- Ədəbiyyat

“Xavərnamə” dastanı ilə bağlı bəzi qeydlər

Vasif SADIQLI

XIII-XIV əsrlərdə yazıya alındığı təxmin edilən “Xavərnamə” dini-tarixi qəhrəmanlıq dastanının Bakı əlyazma nüsxəsi 2017-ci ildə ilk dəfə transfonoliterasiya edilərək “Elm və təhsil” mətbəəsində çap edilib. Kitabı tərtib edən, nəşrə hazırlayan, transfonoliterasiya, lüğət və müqəddimənin müəllifi filologiya üzrə fəlsəfə doktoru Aybəniz Rəhimovadır. 

Dastanda müsəlmanların ayrı-ayrı ərazilərə hücumu, qeyri-müsəlmanlarla döyüşlərdə göstərdiyi şücaət təsvir edilir. Hadisələrin cərəyan etdiyi coğrafiya ilə bağlı Xavərzəmin torpaqları xüsusi qeyd edilməlidir. Bununla bağlı kitaba ön sözdə yazılır: “Dastanın ikinci adı “Hekayəti-Əxzərzəmin”dir. Bu ad farsca “yaşıl ərazi”, “yaşıllıq olan yer” mənalarını verir. Xavərzəmin torpaqları İranın sərhədlərindən başlayır və Türküstana qədər uzanan ərazini əhatə edir”. Döyüşlər bəzən Beytül-müqəddəsə (Qüdsə), zəncilərin yaşadığı ərazilərə kimi uzanır.

Məlum olduğu kimi, islam dininin yarandığı dövrdə Ərəbistan yarımadasında mühüm dini-siyasi dəyişikliklər müşahidə edilirdi. “Ərəblər artıq bütlərə inanmır, xristian və yəhudi icmaları bir-birinə düşmən kəsilmişdi. Yeni ideologiyaya ehtiyac yaranmışdı və bu, islam oldu (prof. Aida Qasımova ”Ərəb ədəbiyyatı, V-XIII əsrlər”). Məkkənin fəthindən sonra islam daha geniş coğrafiyaya yayılmağa başlayır və bəzən islam ordusunun yürüşləri obyektiv zərurətlə əsaslandırılırdı. Məsələn, Əndəlusun fəthi 694-cü verilən bir dekretlə bağlı olub. Həmin dekretə əsasən, xaç suyuna salınmamış hər bir şəxs kölə hesab olunurdu. Bu, əslində qeyri-xristianların, o cümlədən yəhudilərin qanundan kənar edilməsi demək idi. Artıq onların öldürülməsi hüquqi məsuliyyət doğurmurdu. Tarixçilər İspaniyanın fəthində bu dekretdən sonra həyatı və əmlakı təhlükə qarşısında qalan yəhudilərin xüsusi rolunu qeyd edir. Deyilənə görə, dekretdən sonra qızı təcavüzə məruz qalan Yulian adlı zadəgan Afrikaya gedib müsəlmanlardan kömək istəyir. Əvvəl ölkəyə casuslar göndərilir, sonra ərəb hərbi hissələri Tariq bin Ziyadın başçılığı ilə İspaniyaya daxil olur. Yerli əhalinin Vestqot ağalığından narazılığı öz işini görür. Roderiko ilə döyüş zamanı narazılar qoşunu tərk edib ölkəni müsəlmanların ixtiyarına buraxır (prof. Aida Qasımova ”Ərəb ədəbiyyatı, V-XIII əsrlər”).

