Azərbaycan Dövlət Pantomim Teatrının “Xocalı bu olub” tamaşası Varşavada nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə teatrın yaradıcı heyəti Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi və Polşadakı səfirliyimizin dəvəti ilə Varşavaya yola düşüb. Kollektiv Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə bu gün Xalq artisti Bəxtiyar Xanızadənin “Xocalı bu olub” tamaşasını nümayiş etdirəcək.
Dövlət sifarişi ilə hazırlanan tamaşanın müəllifi və quruluşçu rejissoru Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Əməkdar artistlər Elman Rəfiyev, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, eləcə də Elnur Rzayev, Cavad Nuriyev, Nurlan Rüstəmov, Nuridə Musabəyli, Elxan Şahəliyev, Solmaz Bədəlova, Səbirə Həsənova ifa edirlər.