Bu yazım Azərbaycan qadınlarına qeyri-adi bayram təbrikim olsun.
(essevari düşüncələr)
Yazıçı-publiist Pərvanə xanım Bayramqızının bir “filminə baxdım” – “İki qadın”. Təəccüblənməyin, mən də bilirəm ki, Pərvanə nə rejissordur, nə də kino-operator. Ancaq mənə elə gəldi ki, “İki qadın” uğurlu qısametrajlı film, yaxud kino-ssenaridir.
Üzbəüz göydələnlərdə yaşayan bir-birini tanımayan iki qadın pəncərələrinin soyuq şüşələri arxasından səssiz-səmirsiz, xəyali söhbət edirlər – baxışlar ilə. Qadınların biri ailəli, o birisi subaydır.
– Xoşbəxtsən.
– Beləmi görünür?
– Ailəli olmaq xoşbəxtlik deyilmi?
– Bəlkə də sən xoşbəxtsən.
– Nə üçün?
– Bax, eyni yaşdayıq Amma mən gör nə qədər yaşlı görünürəm. Qırışların, ağarmış birçəklərin heç biri məmnunluğun göstəricisi deyil. Sənsə daha şuxsan.
İkisinin də yüksək intellektli olması baxışlarla danışıqlarından bəllidir. Hər ikisi Sokratın fəlsəfi fikirləri ilə tanışdır, dünyanın gərdişindən agahdılar. Hətta Oşodan da sitat gətirirlər. Bilirlər ki, Oşo “bütün yaşadıqlarımızın əksini düşünən bir insandır”.
Yazıçı qadınlardan birinin dili ilə “ərlə arvadın torpağı bir yerdən götürülür” xalq deyiminə filosof kimi yanaşır:
– Kişilər qadını onun kimi düşünməyə məcbur etdiyindən, və yaxud qadın ərinin xüsusiyyətlərinə uyğunlaşdığından zahirən belə görünür. Əgər kişi qadının deyib gülməyini istəmirsə, təbii ki, qadın buna tabe olacaq və qaraqabaq təsiri bağışlayacaq.
Ailə, evlilik problemlərini, iki əks cinsin nümayəndəsinin bir ocaqda qarşılıqlı anlaşması kimi qlobal məsələləri önə çəkən Pərvanə xanım incə bir nüansa toxunur. Qarşılıqlı anlaşma sevginin təməlidir. Təməl möhkəm olmayanda evdə həmişə pəncərələrin şüşələri bumbuz olur, soyuq küləkər əsir, inam itir, sevinc, səmimi təbəssüm qaçaq düşür…
“Baxışlarla söhbətlər”dən sonra “onlar həyətdə qarşılaşırlar. Biri əri ilə, o birisi yalqız toya gedirlər”. Yazıçının qadın olması – qadın həmrəyliyi, diqqəti bu an “işə” yarayır:
“Tənha qadın zövqlə bəzənib, ailəli qadın isə sadə görünüşdədir. Toy boyunca bir-birlərini gözdən qoymurlar. Həmişəki kimi baxışları ilə danışırlar. Tənha qadın hərəkətlərində nə qədər sərbəstdirsə, evli qadın o qədər utancaq və çəkinəcəklidir”.
Pərvanə xanım iki qadını müqayisə edir. Onların arzuları, istəkləri nə qədər fərqlidir:
“Tənha qadının nəzərləri onlara dikilib. Baxışlarından həsəd duyulur. Toy sona yetməmiş ərinin istəyinə əsasən qadın könülsüz oranı tərk edir. Tənha qadınsa ümidini tutacağı gülə bağladığından toyun sonunacan gözləməlidir”.
Beynimi bir klassik sual qurdaladı. Bu qadınların hansı xoşbəxtdir? Və tezcə özüm özümün sualını “redaktə” etdim: “Xoşbəxtlik də bütün mənəvi-etik-əxlaqi dəyərlər kimi nisbi deyilmi? Xoşbəxtlik də gözəllik kimi qurbanmı tələb edir?
“Gecə evə gələndə cəmi bircə dəfə gülümsündüyü üçün evli qadın əri tərəfindən məzəmmət edilir. Səhərəcən ağlayır. O biri binada da tənha qadın yastığı ilə qucaqlaşıb makiyajını göz yaşları ilə yuyur”.
… Hər iki taleyin onları məhbəs etdiyi “qəm otaqlarında” yaşayan iki qadın bir-birinə həsəd aparır. Biri o birini evli olduğu üçün xoşbəxt sayır, o birisi isə üzbəüz pəncərə şüşəsinin arxasındakını tənha olduğu üçün.
Xoşbəxt kimdir? Bəşər övladı dünyaya gələndən cavabını tapmadığı sualdır – sadə göründüyü qədər də mücərrəd sual. Nə vaxtsa bir deyimə rast gəlmişdim: “iki bədbəxt bir yerdə olanda hər ikisi xoşbəxtdir”. Məntiqinə vardıqca məntiq tapmaqda çətinlik çəkdiyim fikirdi. Sokratın, Oşonun, Kantın, Nitsşenin, Freydin cavablandıra bilmədiyinə Pərvanə xanımın qəhrəmanının şərh cəsarəti maraqlıdır:
“Sən pəncərədən çəkilib geri dönəndə ərini, övladlarını görürsən. Mənsə arxaya çəkilən kimi boş divarlarla üzləşirəm, ağlayanda da yanımda heç kəs olmur”.
Evli qadının sualı daha acıdır: “Elə bilirsən mən ağlamıram?”
“Tənha qadın köks ötürür. Nəfəsi küləyə çevrilib uğuldayır. İkisi də eyni səmtə baxırlar…
İpdəki uşaq paltarları sağa-sola yellənir”…
“Baxdığım filmin” sonu…
P.S. Xoşbəxtliklə bədbəxtliyin arasında incə, nazik xətti gördünüzmü? Üz-üzə dayanıb qonşu binaların pəncərə şüşələri arxasından bir-birinə həsədlə baxanların xoşbəxtlik və bədbəxtlik haqqındakı səssiz düşüncələri çözülməsi mümkün olmayan iki əks qütblü Qordi düyünləridir. Sən demə xoşbəxtlik və bədbəxtlik eyni taleli əkiz bacılardır. Taleləri birinin gözünə gözəl, o birininkinə eybəcər görünür. Xoşbəxtlik elə bədbəxtlikmiş…
Servantes deyirdi ki, qadın zərif şüşə kimidir, onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər.
Əbu Turxanın deyimidir: “Xoşbəxtliyə də azadlıq vermək lazımdır”.
Bəli, hər mənəvi gözəlliyin nüvəsi azadlıqdır.
Pərvanə xanım Bayramqızının “İki qadın” hekayəsindən – “film”indən gəldiyim nəticə: “Azadlıq olmayan yerdə xoşbəxtlik nə gəzir?!”
Vaqif OSMANOV, 08. 03. 2021.