Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Urgənc Dövlət Musiqili Dram Teatrında Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Teatrın aktyorları qonaqları foyedə qarşılayıb və tarixi əsərlərdən səhnələr təqdim ediblər.
Vilayət hakiminin müavini Batır Saidov qonaqları və salona toplaşanları salamlayıb, Azərbaycanla Xarəzm vilayəti arasında mədəni-humanitar sahədə əlaqələrin inkişafından danışıb. O deyib ki, Özbəkistanda ta qədimdən böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və digər klassikləri çox seviblər. Bu şairlərdən ilhamlanan Xarəzm ədibləri əsərlər yaradıb, poeziya gecələri təşkil ediblər.
B.Saidov əmin olduğunu bildirib ki, Xarəzm vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək, müntəzəm olaraq Azərbaycana və Xarəzmə səfərlər təşkil olunacaq.
Qənirə Paşayeva bildirib ki, biz əlamətdar bir ildə görüşürük. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvinin 880 illiyi ilə bağlı 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib. Özbəkistanda isə bu il böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi qeyd olunur. Şərqin hər iki dahi şairi ilə bağlı Türk dünyasında və bir sıra digər dövlətlərdə tədbirlər keçirilir, onların əsərləri təkrar-təkrar dərc olunur.
Q.Paşayeva deyib: “Böyük şairlər və filosoflar-Heydər Xarəzmi, Məhəmməd Rizo Aqahi, Abu Reyhan Biruni, Pəhləvan Mahmud, Nəcmiddin Kubro kimi şəxsiyyətlər yetişdirmiş Xarəzm torpağına Azərbaycandan salam gətirmişəm.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindən ilhamlanan özbək şairləri zaman-zaman müxtəlif əsərlər yaradıblar. Tanınmış özbək şairi Əlişir Nəvai Nizaminin “Xəmsə”sindən təsirlənərək türk dilində “Xəmsə” yazıb. 14-cü əsrdə yaşamış Heydər Xarəzmi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərini oxuduqdan sonra poemanı “Maxzan ul-Asror” adı ilə tərcümə edib. Qütb Xarəzmi isə “Xosrov və Şirin” poemasını xarəzm türkcəsinə çevib. Hər iki əsərin özü köçürülərək yayılıb. XIX əsrdə Aqahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını tərcümə edib. Lütfi, Əl-Xarəzmi, Durbek, Qodoyi, Atoyi və digər ədiblərin əsərlərində də Nizami Gəncəvinin təsiri duyulmaqdadır”.
AMM-nin direktoru Samir Abbasov Mədəniyyət Mərkəzinin layihəsi ilə reallaşan Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin ortaq dəyərlərimizin tanıdılması istiqamətindəki əhəmiyyətindən danışıb.
O bildirib ki, yazıçı və şairlərimizlə bərabər dövlət başçılarımızı da dostluq və qardaşlıq münasibətləri birləşdirib. Belə ki, ulu öndər Heydər Əliyevlə Özbəkistanın sabiq rəhbərləri Şərəf Rəşidov və İslam Kərimovun, Azərbaycanın və Özbəkistanın hazırkı dövlət başçıları İlham Əliyevlə Şavkat Mirziyoyevin dostluğu bir örnəkdir. O deyib ki, Xivə şəhəri ilə işğaldan azad olunan Şuşa arasında “qardaşlaşmış şəhərlər” münasibətlərinin qurulması istiqamətində iş aparılır.
Sonra Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğam və xalq mahnılarımızı, saz ustası İlham Abdullayev qədim el havalarını, AMM-nin nəzdindəki “Azərbaycan qızları” ansamblının üzvləri rəqslərimizi ifa ediblər.
Tədbirdə vilayətin rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.