“Xavərnamə”də təsvir olunan döyüşlərin səbəbi də istilaçılıq niyyəti yox, “kafirlərin” müharibəyə təhrik edən hərəkətləridir. Dastanın əvvəlində deyilir ki, bir neçə gün Səd Vəqqası səhabələr arasında görməyən Məhəmməd Peyğəmbər narahatlığını bildirir. Səhabələr Səd Vəqqasın qızı Dilfiruz ilə Qum qəbiləsinə getdiyini söyləyirlər. Səfər zamanı Səd Vəqqasla qızı quldur-həramilər tərəfindən tutulur. Daha sonra Hz. Əlinin oğlu Əbül-Möhsün şikara çıxdığı zaman azır və təsadüfən Dilfiruzun tutulub saxlandığı yerə gəlib çıxır. Bundan başqa, Xavərzəmin padşahı Xavəranın Yəmən sultanına göndərdiyi elçisi qayıdıb gələrkən Mədinə səhrasında Hz. Əlinin xidmətçisi Qənbəri və  Əlinin Üqab adlı atını tutub aparır. Bir sözlə, döyüş şeypurları çalınması üçün yetərincə səbəb vardı…
Dastanın əsas müsbət qəhrəmanları Əli ibn Əbutalıb, Səd Vəqqas, Malik Əjdər, Əbül Möhsün, Xoca Ömərdir. Onlar əsirləri xilas etmək üçün sona qədər mübarizə aparır, dəfələrlə ölüm təhlükəsi ilə üzləşsələr də, niyyətlərindən dönmürlər. Dastanda müsəlmanların düşmənlərlə uzun sürən ağır döyüşlərdən sonra onlardan islamı qəbul etməsini tələb etdiyini görürük. Bir qayda olaraq, “Kitabi-Dədə Qorqud”dakı kimi qalib gələn qəhrəmanlar qarşı tərəfin məbədini, bir çox hallarda isə kilsəsini yıxıb yerində məscid inşa edirlər. Belə məlum olur ki, bu, müsəlmanların düşmən tərəfin fərqli inanc sahibi olmasına dözümsüzlüyünün deyil, onların mənfi etik-əxlaqi keyfiyyətlərinin bu inanclarının nəticəsi kimi qəbul edilməsinin nəticəsdir. Ona görə qızğın döyüş və müharibələrin sonunda əsas məqsədə (əsirin azad edilməsi və s) nail olunduqdan sonra düşmənin qarşısına islamı qəbul etmək tələbi qoyulur. Qəbul edənlər əfv edilir, etməyənlər öldürülür.
Bəzən qarşı tərəf də müsəlmanları öz dininə gətirmək üçün işgəncə verir, zindana salır: “Həzrəti-Şahi-Mərdan ayıtdı: “Eybi nədür ol oğ­­la­nın?”. Xavəran ayıtdı: “Eybi budur kim, “Tanrı birdür və Mə­­həm­məd anın Rəsuludur” der. Neçə kərə Lati-izziyi önünə gə­türdüm, hiç iqrar gətürmədi. Latımıza sınub səcdə ey­lə­­mə­di. Neçə kərə dögdüm, zindanə qodum və bir həftə ətmək ver­mə­düm, cəfa eylədim, çarə olub sözün tərk eyləmədi. Həz­rə­ti-Əli dəxi bildi kim, Qənbərdir” (səh.107).
“Xavərnamə”dəki düşmənləri inancları baxımından dörd əsas qrupa bölmək olar: Lat-izzilər, mərdümxar (adamyeyən) zəngilər, əhriməni divlər və xristianlar.

Bunların arasında Lati-izzilər (Lat və Üzzaya sitayiş edənlər) və divlər ən mühüm yeri tutur. Bu düşmənlər yetirincə güclüdür. Onlar bəzən döyüşə on minlərlə, yüz minlərlə, hətta “bin kərə bin” (milyon) nəfərlik qoşun çıxara bilirlər. “Pəs, vəzirlər ayıtdilər: “Pəhlivanlar, gerçəksiz, əmma Şahənşahın dəxi bin kərə bin əri varidi və yeddi bin həman cahan bəhlivanı varidi. Əli ilə yenə başa çıqmədi. Axər Əlinin qorqusindən vilayətin tərk idüb başın alub vilayət-vilayət qaçdı getdi” (səh. 308).

Lati-izzilər kimdir?

Mənbələrə görə, Üzza tanrıçası kultu hələ eramızdan əvvəl I minillikdə Sinada, Nabateyada (ərəbcə “məmləkət əl-anbat”) yayılıb, eramızdan əvvəl III əsrdən eramızın 106-cı ilinə qədər müasir İordaniya, İsrail, Suriya və Səudiyya Ərəbistanı ərazilərini əhatə edib. Bu çarlığın paytaxtı Vadi-Musada (İordaniya) yerləşən əl-Batra şəhəri olub.

Üzzanın adı Əl-Lat və Manat tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci ayələrində çəkilir. Mənbələrə görə, ərəblər bu bütlərə “Bənətilləh il-səlasə”, yəni Allahın üç qızı adını veribmiş. Həmçinin məlumat verilir ki, Suriya səhrası ərəblərində Üzza Allah və Əl-Latın qızı, tanrıça Manatın bacısı, Mərkəzi Ərəbistanda (o cümlədən, Məkkədə) Əl-Lat və Manatla birlikdə Allahın qızlarından ibarət üçlüyə daxil edilib. Mərkəzi Ərəbistanın cənubunda isə hesab edilrdi ki, Üzza Allahın zövcəsi, Əl-Lat və Manatın anasıdır.

Mənbələrin məlumatına görə, islamdan əvvəl qüreyşlilər döyüş zamanı qorunmaq üçün Hubəl və Üzzanın adını çağırırmış. Elə 624-cü ildə Ühüd döyüşündə də müşriklərin “Üzzanın insanları, Hubəlın insanları!” deyə nərə çəkdiyi bildirilir. İslam Ensiklopediyasının məlumatına görə, Ühüd döyüşünə Əbu Süfyanın arvadı Hind də gedibmiş. Həm döyüşə tamaşa etmək, həm də müşrikləri cəsarətləndirmək üçün gedən qadınlar özləri ilə iki büt də aparıbmış. Bunların məhz Hubəl və Üzza bütləri olduğunu düşünmək olar.

