Türk köklü xalqların ədəbiyyatında “Koroğlu”, “Kitabi Dədə Qorqud kimi qəhrəmanlıq dastanları daim diqqət mərkəzində olmuş, araşdırılmışdır. Dini-qəhrəmanlıq dastanları isə məlum hakim dövlətin ideologiyasına zidd olduğuna görə boğulub arxa plana keçmək məcburiyyətində qalmışdır. Əslində zamanında din yolunda mücadilə də qəhrəmanlıq sayılır, bu yolda mübarizə aparanların da əməli qəhrəmanlıq hesab edilirdi. “Xavərnamə” yüksək insanpərvərliyi, gücü və qüdrətilə şöhrət tapmış Hz. Əli ibn Əbu Talibin İslam dini yolunda şücaətlərindən bəhs edən, islam mədəniyyətini özündə əks etdirə bilən, sirf dini-qəhrəmanlıq dastanıdır.. Digər qəhrəmanlıq dastanlarından fərqli olaraq burada hadisələr qoşma ilə müşayət olunmur, abidədə vətənsevərlik, elinə-obasına sədaqət, kökə baqlılıq diqqəti cəlb edir. Dastanda xalq yaradıcılığının bütün sahələrində olduğu kimi mifologiya özünə yer almışdır. Dini-qəhrəmanlıq dastanı kimi seeçilməsinə baxmayaraq dilimizi, mədəniyyətimizi, İslam tarixini öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir.
“Xavərnamə” dastanı Yaxın Şərqdə çox geniş yayılmış, XII – XIV yüzilliklərdə yaziya köçürülməsi təxmin edilən, mükəmməlliyi ilə diqqəti cəlb edən, İslamın yayılmasının ilk çağlarının tarixini əks etdirən şifahi xalq ədəbiyyatı nümunəsidir. Abidənin həm fars, həm də türkcə əlyazmaları mövcuddur. AMEA əlyazmalar institutunun xəzinəsində üç əlyazma, iki əsgi çap nüsxəsi saxlanılır. Türkdilli əlyazmalar şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz xanım Rəhimova mövcud nüsxələr arasından seçilmış müstəqil, xalq təxəyyülünə yaxın türkcə yazılmış dastan abidəsi üzərində elmi-paleoqrafik müqayisələr aparmışdir. Nəticə etibarı ilə elmi mənbələr əsasında dini-qəhrəmanlıq dastanlarıyla tipoloji təhlil və mətnin müasir Azərbaycan dilinə transfoneliterasiyası oxuculara ilk dəfə A. Rəhimova tərəfindən təqdim olunmuşdur.
Abidədə dil vahidləri, leksemlər, sintaktik uyuşmalar öz araşdırıcılarını gözləyir.
Məqalədə həmin transfonoliterasiya mənbə kimi götürülərək abidənin dili müasir dil baxımından samit səslərin işlənməsi istiqamətindən araşdırılmışdır.
Müasir dilimizlə müqayisədə “Xavərnamə” də işlənən sözlərdə cingiltili səslərin öz kar qarşılığı ilə və ya əksinə əvəzlənmiş olduğunu görürük:
Ğ — X əvəzləməsi – loĞma – loXma;
Ğ — X əvəzləməsi – loĞma – loXma;
Divlər duymasun bundə yavuz ifritlər kəhrəbalar vardır. Səni bir loĞma idər.
G – K əvəzləməsi – çəyirtGə – çəyirtKə; eşiG-eşiK; gərəGi – gərəKli
Hər kim, qəpunun eşiGinə (eşik) bassa qapu yuqarudan boşanub eşiGə basan kişiyi həlak idərdi və qapuyə dəmürdən əksərilər mıHlamışlar idi.
B – V əvəzləməsi — karBan – karVan
Məgər kim, Əxzərzəmindən bir ulu karBan görükən.
D — T əvəzləməsi – Dəpə – Təpə; gürulDi – gurulTu
Qalqanı ilə cübbəsilə Dəpəsindən çalub əgər qaşinə varuncə iki barəqıldı, canın cəhənnəmə göndərdi.
T — D əvəzləməsi – Tağ -Dağ; Təban-Daban; Təvar -Davar; Tönüb -Donub; Tolu – Dolu; Toquz – Doqquz;
Ol səhranın bir tərəfində bir ulu Tağ var idi. Tağın üzərində bir möhkəm qələ var idi.
Pəs, Şahi-Turanı üç oğli ilə və qızları ilə və övrətlərin və Toquz vəzirin cümləsin əsir eylədilər.
