Vasif SADIQLI
Hiddətli köşə yazısı
Qəribə adamlar var. Yeyirlər, içirlər, yatırlar; içirlər, yeyirlər, yatırlar; dururlar, içirlər, yatırlar… Dünya veclərinə deyil. Normal adamları təəccübləndirən heç nə onları təəccübləndirməz, normal adamı təəssüfləndirən heç nə onları təəssüfləndirməz, normal adamı üzən heç nə onları üzməz, normal adamı utandıran heç nə onları utandırmaz.
Normal insanın dəyər saydığı heç nə onlar üçün dəyər deyil, hamısı arxasında gizlənmək üçün əlverişli dekorasiyadır. Gerçək hədəfləri liməlim dolmuş mədə, cibişdan, bank və ofşor hesabları… İyirmi yerdə mənzil, villa, on beş yerdə bağ evi… Onların uşağı ən yaxşıdı… Onların ata-anası, balası, nəvəsi ən yaxşıdı… Onların qohumları ən yaxşıdı, onların simsarları ən yaxşıdı, onların qudaları ən yaxşıdı, onların yeznələri ən yaxşıdı… Onların katibələri ən yaxşıdı, onların məşuqələri ən yaxşıdı, onların məşuqları ən yaxşıdır. Onlar güllərin ən ətirlisini qoxulayır, meyvələrin ən dadlısını yeyir, vücudlarını ən qəşəng paltarlara məmnun edir, onlar nə vaxt hansı budaqda oturub hansı nəğməni oxumağın daha “doğru” olduğunu havanı iyləməklə bilirlər…
Onların nəsli ən yaxşıdı… Onların rayonu ən yaxşıdı, onların regionu ən yaxşıdı. Onların avtomobili hamınınkından bahalı və sürətli, ata-analarının qəbir daşları hamınınkından dəbdəbəli və uca olmalıdır. Onlar bütün bunları əhəmiyyətli birisi olmaqlarına özlərini və başqalarını inandırmaq üçün edirlər. Onlar istəsələr, alim olarlar (dissertasiya yazdırarlar), şair, yazıçı olarlar (onu da yazdırarlar), istəsələr, lap qəhrəman olarlar. Bunu təmin edəcək mühiti yaradıblar. Ortasına örkən dolanmayan, iki sərçənin arpasını bölə bilməyən harın və qudurğan balaları, it ilindən qalıb xərifləmiş valideynləri də eləcə düşünür. Düşünürlər ki, dünyada yaxşı nə varsa, onlar üçün yaradılıb. Dünyada qalan hamı onlara baxıb köks ötürməlidir. Onlar əhalinin xalq yox, kütlə olmasında maraqlıdır. Ən böyük hədəflərindən biri budur. Çünki kütlə onlara nifrət yox, qibtə edir.
…Onlar hər bir günü başa çatdıranda zifaf gecəsini arxada qoymuş kimi məmnunluq yaşayır, biz hər bir günü başa çatdıranda qarı düşməni öldürmüş, əfi bir ilanıın başını əzmiş kimi məmnunluq yaşayırıq…
Napoleon hər kim olsa da, yaxşı cəhətləri də vardı. O deyirdi, “Bir var Fransa, bir də var dünyanın yerdə qalan hissəsi. Dünyanın yerdə qalan hissəsinin maraqları Fransanın maraqlarına nəinki tabe edilməli, hətta qurban verilməlidir…”. Napoleon “Bir var Fransa, bir də var Korsika – hər şey Korsikanın maraqlarına
qurban verilmədlir” də deyə bilərdi… Amma demədi. Çünki bunu edəcək qədər şoğərib deyildi. Bunlar isə bunu edəcək qədər şoğərib və rəzildirlər.
Şəhid ailələri və qazilərin adına pul yığıb yeyəcək qədər ləyaqətsizdirlər, dövlətin kasıblara ayırdığı pulu mənimsəyəcək qədər heyvanidirlər (bəzi heyvanlardan üzr istəyirəm), dövlətin pandemiya ilə mübarizə üçün ayırdığı vəsaitləri talan edəcək qədər yaramazdırlar…
Deyir, bir gün yaralı bir quş Süleyman peyğəmbərin yanına gedib deyir ki, bir dərviş qanadını qırıb. Süleyman dərvişi çağırtdırıb soruşur:
– Bu quş səndən şikâyət edib. Qanadını niyə qırıbsan?
Dərviş özünü müdafiə edir:
– Sultanım, mən quşu ovlamaq istədim. Qaçmadı, lap yanına getdim, yenə qaçmadı. Üstünə atılanda qaçmağa çalışdı və o əsnada qanadı qırıldı
Süleyman quşa deyir:
– Bu adam haqlıdır. Sən niyə qaçmadın? Axı imkanın vardı. İndi də şikayət edirsən.
Quş özünü müdafiə edir:
-Əfəndim, mən onu dərviş paltarında gördüyüm üçün qaçmadım. Ovçu olsaydı, dərhal qaçardım. Dərvişdən heç kəsə zərər gəlməz. bunlar Allahdan qorxurlar deyə düşünüb qaçmadım.
Süleyman onu haqlı sayıb deyir:
– Quş haqlıdır, dərvişin qolunu qırın.
Quş etiraz edir;
-Əfəndim, elə etməyin..
-Niyə?
Quş səbəbini belə açıqlayır:
– Dərvişin qolunu qırsanız, sağalanda yenə eyni şeyi edər. Siz ən yaxşısı, onun dərviş xirqəsini çıxarın… Çıxarın ki, mənim kimi quşlar bundan sonra aldanmasın.
…Allah heç bir iti (pardon) kimisə qapdığına görə cəzalandırmayacaq. Allah heç bir qabanı (pardon) çirkabda ağnadığı üçün cəzalandırmayacaq. Allah heç bir qurdu armudu yediyi üçün, heç bir ağcaqanadı kiminsə qanını sorduğu üçün cəzalandırmayacaq. Çünki onlar bunun üçün yaradılıb. Allah sizi adam olmaq üçün yaratmışdı. İnsan ola bilmədiniz, azərbaycanlı ola bilmədiniz. Vaxt var ikən xirqənizi çıxarın, barı bundan sonra kimsə aldanmasın. Bəlkə, onda haqqımızın bir hissəsini bağışladıq…
Xeyirli nəbilimnə günləri