İslamdan öncə bu regionda Əbdülüzza adı geniş yayılmışdı. O cümlədən peyğəmbərimizin ən qatı düşmənlərindən olan əbu Utbənin (Əbu Ləhəb) adı da Əbdülüzza, yəni Üzzanın bəndəsi idi. Əbu Ləhəb peyğəmbərimizin əmisi idi. Bu ləqəb ona sifəti qırmızı olduğu üçün verilib. Peyğəmbərimizin əmisi Əbdülüzzanın islama və Məhəmməd peyğəmbərə nifrətində zövcəsi ümm Cəmil binti Hərbin (Əbu Süfyanın bacısı) böyük rolu olduğu deyilir. Əbu Ləhəb Bədr döyüşündə iştirak etməyib. Buna səbəb bacısı Ətiqənin “qara qayğulu vaqiə” görməsi olub. Əbu Ləhəb müsəlmanlara qarşı döyüşlərdə şəxsən iştirak edə bilməyəndə Qüreyş ordusunun təchizatına ciddi dəstək verirdi. Bu dəfə də belə olub. Bədr döyüşündə müsəlmanların qələbəsindən sonra Əbu Ləhəb ağır mənəvi zərbə alıb və bir neçə gün sonra ölüb. Əbu Ləhəb peyğəmbərimizin Quranda adı çəkilən yeganə düşmənidir. Bir sözlə, müsəlmanlar Lat və Üzzanı döyüşlər zamanı qarşı tərəfi motivasiya edən bütlər kimi qəbul etmişdi.
Üzza bütünün Məkkənin fəthindən sonra Məhəmməd peyğəmbərin əmri ilə Xalid ibn Vəlid tərəfindən məhv edildiyi bildirilir. Maraqlıdır ki, dastanda Lat-izzilərə (Lat və Üzzaya tapınanlara) daha çox indiki İran coğrafiyasında rast gəlinir.

Div kultu və divlərin demonlaşdırılması

“Div” sözünün Hind-Avropa mənşəli qədim “deiwos”dan yarandığı ehtimal edilir. Bu sözün göylərə məxsus və ya nurlu mənası verdiyi bildirilir.
Hinduizmdə divlər göylərə məxsus varlıq olub, od, külək və s təbiət qüvvələrini idarə edirlər.
Buddizmə görə, insanlar divləri adi gözlə görə bilməz. Səslərini isə yalnız sehrli qulaqlar eşidə bilər. Onlar illüzor forma ala bilir, bu şəkildə bir-birinə və aşağı dünyaların sakinlərinə görünə bilər. Divlər uzaq məsafələri qət edə, uça bilirlər. Buddizmdəki divlər ölümsüz deyil. Onlar bir neçə min il, hətta milyard il yaşaya bilir. Onlar öləndən sonra başqa dünyada doğulur. Bu, divlər aləmi, insanlar aləmi, hətta cəhənnəm ola bilər. Bir varlığın div olması karma qanunları ilə bağlıdır, yəni əvvəlki həyatındakı əməllərinin nəticəsidir. Divlərin gücləri məhduddur, onlar nadir hallarda insanların işinə qarışır, bu zaman, bir qayda olaraq məsləhət verir, fiziki müdaxilə etmirlər. Aşağı dünyanın divləri cahil, lovğa ola bilir. Bəziləri insan kimi şəhvət, qısqanclıq, qəzəb hissinə malikdir. Dastanda divlərin bu xassələrin bir çoxuna malik olduğunu görürük.
Əvvəllər irandilli xalqlar da divlərə sitayiş edib, sonradan zərdüştiliyin yayılması ilə div kultu sıxışdırılır və divlər demonikləşdirilir.

Qatlara görə, Zərdüşt divləri (Avestada daēva-) «şərin təzahürü” adlandırıb. Hesab edilir ki, divlər şübhə içində olub və şirnikərək şər, zorakılıq və dağıdıcılıq yolu seçib. Qeyd edək ki, zurvanizmdə şərin elə şübhədən yarandığı iddia edilir. Bu inanca görə, Zurvanın inamından Hörmüz, şübhəsindən isə Əhrimən yaranıb.

Əhəməni çarı Kserksə aid qayaüstü yazı Əhəməni hakimiyyətinin divlərə sitayişə qarşı rəsmi mübarizə apardığını göstərir. “Bu ölkələrin arasında elələri vardı ki, əvvəllər divlərə sitayiş edirdilər. Sonra mən Ahuraməzdanın izni köməyi ilə bu məbədi dağıtdım və bəyan etdim: “Divlərə sitayiş etməyin”. Əvvəllər divlərə sitayiş edilən yerlərdə Artra ilə birlikdə Ahuraməzdaya səcdə etdim”.

