Vasif SADIQLI
Qəribə adamlar var. Yeyrirlər, içirlər, yatırlar, içirlər, yeyirlər, yatırlar, dururlar, içirlər, yatırlar, ..
Dünya veclərinə deyil. Normal adamları təəccübləndirən heç nə onları təəccübləndirməz, normal adamı təəssüfləndirən heç nə onları təəssüfləndirməz, normal adamı üzən heç nə onları üzməz.
Hədəfləri liməlim dolmuş mədə, cib, bank hesabı… Onların uşağı ən yaxşıdı. Onların ata-anası, balası, nəvəsi ən yaxşıdı… Onların qohumları ən yaxşıdı, onların simsarları ən yaxşıdı, onların qudaları ən yaxşıdı, onların yeznələri ən yaxşıdır. Onları katibəsi ən yaxşıdır, onların məşuqəsi ən yaxşıdır, onların məşuqu ən yaxşıdır. Onlar güllərin ən ətirlisini qoxulayır, meyvələrin ən dadlısını yeyir, vücudları ən qəşəng paltarlara bürünür, onlar nə vaxt hansı budaqda oturub hansı nəğməni oxumağın daha “doğru” olduğunu havanı iyləməklə bilirlər…
Onların nəsli ən yaxşıdı… Onların rayonu ən yaxşıdır, onların regionu ən yaxşıdır.
Onların avtomobili hamınınkından sürətli və baha, ata-analarının qəbir daşları hamınınkından yaxşı olmalıdır. Dünyada yaxşı nə varsa, onlar üçün yaradılıb. Dünyada qalan hamı onlara baxıb köks ötürmək üçün yaradılıb.
Onlar hər bir günü başa çatdıranda zifaf gecəsini arxada qoymuş kimi məmnunluq yaşayır, biz hər bir günü başa çatdıranda əfi bir ilanıın başını əzmiş kimi məmnunluq yaşayırıq…
Napoleon hər kim olsa da, yaxşı cəhətləri vardı. O deyirdi, “Bir var Fransa, bir də var dünyanın yerdə qalan hissəsi. Dünyanın yerdə qalan hissəsinin maraqları Fransanın maraqlarına nəinki tabe edilməli, hətta qurban verilməlidir….”. Amma Napoleon “Bir var Fransa, bir də Korsika – hər şey Korsikanın maraqlarına
qurban verilmədlir” də deyə bilərdi… Amma demədi. Çünki bunu edəcək qədər şoğərib deyildi. Bunlar isə bunu edəcək qədər şoğərib və rəzildirlər.
Şəhid ailələri və qazilərin adına pul yığıb yeyəcək qədər şərəfsizdirlər, dövlətin kasıblara ayırdığı pulu mənimsəyəcək qədər heyvanidirlər (bəzi heyvanlardan üzr istəyirəm), dövlətin pandemiya ilə mübarizə üçün ayırdığı vəsaitləri talan edəcək qədər şərəfsizdirlər…
Deyir, bir gün yaralı bir quş Süleyman peyğəmbərin yanına gedib deyir ki, bir dərviş qanadını qırıb. Süleyman dərvişi çağırtdırıb soruşur:
– Bu quş səndən şikâyət edib. Qanadını niyə qırıbsan?
Dərviş özünü müdafiə edir:
– Sultanım, mən quşu ovlamaq istədim. Qaçmadı, lap yanına getdim, yenə qaçmadı. Üstünə atılanda qaçmağa çalışdı və o əsnada qanadı qırıldı
Süleyman quşa deyir:
– Bu adam haqlıdır. Sən niyə qaçmadın? Axı imkanın vardı. İndi də şikayət edirsən.
Quş özünü müdafiə edir:
-Əfəndim, mən onu dərviş paltarında gördüyüm üçün qaçmadım. Ovçu olsaydı, dərhal qaçardım. Dərvişdən heç kəsə zərər gəlməz. bunlar Allahdan qorxurlar deyə düşünüb qaçmadım.
Süleyman onu haqlı sayıb deyir:
– Quş haqlıdır, dərvişin qolunu qırın.
Quş etiraz edir;
-Əfəndim, elə etməyin..
-Niyə?
Quş səbəbini belə açıqlayır:
– Dərvişin qolunu qırsanız, sağalanda yenə eyni şeyi edər. Siz ən yaxşısı, onun dərviş xirqəsini çıxarın… Çıxarın ki, mənim kimi quşlar bundan sonra aldanmasın.
Öz soydaşlarının haqqını yeyən traybalist şoğəriblər, siz insan, azərbaycanlı ola bilmədiniz. Allah heç bir iti (pardon) kimisə qapdığına görə cəzalandırmayacaq. Allah heç bir qabanı (pardon) çirkab yediyi üçün cəzalandırmayacaq. Allah heç bir qurdu armudu yediyi üçün, heç bir ağcaqanadı kiminsə qanını sorduğu üçün cəzalandırmayacaq.
Sizsə insan, azərbaycanlı cildində olduğunuz üçün cəzalanacaqsınız…
Amin, amin deyənlər didar görsün..
Xeyirli nəbilimnə günləri