- Manşet, Mədəniyyət

Xalq artisti Yaşar Nurinin 70 illiyi ilə bağlı virtual sərgi təşkil edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Xalq artisti Yaşar Nurinin anadan olmasının 70 illiyi ilə bağlı virtual sərgi təşkil edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Xalq artisti Yaşar Nurinin həyat və yaradıcılığı haqqında videomateriallar toplanıb.

Bildirilir ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə, bəstəkar Ağası Məşədibəyov) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olub. Bundan başqa o, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə çıxış edib.

İnstitutda oxuduğu illərdə “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız Müqəssirlər”də Neznamov və s. obrazlarını yaradıb.

Yaşar Nurinin ömür payına cəmi 61 il yaşamaq düşüb. İllər keçəcək, özünəməxsus ustalıqla, şirinlikə yaratdığı obrazlarla bu böyük sənətkar həmişə yad ediləcək və hər zaman onun əziz xatirəsi unudulmayacaq, xalqımızın, onu sevənlərin ürəyində yaşayacaqdır.

Virtual sərgi ilə kitabxananın instaqram səhifəsindən tanış olmaq olar.