Divlərin dislokasiyası və xarakterik cəhətləri

Hər
yan divdir. Dastanda cərəyan edən hadisələri izləyəndə məlum olur ki, divlər çox geniş coğrafiyada yayılıb. “Pəs, Həzrəti-Rəsul səllallahu-əleyhi-vəssəlləm Öməri çağırdı və ayıtdı: “Ya Ömər, gərəkdir kim, sən dəxi Xavər iqliminə yetişüb Əxzərzəmin vilayətindən əmim oğlu Əliyə varub, buluşub, bəndən səlam idəsən”. Ömər ayıtdı: “Ya Məhəmməd, ol vilayətlər qəti susiz vilayətlərdir və divləri qətı çoqdır. Dua eylə İslam çərisi anlarə ğalib ola və bən dəxi asanlıqla varam, yetişəm” – dedi” (səh. 205)

“Əbül-Möhsün çapuqlıqla anı çaldı, iki barə eylədi. Andən qızın üstünə gəldi. Gördükim, Sədün qızı Dilfiruzdur. Dərhal bəndin gidərdi. Qız ayağ üzərinə gəlüb Əbül-Möhsünün əlinə ayağinə düşdi. Əbül-Möhsün ayıtdı: “Ey Dilfiruz, bundən necə düşdün?”. Dilfiruz ayıtdı: “Bəhlivan, ol zaman kim, ol beş bölük yolun birisinə dəxi on bin ərlə babam sərdar olub getmiş idi, bən dəxi bilə idim. Necə tağlər, səhralər keçüb getdük. Nagah yolumuz Beytül-müqəddəsə uğradı. Gördük kim, Beytül-müqəddəs kafirləri ilə şəhərün önündə Xalid bin Vəlid və Miqdad ibn Əsvad on bin çəri ilə. Kafir ləşkəri təmam yetmiş bin ər idi. Bir-biri ilə cəng idərlər. Biz dəxi yetişdik, həmlə qıldıq. Küffarı sıdıq və qələyi dəxi fəth eylədik. Pəs anlar yenə Mədinəyə getdilər. Biz yenə yolumuzə getdük. Gidərkən bir gün bir tağ dibinə irişdik. Bir xub məqamdə qonduq. Babam Səd atına binüb şikarə getdi. Bən çadırda yalnuz qaldım. Uyxu qələbə qıldı. Yatmış, uyumuşam. Uyxu arasındə bu məlunlar uyurkən bəni ğafil qapmışlar. Bundə gətürdilər” – dedi. Əbül-Möhsün qızı alub yenə ləşkərə gəldi” (səh. 219 -220).

Bu yandan isə Həzrət Əli və müsəlmanların Turan şahının üzərinə hücuma keçməsi, arada bir dəniz olması onu göstərir ki, söhbət Xəzər dənizi zonasından gedir. Məhz bu ərazidə də onlar divlərlə döyüşməli olurlar. Beləliklə, divlərin yayılma ərazisi Aralıq dənizindən (Qüdsdən) Orta Asiyaya kimi bir ərazini əhatə edir.

Dastanda divlərə daha çox quyu və mağaralarda rast gəlinir. Yuxarıda deyildiyi kimi, Hindistan dinlərində göydə məskun olduğuna inanılan divlər sonralar İran və yaxın coğrafiyalarda şər qüvvə elan edildiyi üçün Xavərzəmin və qonşu ərazilərdə onlar artıq yerin altına, mağaralara endirilib. Bu, onların göylə əlaqəsinin kəsilməsi, demonik varlıq kimi qəbul edilməsi ilə bağlı idi.

“Andən ol quyunun içinə girdi. Şahi-Mərdan gördi ki, quyunun içi ğayət qaranulu. Hələ nə hal isə quyunun dibinə endi. Bir müddət oturub qaranuluq gözlərin ögrətdi. Andən bir miqdar iləri vardı. Nagah bir təxt qululmuş üzərinə çıqa gəldi. Təxt üzərində arslan surət, bir heybətli ifrit oturmuş. Önünə bir div dəxi, gürzin dutar və bu məlunun yeddi başı var: tonuz başinə və yeddi quyruğu var, əjdərha quyruğu kibi. Pəncələri arslan pəncəsinə bənzər. Ayaqları fil ayağinə bənzər bir heybətli məlun kim, hər göz görülmüş degildir” (səh.160-161).      

“Ol şəhərin içi, ol ulu tağ içində mağaralar var idi. Həp divlər olurdı” (səh. 169).

“Həzrəti-Əli ayıtdı: “Qanı Səd, qandadır?”. Övrət ayıtdı: “Xavəranə gidirkən yol üstündə bir quyu vardır. Üstünə var, virsin Səd ol quyunun içindədi. Sən andə varub çoq divləri həlak eyləsən gərəkdi və Sədi görüb, əmma ya Əli, qaçan kim, Kəbəyə varusan, biz möminlər və müsəlmanlaruz Həzrəti-Məhəmməd Mustafayə bənüm səlamımı degürəsən” (səh.160).

