- Mədəniyyət

Xalq artisti Qara Tağızadəyə həsr olunan kitab işıq üzü görüb

Azərbaycan radio-televiziyasının unudulmaz diktoru, Xalq artisti Qara Tağızadənin 75 yaşı münasibətilə publisist Lətafət Tağızadənin “Uzaq yaşıl ada” adlı kitabı çap edilib.

AZƏRTAC xəbər verir ki, kitabda sənətçinin həmkarlarının, dost və qohumlarının, ailə üzvlərin, tanınmış ədəbiyyat və incəsənət adamlarının, elm və siyasət xadimlərinin kövrək xatirələri dərc olunub. Nəşrdə, həmçinin yubilyarın öz yaradıcılığından – şeir və hekayələrindən nümunələr də verilib. Ömrünün müxtəlif anlarını əks etdirən fotoşəkillər də işıq üzü görüb. “Uzaq yaşıl ada” kitabının redaktoru və “Ön söz”ün müəllifi publisist Sevda Əlibəylidir.

Sevda Əlibəyli yazır: “Qara Tağızadə də Şuşa, bütövlükdə Qarabağ nisgillərindən idi. Şuşa onun üçün adi şəhər deyildi. Ruhunun şəhəriydi. Bir sevgi məbədi idi… “Mən orda doğulmuşam. Orda addımlarımın ilk yolu olub… Mənsizlikdən indi o torpaq həsrət qoxuyur” və ya “Gözümdəki şəklin getməmiş, ömrüm bitməmiş qayıt”, “Həsrətindən saralmışam, mənim Şuşam” deyəndə 2020-ci ilin 8 noyabrına açılacaq sabaha xeyli vardı.

Bu nisgilə tab gətirməyən ürək 2018-ci ilin 3 martında susub dayandı.

Qara Tağızadə ürəyinin ilk zədəsini Şuşanın işğal xəbərini oxuyan gün almışdı. Fəqət sonralar ürəkağrısı və böyük inamla yazırdı:

Salam, dustaq şəhərim!

Salam, arzularımın şəhəri!

Salam, içimin səksəkəsi,

Gözü yolda, qulağı səsdə,

Qərib, xəstə şəhərim.

Bir gün bayramın gələcək,

Bir gün dəllalların gəbərəcək.

Salam, dustaq şəhərim,

O gün mütləq gələcək.

Bu şeiri yazanda 1999-cu ilin 8 may idi. 2020-ci ilin 8 noyabrına hələ xeyli vardı. Amma min faiz əmin idi: “O gün mütləq gələcək!” Və gəldi! Qarabağ adlı qələbənin müəllifi, memarı və fatehi Ali Baş Komandan İlham Əliyevin “Sən azadsan, Şuşa!”, “Biz sənə qayıtmışıq” sözləri bütün azərbaycanlıların ürəyini riqqətə gətirdiyi kimi nigaran ruhlar da dinclik, rahatlıq tapdılar.