Bəzən yaxın məxrəcdə səslənən samitlər də öz yerini güzəştə getmiş, nəticədə nümunələrdə cingiltili səslər tələffüz zamanı yaxın məxrəcdə daha yumşaq səslənən samitlərlə əvəz olunmuşdur. Bu, tələffüz zamanı sait səslərdən samit səsə və ya samitdən saitə keçidi asanlaşdırır. Bu hal müasir dilimiz üçün tələffüz uyğunluğu, ahəngdarlıq yaradır.
Q – X əvəzləməsi — baQuşub – baXışıb; çuQa – çuXa; çıQarıb – çıXarıb; çıQub – çıXıb; oQuyub – oXuyub; sərvəQt – sərvaXt; soQdi – soXdu; yəQın – yaXın; yaQasən -yaXasın;
Həmandəm, Həzrəti-Əli bunlar baQuşub dururkən bir kəz cigərindən öylə nərə urdi kim, sarayın içi çini tas kibi gümləməgə başladı.
Şahi-Mərdan “İsmi-əzəm” oQuyub batil eylədi.
Q – K əvəzləməsi – Qəftan -Kaftan
Safi-mücəvhər, mürəssə, qiymətli taşlar ilə müzəyyən Qəftanlar geymiş, adam yüzünə baqmaz və kəndüsi dəxi sərvi-dilavərdirki, əqillər xeyran olur.
Q – H əvəzləməsi – Qandəndir -Haradandır;; Qanı -Hanı;
Yenə xatirinə təsəlli virüb ayıtdı: “Ey yigit, nə kişisən və gəlişün Qandəndır və qanda gidirsən?” – dedi.
“Qanı Səd, Qandadır?”- Övrət ayıtdı.
B – P əvəzləməsi — Barə – Para(yarı mənasında);Busu – Pusqu;
Ol meydanə girdi. Həzrəti-Əli bunu dəxi bir həmlə də ötə keçürmədi. İki Barə eylədi.
Anıgördi iki bin kişi bir yerdən, Busudən çıqub Malik Əjdərün üzərinə həmlə qıldılar.
Ğ — K əvəzləməsi – köĞs – köKs dilarxası
Andən sonra Malik Əjdər dəxi qılıca quşanub və atə səvar olub əl köĞsə qoyub bunları vida eyləyüb, tiz yola rəvanə oldı.
Bəzən isə cingiltili səs tələffüz incəliyi üçün daha uyğun səslənən digər cingiltili ilə əvəzlənir.
Ğ — Y əvəzləməsi – getdiGün – getdiYin; söĞdülər – söYdülər; söĞrünərək -söYlənərək .
Pəs, Düldül Həzrəti-Əlini göricək uğrayub səĞirdi (səyirtdi). Ğ – Q əvəzləməsi – Ğayət -Qayət; Ğayətlə – Qayətlə; Ğəzəb – Qəzəb; Ğeyz -Qeyz; Ğovğa – Qovğa; Ğul – Qul; iraĞdə – iraQda (uzaqda) rızĞınuzi – rizQinizi yaraĞ – yaraQ.
Zira qatı iraĞdəydim.
Əgər ol eybi olmasa, bən anı Ğayət xoş dutardum.
Bu tərəfdə, Şahənşah Ğəzəbindən qudurmuş kəlbə döndi.
G -Y; M – B; F – P əvəzlənməsi də bu qəbildəndir.
G – Y əvəzləməsi – böGrinə – böYrünə; ciGər – ciYər; diGildür – deYildir; döGə-döGə – döYə-döYə; əGləndim-əYləndim (dayandım); ərliGinə-ərliYinə (igidliyinə); ürəGimdən – ürəYimdən; yüGrək – yüYrək, səGirdi-səYirdi; getdiGün – getdiYin
Bir kərə ciGərindən “ya Allah!”, deyü nərə urdi.
Şahənşah dəxi hünərlər, afərinlər eyləyüb canu-dildən Malik Əjdərin ərliGinə və bahadırlığinə və qüvvətinə və zuri-bazusinə aşiq oldı.
F – P əvəzləməsi — Filad – Polad; Pil -Fil. Piruzə – Firuzə;
…bu əzim sarayı dört səfə Süleymanı tərtib eyləmişlər və orta yerində ləlü-yaqut və zəbərcətdən və Piruzədən mürəssə və müzənnə bir təxti-ali bəzənmişkim, hərgiz vəsfə qabil degil..
Bəzən samit özündən əvvəlki saitin dəyişməsindən asılı olaraq öz məqamını dəyişir, uzaq məxrəclı saitlə əvəzlənir. Yəni diş-dodaq samiti dodaqlanan saitin tələbinə görə arxa tələffüzlü samitlə əvəzlənir:
V — Y əvəzləməsi – saVuq – soYuq
Əmma ğayət yüksək olmağın, əcib saVuq yellər əsdi.