“Əbül-Möhsün buni eşidicək həman atından inüb bir yirə bağluyub qodi. Andən qılıcı əlinə alub qələnin içinə girüb, ol inildiüyi avazəsi gəldügi yirə doğruldi. Bir miqdar getdi. Anı gördi. Qələnin bir bucağində bir mağar var və inildü dəxi andən gəlür. Pəs, gəlüb mağarənin içinə girdi gördükim, mağarənin içində bir ev durmuşlar (səh. 218-219).

“Pəs, Həzrəti-Əli dəxi balıqdən enüb ol tağın üzərinə çıqdı, nəzər eylədi, gördi kim, bir yerdə divlər cəm olmuş. Əmma, iki çəriq dəxi ilərü vardı, gördi bir məğarə, ol məğarədə avazlər gəlür” (səh. 248).

Divlər tufan qopara bilir. “Şahi-Mərdan ayıtdı:“Bu nə məqam divlər və cazulər məqamıdır. Bu tufan kim, görürsüz divlər cazulər felidir” (səh. 287).

Divlər havada zülmət yaradır. “Məgər bu zülmat bu zaman divlər, ifritlər nəfəslərini dütüni imiş” (səh. 293).

Divlər cadugərlik edirlər. “Şahi-Mərdan Billuri-əzim tağinə çıqub divlər və pərilər ilə cəng edüb, polad sanduq içində ol cazu divi sanduq ilə dört parə eylədügini … bir-bir olduği üzrə şərhi-bəyan eylədi” (səh. 322-323).

Divlər dənizdə yeriyir. “Məgər, bu məlunları bəhri məlunlar idi. Qara yer üzündə yürür kibi dənizin yüzündə yürürlərdi” (səh. 294). Qeyd edək ki, dastanda Xızır peyğəmbərin, hz.Əlinin atı Düldülün də suyun üzəri ilə yeriməsi təsvir edilir.

Divlərin yeməyi. “Əzincanib bu tərəfdən, Malik Əjdərin ləşkəri gördilər kim, Malik Əjdər neçə gün mağaradan çıqmadı təhqiq divlər yemişdir dedilər” (səh. 157).
“Əmma, Həzrəti-Əli suları döküldügünə ğayət ğəzəbnak olub, Düldüli yenə tağə sürdi. Bir yerə yetişdi kim, bir ulu şəhristan əmma, qələsi yoq. Gecə içində şəhərin içinə girdi. Gördikim, bir kənardə atəş yanar. Dəxi ilərü vardı. Məgər divlər ləşkərdən aldıqları dəvələri boğazlamışlar, dürmə bişirirlər” (səh. 167).

Qeyd edək ki, dastanda təkcə divlər yox, müsəlmanların düşməni olan zəngilər də mərdümxar (adamyeyən) kimi təsvir olunur.

“Əcaz məclis qurdi, içməyə başladı və əmr eylədi ayıtdı: “Tiz tənnuri qızdurun Əbül-Möhsüni bişirməgə”. Əbül-Möhsün könlündən ayıtdı: “Bu məlun mərdümxar imiş. Bəni yeyə kibi” – dedi. Əmma məlun Əbül-Möhsüni dutduğunə məğrur olub, qıvamından şərabı artıcaq içdi, məst olub düşdi, yatdı. Zəngilər daha gördilər badşahları sərxoş olub yatdı. Tənnuri qızdurməqdən fərağat eylədilər, ayıtdilər: “İrtə olicəq bişürəlüm, badşahımız tazə büryan yesün. Şimdi bişürürsək boyat olur” –  dedilər” (səh.222).

Divlərin leksikası. Dastanda bir qayda olaraq divlər acı sözlər işlətmir. Görünür, divlərin, eləcə də digər düşmənlərin Hz. Əliyə və digər müsəlmanlara qarşı kobud və təhqiramiz sözlər işlətməməsi onların kübarlığı ilə yox, dastançıların belə sözlərin islam cəngavərlərinə deyilməsini rəva görməmələri ilə bağlıdır.

Hz.Əli və digər qəhrəmanlar divlərə bir qayda olaraq, “ləin”, “məlun” deyə müraciət edirlər. Divlər isə, bir qayda olaraq insanlara müraciətdə “xaki”, “xakiyi-adəmzad” kimi xitablardan istifadə edirlər.
“Pəs, divlərin arasında bir div çığırub ayıtdı: “Ey, xakiyi-adəmzad yəni, bu qədər ifrit səndən qalurmi? Bin sənin kibi Əli gəlsə cümləsin həlak idəriz” – dedi” (səh. 248-249).

Şahi-Mərdan ol oturan ifritə ayıtdı: “Ey məlun, bu eşşək nədir?” – dedi. Div ayıtdı: “Ya sən, bundə niyə gəldin?. Bin canın olsə biri dəxi qurtuləmaz”. Şahi-Mərdan ayıtdı: “Ey məlun, hərzə söyləmə. Birəz dünyayə baq, təfərrüc eylə. Zira saətın dükənmişdir. Tiz söylə, bu eşşək nədir?”– deyü. Ayıtdı: “Bu eşşək degildir. Bu gördügin ol qübbə içində olan divin vəziridir – dedi. Ol divin adı İfrit divdir və bunə dəxi Maşay div derlər” (səh. 249).

