- Mədəniyyət

Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 103-cü ildönümü tamam olur

Kino sənətində ilk yaradıcılıq işindən uğur qazanmaq hər rejissora nəsib olmur. Lakin onun ilk ekran əsəri “Görüş”, həm də tamaşaçı auditoriyası ilə uğurlu bir görüş oldu və gənc rejissoru həmin vaxtdan bu sənətə bağladı. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən filmi kino tariximizdə iki ölkənin aktyorlarının ilk müştərək ekran işi kimi olduqca qiymətlidir.

Filmin quruluşunu isə gənc azərbaycanlı rejissor Tofiq Tağızadə verib. Onun debütü çox uğurlu alınıb və gənc rejissor bu ilk işindən nəyə qadir olduğunu göstərə bilib.

Şübhəsiz, “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim” filmlərinə baxmayan insan az tapılar. Bu filmlərin hər birinin öz süjeti vardır. Rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinomuza yeni üslub və nəfəs gətirib.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan, adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz bir çox filmlərdən maraqlı epizodlar canlanan rejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasından 103 il ötür.

O, 1919-cu ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tarixinin yeni səhifələrini yazıb.

Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi filmlərdə özünü professional rejissor kimi təsdiq etməyi bacarıb. Onun ekran əsərləri Azərbaycan kinosunun ən nadir nümunələridir. Bu filmlərin əksəriyyətinin tarixi yarım əsrdən artıq bir dövrü əhatə etsə də, mövzu və ideya baxımından bu gün da aktuallığını qoruyub saxlayır.

Görkəmli rejissorun “Görüş”dən sonra ərsəyə gətirdiyi “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü” və digər kinofilmləri onun yaradıcılığında əsas yeri tutur. Bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti çox böyük sənətkarlıqla öz əksini tapıb. Onun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış filmləri bu gün də əsl məktəbdir. Bu ekran əsərlərindən çox şey öyrənmək, əxz etmək mümkündür.

Tofiq Tağızadə hər birimizin yaddaşımızda zamanın problemlərini ekrana gətirən və insanları bu aktual məsələlər ətrafında düşünməyə sövq edən görkəmli rejissor kimi qalıb. Rejissorun daxili dünyası onun filmlərində əksini tapır. Hər bir filmində onun böyük bir insan və şəxsiyyət kimi dəyərləri görünür. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili “mən”ini özü ilə üzbəüz qoyur.

Rejissorun İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi bütün zamanlarda Azərbaycan tamaşaçılarının sevə-sevə baxdıqları ekran əsəridir. Rejissorun yaratdığı Mixaylo obrazı bu gün də tamaşaçılar tərəfindən sevilir. Bu ekran əsəri 1959-cu ildə Kiyevdə Ümumittifaq Kinofestivalında diploma layiq görülüb, dahi bəstəkar Qara Qarayevə isə filmin musiqisinə görə kinofestivalın ikinci mükafatı verilib.

Tofiq Tağızadə kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol alıb, həmçinin uzun illər respublikamızda kino işinin təşkilində və milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib.

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoydu. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edilib.