Dastanda boğazarxası samıtlərin də bir-birini əvəz etdiyini görürrk. Burada məqam fərqlidir. Müasir dilimizdən fərqli olaraq abidədə sözün tərkibindəki saitlər incədir, müasir dilimizdə qalın saitlə işləndikə tələffüzün tələbi ilə səs dəyişir.
H –X əvəzləməsi — mıHlamışlar – mıXlamışlar boğazarxası
Hər kim, qəpunun eşiginə bassa qapu yuqarudan boşanub eşigə basan kişiyi həlak idərdi və qapuyə dəmürdən əksərilər mıHlamışlar idi.
X –H əvəzləməsi — Xəlqə – Halqa (xalq mənasında deyil); boğazarxası
Pəs, Həzrəti-Əli Şiri-Xuda qələ qəpusinəgəlüb iki əlilə Xəlqələrinə yapışdı.
Dastanda elə sözlər var ki, onlar saitlə başlanır, amma müasir dilimizdə həmin sözlərin ilk səsi samitlə işlənir. Məs.: urdi -vurdu, uruşdilər – vuruşdular, ur -vur, uxu – yuxu,
Ğürab qaqdı, birinin başinə bir yumruq urdi (vurdu) başi və beyni dağıldı.
Nərələr urub ara yerlərinə girdilər
Uyğun olaraq elə sözlər də var ki, abidədə samitlə başlanır, səs düşümünə uğrayaraq müasir dilimizdə ilk samiti düşür və saitlə başlanan formada işlənir. Məs.: yıl -il; yıllıq -illik; yirpənirsən -ürpənirsən; yıraq -iraq; yucasından -ucasından; yücə -uca.
Bir Yiraq (iraq) vilayətə gidəm. Zira, bunun əlindən çigərim qan dolubdur.
Gördilər bir yuca (uca) yerdir ki, qülləsi asimana irmiş
Maraqlı haldır ki, dastanda {e} səsi işlənir, amma ahəng qanununun tələbinə baxmayaraq, həmin səs söz əvvəlində və ya sözün ilk hecasında {İ} səsi ilə ifadə olunur. Məs.: İrkək – Erkək (kişi); İrtəsi -Ertəsi; pİşə – pEşə; tİz -tEz; İdüb – Edib; yİnə – yEnə
Daima ol ətrafları iki bin kəndü kibi kafir ilə düşüb yüz qazini kənduyə pİşə edənmiş idi.
Müvafiq rüzugar olmaq ilə ol gün ol gecə gidüb irtəsi (ertəsi) Kamkarə, qələsinə yetişdilər.
Varun, ol atə əyər urun, qətümə gətürün, təmaşa idəlüm, dedi.
Səslərin əvəzlənməsi hec bir samitin arxaikləşməsi demək deyil, hansısa səsin artıq işlənmədiyinə də dəlalət etmir, əksinə həmin samitlər müasir dilimizdə də fəal səslərdir.
Abidədə ahəng pozuntusu da diqqəti cəlb edir, bu barədə növbəti yazımızda…
Transfoneliterasiyanı oxuduqca aydın olur ki, bütün bu fərqlərə baxmayaraq abidənin dili müasir dilimizlə yüksək dərəcədə uyğundur və hər hansı oxucu onu oxuyub sərbıst anlaya bilər. XVII əsrdə yazıya köçürülmüş, kökü çox-çox əvvəllərə gedib çıxan dastanın üslub, cümlə quruluşu, ehtiva etdiyi insan adları, toponimlər baxımından günümüzlə bu qədər səsləşməsi, uyğunluq təşkil etməsi dilimizin öz kökünə bağlılığını bariz şəkildə təcəssüm etdirir. Abidə xeyli sayda arxaizmləri də qorumaqdadır.
Abidədə elə sözlər var ki, bu gün tam əks mənada işlənir. Məs.: “qatil” sözü bu gün ölümə bais olan mənada işlənir, amma “Qəhrəmannamə”də “igid”, “cəngavər” mənasında. Bu barədə, əlbəttə, bu məqalədə geniş məlumat vermək fikrimiz yoxdur, çünki mövzumuz fərqlidir.
Oxucuları cox qədim və zənqin bir kökə malik dilimizi yad ünsürlərdən qorumağa, yeni sözlərin yaradılmasında ehtiyatlı olmağa, öz düşüncələrini qələmə alarkən dilimizin zəngin söz ehtiyatlarından sevə-sevə istifadə etməyə səsləyərək “HƏLƏLİK” deyirəm.
Sima Cəfərova,
Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin üzvü