- Dil

Xüsusi əlifbalar

Dil ünsiyyət vasitəsidir. Bir-biri ilə ünsiyyətdə olmaq üçün insanlar dörd nitq bacarığından istifadə edirlər: danışma, dinləmə, oxu və yazı. Danışma və dinləmə şifahi nitq bacarıqlarıdır, çünki bu zaman nitq səslərlə ifadə olunur. Oxu və yazı isə yazılı nitq bacarıqlarıdır, çünki burada sözlər hərflərlə işarə olunur. Danışmaq və yazmaqla biz öz fikir və duyğularımızı ifadə edirik. Oxu və dinləmə bacarıqları isə başqalarının fikirlərini anlamaq üçündür.

Bəs görmə və ya eşitmə qabiliyyətindən məhrum olan insanlar başqaları ilə necə ünsiyyət qururlar?

İnsan zəkası bu problemi həll etmiş, belə insanların ünsiyyətini təmin etmək üçün vasitələr düşünüb tapmışdır. 1821-ci ildə fransalı Luis Brayl qabarıq nöqtəli əlifba icad etməklə görmə qabiliyyətindən məhrum olan milyonlarla insanın yazıb-oxuma arzusunu gerçəkləşdirdi. Luis Brayl uşaq yaşlarında bədbəxt hadisə nəticəsində görmə qabiliyyətini itirmişdi. 10 yaşında gözdən əlil uşaqlar üçün Kral İnstitutuna daxil olan Luis az müddətdə qabarıq hərflərlə oxumağı, pianoda çalmağı öyrəndi. Lakin istedadlı uşaq bununla kifayətlənmədi. O özü kimi uşaqlara daha asan oxumaq və yazmaq imkanı verən xüsusi əlifba icad etdi. Bu əlifbada hərflər 6 qabarıq nöqtənin müxtəlif kombinasiyalarından ibarət idi. İndi Brayl əlifbasından bütün dünyada geniş istifadə olunur, kitablar, dərsliklər nəşr edilir, qəzet və jurnallar çıxır.

portal.azertag.az