Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində elan olunan “Xatirələrdə qalan oyuncaqlar” adlı uşaq yaradıcılıq müsabiqəsinə qeydiyyat davam edir.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, müsabiqəyə qatılmaq istəyənlər uşaq vaxtı ən çox sevdiyi və arzuladığı oyuncağın rəsmini çəkmək və ya istədikləri materialın (metal, gil, ağac, kağız, plastilin, parça) maketini hazırlamalıdırlar. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə qatılmaq istəyənlər Bakı Xətai Sənət Mərkəzinin feysbuk qrupuna daxil olub, https://www.facebook.com/groups/144172178999749/?ref=share) təqdim edəcəkləri əsərin fotosu ilə bərabər, ad, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirməklə fevral ayının 10-dək müraciət edə bilərlər.
Müsabiqəyə yalnız bir əsər təqdim oluna bilər. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla, düzgün kompozisiya əsas götürüləcək. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxilə olmayan işlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Müsabiqə seçimlərindən narazı qalan şəxs (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə canlı rəsm çəkməklə özünü təsdiq edə bilər. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikat, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Müsabiqə iştirakçıların uşaqlıq duyğuları və xatirələrini yaşatmaq məqsədilə həyata keçirilir.
Qeyd: Əgər uşaq vaxtı hazırladığınız oyuncağı saxlamısınızsa, onun özünü də müsabiqəyə təqdim edə bilərsiniz.