“Beynəlxalq hüquq baxımından işğalçı ölkə ilə onun yaratdığı marionet rejimlər arasında hər hansı bir razılaşma hüquqi qüvvəyə malik deyil və etibarsız hesab edilir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər Nazirliyinin sözçüsü Mari Narçemaşvili deyib.
Onun sözlərinə görə, Rusiya beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq, 2000-ci illərin əvvəllərindən başlayaraq Gürcüstanın işğal altında olan regionlarında yaşayan əhalinin məcburi pasportlaşdırılmasını Gürcüstana qarşı qeyri-legitim və hibrid alət kimi istifadə edir: “Beynəlxalq ictimaiyyət Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və Rusiyanın işğal olunmuş ərazilərində pasportlaşdırılmanı və ilhaq istiqamətində atdığı addımları yekdilliklə qınayır”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün qondarma “Cənubi Osetiya Respublikası” və Rusiya arasında ikili vətəndaşlıq haqqında sazişin ratifikasiyası ilə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edib. 2021-ci ilin sentyabrın 20-də imzalanmış sənədə əsasən, bir ölkənin vətəndaşları digər ölkənin vətəndaşlığını malik olduğu vətəndaşlıqdan imtina etməməklə əldə etmək hüququna malikdir.