Sentyabrın 10-da Azərbaycan Milli Xalça Muzeyində Qarabağın “Çələbi” xalçasının qədim ənənələrə uyğun şəkildə hanadan kəsimi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin şöbə müdiri Əfşan Rzayeva çıxış edərək muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan bu xalça ilə bağlı məlumat verib. Bildirib ki, toxunan bu xalça 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgidə nümayiş etdirilən unikal xalça ilə eynilik təşkil edir.
Tədbirdə xalçaçı-rəssam Tariyel Bəşirov xalçanın tarixi haqqına məlumat verərək bildirib ki, Qarabağ xalçaçılığında geniş yayılmış “Günəş” və ya “Çələbi” adlı göl elementi hər tərəfə şüalarını yayan günəşin rəmzi olub, həm də ilahi nura işarədir. On iki ləçəkli oxşəkilli göl elementi XIV – XVI əsrlərin peşəkar rəssamlarının yaratdıqları medalyonları təqlid edir və Qarabağ növlü xalçaların digər qrupları arasında da istifadə olunurdu. Əsasən “Əjdahalı” xalçaların bədii quruluşunda xüsusi yer tutur.
Onun sözlərinə görə, Qarabağın “Əjdahalı” xalçalarının rəng koloritini bu xalçada da müşahidə etmək olar. Göllərin və naxışların əsasən ağ və qırmızı yerlik üzərində verilməsi onları daha da əlvan və şux edib. Xalça yüksəkkeyfiyyətli toxunuşu, kompozisiya quruluşunun dəqiqliyi və özünəməxsus, mükəmməl rəng tərtibatı ilə seçilir.
“Çələbi” adlı xalça kompozisiyası Qarabağın ətraf kəndlərində, o cümlədən Bərdənin 10 kilometr şərqində yerləşən Çələbi kəndində toxunurdu. Görkəmli xalça tədqiqatçısı Lətif Kərimovun fikrinə əsasən, türk xalqlarında “Çələbi” sözü bəy, əfəndi, həmçinin yüksək mənsəb sahiblərinə verilən fəxri titul idi.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində unudulmuş xalçatoxuma texnikalarını bərpa etmək məqsədilə bütün xovsuz xalça texnologiyalarını, boyanmamış yundan xalçatoxumanı yaşatmaqla yanaşı, xovlu xalçaların məşhur nümunələrinin replikalarının toxunması işi də yüksək səviyyədə həyata keçirilir. Təqdim olunan xalça da bunun bariz nümunəsidir.