“Gördi kim, bir uzun boylu övrət oturur. Əlinə bir kəsük insan qızınun başını almış, durmaz qanını yur. Malik Əjdər yaqın gəlüb ayıtdı: “Ey ləinə, bu  əlündəki baş nə başdır kim, müqəyyəd olub yursən?”. Övrət dəxi, başın qaldurub gördükim, bu bəni-ədəm, bundə xəbər sorur ayıtdı: “Ey xaki, sormaqdən məqsudun nədir və sənün bundə nə işün var? Bu məqam divlər, ifritlər, ğullar məqamıdır” (səh. 152).

Divlərin insanlara “xaki” deməsini təsadüf saymaq olmaz. Dastanda Süleyman peyğəmbərin dövründən qalma varlıqlar da div adlandırılır. Halbuki Quran açıqlaması və təfsirlərdə onlar cinlər kimi təqdim edilir. Səbə surəsində bir qisim cinlərin Allahın əmri ilə Süleyman peyğəmbərin yanında çalışmalarından danışılır. Bu əmrdən boyun qaçıranların odla cəzalandırıldığı söylənilir və gördükləri konkret işlər də sadalanır: «Nə istəsə, onun üçün eyləyirdi bu cinlər» (Səbə, 13).
Burda xatırlatmaq yerinə düşər ki, İblis Adəmə səcdə etməkdən imtina etdikdə bunu insanın torpaqdan yaradılması ilə izah etmiş, özünün isə oddan yaradıldığı üçün daha üstün olduğunu iddia etmişdi. “Adəmə səcdə eləyin” demişdik mələklərə bir zaman. Hamı səcdə elədi, iblis eləmədi. Cin nəslindəndi o» (Kəhf, 50). Divlər də insanı torpaqdan yaradıldığı üçün daha aşağı kateqoriya varlıq kimi gördüyü üçün “üstünlüyünü” insanın torpaqdan yaradılması ilə əsaslandırmağa çalışır.

Zəruri qeyd. Dastanın müsəlman qəhrəmanları qeyri-müsəlman insanlarla da acı dillə danışırlar: “Hilal bunları gördügi kibi əqli başindən getdi, sərasim oldı. Əbül-Möhsün ayıtdı: “Ey məlun, tiz imanə gəl, müsəlman ol yoxsə başuni it başı kimi kəsərəm” – dedi. Hilal dəxi çar-naçar müsəlman oldı” (səh. 268-269).

“Malik Əjdər ardinə baqdı gördükim, Leys ardındən kəndüni qılıc altinə almış. “Hay nabəkar!”– deyü filhal ardinə döndi, yenə aldırmayib ayıtdı: “Ha, şöylə eyləyə, hey xiyar oğrusi, bən dəxi səni gözədürəm qandəsən? Gəl” – dedi (səh.184).

“Möminün birisi ayıtdı:  “Hey məlun, at oğrusi, var çəri içindən çıq, git, yoxsə, sən bilərsən” – dedi. Bu məlun dəxi gəlüb zəngiyə ayıtdı ki: “Bana hiç xəbər vermədilər, dögdilər, qovdilər və sana dəxi sögdilər” – dedi” (səh.193).

Divlər və qızlar.  Bir sıra nağıllarımızda olduğu kimi, “Xavərnamə”də də divlərin qızları oğurlayıb əsir saxlamasının şahidi oluruq.
“Ol evin qəpusinə gəldi, içərü nəzər eylədi. Gördükim, bir nərə div oturmuş, qarşısındə ayın on dördinə bənzər bir qız iki əlləri bağlı və div dəxi qızın ardində bu iki ifrit məlunlar bu qızı ara yerlərinə almışlar. Hər qaçan bu məlunlar yapışmaq diləsələr qız fəryad idər, çığurur. Pəs, divin birisi əlin uzatdı qıza yapışmaq istədi, qızi-nazənin çığırdı, fəryad eylədi” (səh. 219).

Divlərin ömrü. Dastanda hind inanclarında olduğu kimi, divlərin minlərlə il yaşadığı bildirilir. Yəni divlərin göydə məskun olan işıqlı varlıqlardan demonik varlığa çevrilməsi onların ömürlərində ixtisarla nəticələnməyib. Dastanda min illərlə yaşayan “ləin” və “ləinə”divlərdən söhbət açılır. “Malik Əjdər: “Çoq sözi qo, sənün əslün və nəslün kimdür və bundə neylürsən? Övrət ayıtdı: “Əslüm Əhriməndir və nəslim divdir”, – dedi, – ol zəman ki, Süleyman peyğəmbər bu arayə çıqa gəldi, andən bəri üç bin yıldır ki,  bən bundə dururum” (səh. 152).

