Mayın 1-də Yazıçılar Birliyində Azərbaycanın Xalq şairi Fikrət Qocanın həyat və yaradıcılığına həsr olunmuş poeziya seminarı keçirildi. Məni dəvət etdikləri üçün mərhum şairimizin bacıları Gülbəniz xanım və Güldəniz xanıma minnətdarlığımı bildirirəm. Çox fərqli, səmimi və gənclərin maraqlı üslubda təşkil etdiyi tədbirdən böyük zövq aldım.
“Azərbaycanın müasir şairləri” ədəbi layihəsi çərçivəsində təşkil olunmuş seminarda ailənin ən yaxın üzvü (dəyərli Gülbəniz xanımın nəvəsi) – bir çox beynəlxalq poeziya və ədəbi müsabiqələrin laureatı, Rusiyanın Rus Xalq Poeziyası Akademiyasının akademiki Zaur Cəfərov, Azərbaycan və Rusiya Yazıçılar birliklərinin fəxri üzvü, Dünya Yazıçılar Təşkilatının əlaqələndirmə şurasının rəhbəri Eldar Əhədov, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Respublika Qadın Cəmiyyəti və Dünya Türk Qadınları Cəmiyyətinin üzvü Güləmail Muradlının maraqlı çıxışları oldu.
Fikrət Qocanın rus dilinə tərcümə olunmuş şeirləri səsləndirildi, Zaur bəy gözəl uşaqlıq xatirələrini bölüşdü. Həqiqətən, dinləyənlərin ürəklərini riqqətə gətirəcək məqamların iştirakçılarla səmimi şəkildə bölüşülməsi çox gözəl idi.
Tədbirin ən həyəcanlı anı isə mərhum Fikrət müəllimin öz səsi ilə dörd şeirinin səsləndirilməsi oldu – 1986-cı ilə qədər lentə yazılmış öz səsi, məşum xəstəliyə tutulmazdan əvvəl, səsini itirməzdən əvvəl yazılmış səsi… Şəxsən mənim üçün bu səsi eşitmək yeni oldu… Onun əsl səsini – gur, ötkəm səsini ilk dəfə idi ki, eşidirdim. O illərdə uşaq idim; yadımda qalan, xatırladığım isə böyüdüyüm vaxtlarda eşitdiyim – əməliyyatdan illər sonra bərpa olunan səsi olub.
Tədbirin sonunda şairin böyük bacısı – “Azərbaycan Milli Ensiklopediyası”nın redaksiya müdiri, “Vətənə xidmətə görə” ordeninə layiq görülmüş Gülbəniz Qocayeva və kiçik bacısı – AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayeva da öz təəssüratlarını bölüşdülər.
Aygün ƏZİZ