“Çox gülməlidir”, “yıxıldım”, “səsli güldüm” kimi mesajları daha sürətli və daha asan yazmaq zərurəti anlaşılandır. Hamı bilir ki, insanların çoxu mesajlarda mətn yazmaqla vaxt itirmək istəmir. Bu səbəbdən onomatopoeia – səs təqlidi işarələri bütün dünyada populyarlaşıb. Məsələn, vızıltı, inəyin böyürməsi, ördəklərin çıxardığı səs müxtəlif işarələrlə verilir.
Maraqlıdır ki, canlı güldükdə müxtəlif xalqların gülüşü az-çox eyni cür səslənə bilər, amma yazıda fərqli ölkələrdə insanlar gülüşü fərqli şəkildə ifadə edirlər.
1.Xaxaxa və olololo
Yunanıstanda və ya Rusiyada ürəkdən gülmək lazımdırsa, xaxaxa yazın. Yeri gəlmişkən, eyni şey kiril əlifbasından istifadə edən daha bir neçə dil üçün də keçərlidir. Ancaq rus dilində orijinal olmaq istəyirsinizsə, olololo yazın.
2.Ha ha
Oksford lüğətinə görə, ingilis dilində gülüşü ha ha və ya ha ha ha şəklində yazmaq düzgündür! Ancaq mətn mesajlarında, bir qayda olaraq, sürətə, sadəliyə nail olmaq istəyirik, buna görə, çox güman ki, bitişik yazacağıq (və ya bizə bitişik yazacaqlar) – haha.
Mesajınıza yumorla yanaşı, bir az da kobudluq əlavə etmək istəyirsinizsə, hehe yaza bilərsiniz, amma həmsöhbətiniz bunu bəyənməyə bilər.
3.Kkkkk
Şənləndiyinizi göstərmək istəyirsinizsə, portuqal və ya Koreya dilində kkkkkk yazmaqdan çəkinməyin. Portuqal əsilli insanlar, xüsusən də braziliyalılar, gülüşlərini k hərfi ilə yazılı şəkildə çatdırırlar. Əgər çox gülməlidirsə, kkkkk yazın. Bəzən portuqaliyalılar rsrsr yazırlar (“risos” (gülüş) sözünün qısaltması).
4.Kiekie
Konqo Demokratik Respublikası və qonşu ölkələrdə səkkiz milyondan çox insanın danışdığı Linqalada (Bantu qrupunun dili) gülüş üçün kiekie, çox gülməlidirsə, kiekiekie yazırlar.
5. Jajaja
İspan dilində Ja, ja, ja vergüllə yazılmalıdır, amma yazışmalarda qaydalar pozulur və jajaja-dan istifadə olunur.
Je daha təmkinli versiyadır, jejeje yaramaz bir gülüşdür, jijiji vəziyyətin qeyri-müəyyənliyini çatdırır, amma jojojo “mən gülməkdən yıxıldım” deməkdir.
6.mdr
Fransızlar hahaha-nı çox vaxt mdr hərf birləşməsi ilə əvəz edirlər. Mort de rire (gülməkdən ölürəm) qısadır və telefonla yığmaq daha sürətlidir.
7. lwkmd
Nigeriyada insanlar Lwkmd yazmağa üstünlük verirlər. Bu, ingiliscə “laugh wan kill me die”nin (gülməkdən ölürəm, çünki çox gülməlidir) qısaltma şəklidir.
8.5555555
Tailanddan mətndə 5-lər olan SMS alsanız, bilin ki, həmsöhbətin əla əhval-ruhiyyəsi var. Tai dilində “beş” ha kimi səslənir, buna görə 5-dən istifadə edirlər. Ancaq Çində olsanız, diqqətli olun! Çin dilində “beş” wu kimi tələffüz olunur və bu, ağlama səsinə çox yaxındır.
9. Ərəb əlifbası latın əlifbasından sonra ən çox istifadə edilən ikinci əlifbadır.
Ərəb əlifbasının xüsusiyyətlərindən biri qısa saitlərin, bir qayda olaraq, yazılmamasıdır. Ona görə ərəblər yalnız ههههه yazırlar.
10.Www
Yapon dilində gülüşə waray deyilir (heroqlif 笑 い).
Sürətli mesajlarda www, çox gülməlidir mənasında isə wwwww yazırlar.
11. Ha3
Malayziyada gülməlidir mənasında ha, gülməkdən öldüm mənasında kimyafason Ha3 (yəni ha x 3) yaza bilərsiniz.
P.S. Yəqin ki, indi yaşasaydılar, İzoldaya Tristanı üzməmək üçün haha, Altisidora Don Kixotu dolamaq üçün jojojo, Leyli Məcnuna ههههه, Kvazimodo Esmiraldaya mdr yazardı…
Yazı İnternet materialları əsasında hazırlanıb
Hazırladı: Fizzə HEYDƏROVA