Müsəlman divlər. Məlum olduğu  kimi, Quranın Səbə surəsində bəzi cinlərin Allahın əmri ilə Süleyman peyğəmbərin yanında çalışmalarından danışılır. Bu əmrdən boyun qaçıranların odla cəzalandırıldığı söylənilir və gördükləri konkret işlər də sadalanır: «Nə istəsə, onun üçün eyləyirdi bu cinlər. Məbədlər ucaldar, heykəllər düzəldər, böyük hovuzlara bənzəyən qablar, ağır qazanlar və tiyanlar qayırardılar» (Səbə, 13). Dastanda həmin cinlər div adlandırılır və cəzalanaraq zəncirlənmiş divlərlə yanaşı, islamı qəbul etmiş divlərdən də söz açılır:

“Övrət ayıtdı: Məqarada bir ulu div vardır. Adinə Şubağ div deyürlər. Həzrəti Süleymanə asi olmuşdur. Ol zaman Süleyman ani tutub bundə həps eyləmişdir və andən ğeyri bundə bin nəfər div dəxi vardır”. Malik Əjdər ayıtdı: “Nə dindəsən?”. Övrət ayıtdı: “Dinim islam dinidir” (səh. 152-153).
Həzrəti-Əli divin yaninə gəlüb ayıtdı: “Nə dindəsən?” – dedi. Maşay div ayıtdı: “Tanrı birdir. Süleyman Əleyhissəlam Həqq Rəsuldur” – dedi. Həzrəti-Əli ayıtdı: “Süleyman dövri keçmişdir, şimdi din Məhəmmədindir. Ayıt ki, “lailahə illəllah, Məhəmmədən-Rəsulullah”, səni xilas idəyin” – dedi. Pəs, Maşay div müxalifət eyləməyüb parmaq qaldırdı, müsəlman oldı. Filhal Şahi-Mərdan divin bəndin aldı xilas eylədi (səh. 250).

Divlərin zahiri forması. “Pəs Malik Əjdər dəxi Allah Taala həzrətlərinə təvəkkül edib ol məğarənin içinə girdi. Bir zaman dəxi gitdi. Amma qatı çoq gitdi. Nagah ol təslim olan div çıqa gəldi. Malik Əjdər anı gördi, qarşısında olan dəniz hərəkətə gəlib allaq-bullaq oldu. Zəmandan sonra Malik Əjdər nə gördi? Bu dəniz içində əcaib şəkillər, dürlü divlər, kimi fil şəklində, kimi tonuz şəklində, kimi sığır şəklində, kimi əjdərha şəklində, kimi dəxi yarısi yılan, yarısi adəm şəklində, kimi yarısi tonuz, yarısi əjdər şəklində. Malik Əjdər divə yaqın gəlüb qüvvətlə bir qılıc urdı. Əsla bir qılın kəsdirmədi” (səh 113).

“Andən Həzrət Əli dəxi zülfüqarı həvalə eylədi. İki parə eyləmək qəsdinə. Əmma məlunun bir qılını kəsdirə bilmədi. Şahimərdan bu sirrə təəccüb eylədi…” (səh. 161-162).

“Bunlar qılıc urduqcə divlər ol fil qulaqların qarşı dutarlardı. Əsla qılıcları kəsəməzdi. Əmma divlər dişləri ilə qanqı möminə həmlə qılsalar, məlunların dişləri şol hindi qılıcı kimi kəsərdi. Çoq mömini həlak eylədilər” (səh. 124).    

“Həzrəti-Şahi-Mərdan iləri varub gördükim, bir div, ifrit şəkilli qulaqları fil qulağinə bənzər və quyruğu əjdərha quyruğunə bənzər bu məlunun yarusiyilan surət, yarusi adəm şəklində bir heybətlü məlun kim, olmaz” (səh. 166-67).

“Böyləcə gəlürkən fil qulaqlu divlərə rast gəldim. Xaylə cəng eylədim. Gücilə qurtuldum” (səh. 189).

“Pəs, Həzrəti-Əli dəxi balıqdən enüb ol tağın üzərinə çıqdı, nəzər eylədi, gördi kim, bir yerdə divlər cəm olmuş. Əmma, iki çəriq dəxi ilərü vardı, gördi bir məğarə, ol məğarədə avazlər gəlür. Həzrəti-Əli dəxi, ilərü vardı gördükim, minarəyə bənzər qəpqərə bir div, başı arslan başinə bənzər və quyruği saqsağan quyruğunə bənzər, surəti urən surətinə, pəncələri dəxi arslan pəncəsinə bənzər, və bir dəxi ana bənzər məlun bu dəxi qəpqərə ziştliqa tonuz şəklində” (səh. 248)

Divlər kimə sitayiş edir. Yuxarıda qeyd edildiyi kimi, zərdüştilik dövründə bu dinin yayıldığı ərazidə artıq divlər demonik varlıq kimi qəbul edilir, onların şər Tanrısı Əhrimənə qulluq etdiyi bildirilirdi: “Ahuraməzdanın izni köməyi ilə bu məbədi dağıtdım və bəyan etdim: “Divlərə sitayiş etməyin”. (Kserksin qayaüstü yazısı). Dastanda müsəlman olmayan divlər “divi-Əhrimən” kimi təqdim edilir:

“Məgər bu şəhər cümlə divi-əhrimənlə dolu imiş” (səh. 169).

