “Dəvə karvanı” xalçasının 2005-ci ildə Ər-Riyadda “İslam ölkələrində turizm və ənənəvi əl sənətkarlığı” adlı birinci beynəlxalq konfrans çərçivəsində keçirilən sərgidə birinci yeri tutduğu vurğulanıb. Zəhra Əliyevanın toxuduğu xalçaların yerli muzeylərimizlə yanaşı, xarici kolleksiyalarda qorunduğu bildirilib.