“Övrət ayıt­dı: “Əslüm Əhriməndir və nəslim divdir” (səh. 152).

Divlərin döyüş nərəsi. Məlum olduğu kimi, çox gur səs insanın və digər varlıqların eşitmə orqanı və əsəb sistemini sıradan çıxara, şok və ölümlə nəticələnə bilər. “Xavərnamə”də döyüş zamanı pəhləvanların nərə çəkməyi tez-tez rast gəlinən haldır. Xüsusən Hz.Əli bu silahdan daha çox istifadə edir. “Ol pusudə olan yeddi yüz bəhlivan bir yerdən çıqub Həzrəti-Əlinin üzərinə hücum eylədilər. Dört tərəfdən kə­­mənd­lər sal­dı­lar. Həzrəti-Şahi-Mərdan var qüvvəti sərf idüb ey­lə nərə hay­qır­dıkim, filhal üç yüz kafirin ödi yarıldı, can-bərcə­hən­nəm deyü getdilər. Xavəran təxtindən aşağə yüzi üzə­rinə yı­qıldı” (səh. 228). Güclü səsin insanları məhv etməsi ilə bağlı Quran ayəsi də var. «Yaxaladı zalımları o uğultu, yurdlarında meyit düşüb diz çökərək qaldılar. Sanki bu yerlərdə heç yaşamamışdılar da. Axı Səmud qövmü danmışdı öz Rəbbini, axı Səmud qövmü uzaq düşmüşdü Rəbbinin rəhmətindən» (Hud 67-68). Dastanda divlərin nərələrinin dəhşəti ilə bağlı təsvirlər də geniş yer alır. Hətta divlərdən birinin nərəsi Hz.Əlinin belə sarsılmasına səbəb olur:

“Əmma div məlun şöylə çığırdı kim, ol mağarənin hər guşəsi sədalar verdi..” (səh. 113).

“Məgər bir məlun yavuz div var idi. Sədin (Səd Vəqqas – V.S.) gəldigün gördi. Dəxi eylə çıqırdı kim, Sədin əqli başından gidüb, yüzünün üzərinə düşdi. Ol div gəlib Sədi möhkəm bağladı, bəndə çəkdi, andən döndü” (səh.157).

“Mə­lun başın qaldırub Həz­rəti-Əliyi gördi. Əmma məlun gör­dügi kibi, yilkələdi. Tiz tə­­da­rük edüb ayıtdı: “Ey xaki adəmi-zadə sən bundə niyə gəl­dün yoxsə, ömrünə doydunmu olamı?” – dedi. “Əmma, ey adəmi-zad, sən bir ər kişiyə bənzərsin. Söy­lə kimsən və adun nədir və qan­də gidərsən və bundə gəlmədən muradın nədir, nə istərsün?” – dedi. Şahi-Mərdan ayıtdı: “Bə­nim adım Əlidir. Divlər öl­dü­ruci və hurilər həlak idəcəyim”. Çünki div bu xəbəri eşitdi qa­qu­yub yerindən sıçradı. Gürzin əli­nə aldı, bir əcibə heybətlə çı­qırdı kim, Əli kibi sərvəri şaşırıb əqli başindən gidə yazdı. Çünki div bu xəbəri eşitdi, qaquyub yerindən sıçradı. Gürzin əlinə aldı, bir əcibə heybətlə çıqırdı kim, Əli kimi sərvəri şaşırıb əqli başından gidə yazdı. Tez əqlin düşürib yıqdı. Gördi kim, məlun gürzin həvalə eyləmiş təmam xəta məhəllinə gəlmiş…” (səh. 161).

Ümumiyyətlə, kitabın əvvəlində qeyd edildiyi kimi, “Xavərnamə” dastanı mədəniyyət və ədəbiyyatımızı, dastanşünaslığımızı, xüsusən dilimizi öyrənməkdə mühüm əhəmiyyət kəsb edir. Kitabda transfonoliterasiyası verilən B-6117 qrifli əlyazmanın hicri 1173, miladi 1760-cı ildə yazıldığı bildirilir. Amma dastanın dili “Kitabi-Dədə Qorqud”un dilinə çox yaxındır. Buna görə bu əlyazmanın XIII-XIV əsrlərdə yazıya alınan başqa bir əlyazmadan köçürüldüyünü təxmin etmək olar. Ədəbi dil tariximizi öyrənmək baxımından çox əhəmiyyətli olan belə bir kitabın az tirajla çap olunması təəssüf doğurur.