13 oktyabr tarixi Azərbaycanın görkəmli teatr və kino aktyoru, Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür.
İstedadı ilə geniş tamaşaçı sevgisi qazanaraq, az qala sənətçi valideynlərini belə geridə qoymuş Hamlet Qurbanov səhnədə yaratdığı obrazlarla tamaşaçıların xatirəsində dərin izlər buraxıb.
“Yaddan çıxmış sənətkarlar” layihəsində bu dəfə teatrda İldırım Bəyazid (“Topal Teymur” tamaşası), kinoda Qıpçaq Məlik (“Dədə Qorqud” filmi) kimi tanınan Hamlet Qurbanovdan, cəmi 57 yaş yaşayan mərhum sənətkardan bəhs edirik…
Hamlet Qurbanov 13 oktyabr 1938-ci il tarixində teatr və kino aktyoru Ağadadaş Qurbanovla opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub. O, mərhum aktrisa Gülşən Qurbanovanın ata bir, ana ayrı qardaşıdır. Hamlet həm də rejissor və kino rəssamı Firəngiz Qurbanovanın ögey qardaşıdır (ata bir, ana ayrı).
Hamletin bəxti elə uşaqlıqdan gətirməyib. 1 yaşı olanda onun valideynləri ayrılıblar. Anası Gülxar xanım ərini xəyanətdə ittiham edərək, balaca oğlu ilə birgə evi tərk edib.
Anasının himayəsində böyüyən aktyor 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədovun kursunu bitirib.
1957-1992-ci illərdə Milli Dram Teatrında yaddaqalan obrazlar yaradan aktyor Azərbaycan televiziyasının hazırladığı “Topal Teymur”, “Yollar görüşəndə”, “Evləri köndələn yar”, “Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi” və digər tamaşalarda maraqlı obrazlar yaradıb.
Deyilənə görə, Ağadadaş Qurbanovla oğlu Hamlet eyni teatrda çalışsalar da, bir-birləri ilə küsülü olublar. Amma küsülü olmalarına baxmayaraq, ata-balanın bir-birinə qarşılıqlı hörmət-ehtiramları olub. Ağadadaş Qurbanov vəfat edəndə ölüm xəbərini anası Gülxar xanım ilk günlərdə Hamletdən gizlədib. Yalnız dəfndən sonra hadisədən xəbər tutan Hamlet anasından inciyib ki, heç olmasa ölüm ayağında olan atası ilə barışmalıydı.
Hamlet Qurbanov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş 20-dək bədii filmdə, “Mozalan” kinojurnalının onlarla bədii süjetində maraqlı, bir-birinə bənzəməyən obrazlar yaradıb.
Aktyor “Babamın babasının babası”, “Dədə Qorqud”, “Nakəs”, “Bağ mövsümü”, “Yaramaz”, “Cin mikrorayonda” kimi ekaran əsərlərində özünəməxsus obrazlar canlandırıb.
Hamlet Qurbanov öz qohumları olan Cəmilə adlı xanımla evlənib. Bu evlilikdən onların bir oğlu da olub. Lakin həyatda əvvəldən bəxti gətirməyən Hamlet Qurbanov evlilikdə də uğursuzluq yaşayıb. Aktyor 33 yaşında xanımından ayrılıb. Və ömrünün axırına kimi də ikinci dəfə evlənməyib.
Səhhətində narahatlıqlar yaşayan aktyor günlərin birində həkim müayinəsindən keçərkən dəhşətli xəbər eşidir: uzun müddət əziyyət çəkdiyi mədə ağrısı sən demə xərçəngin əlamətləriymiş.
Kino və tamaşalarda yaratdığı obrazlar ona məşhurluq gətirsə də, Hamlet Qurbanov layiq olduğu “Xalq artisti” fəxri adını ala bilməyib.
O, 1982-ci ildə Əməkdar artis adını ala bilmişdi.
Bəzi məlumatlara görə, teatr rəhbərliyi Xalq artisti fəxri adına təqdimat siyahısına üç dəfə Hamlet Qurbanovu da salıbmış, amma o vaxt Mədəniyyət Nazirliyində hər dəfə onu başqa adamla əvəz ediblər. Bu hallar aktyoru stressə, mənəvi əzab-əziyyətə düçar edirmiş.
Sənətkarın həmkarları onunla bağlı xatirələrini bölüşüblər.
Xalq artisti Rasim Balayev deyib ki, Hamlet Qurbanovla eyni filmdə çəkilsə də, yalnız bir epizodda birlikdə iştirak edə biliblər:
“Hamlet Qurbanov istedadlı və qeyri-adi adam idi. O, hamıdan fərqlənirdi. Bilirsiniz ki, Hamlet sənətkarlar ailəsində böyüyüb. Hətta o, cavan vaxtımızda, universitetdə oxuyan zaman bizə müəllimlik də edib. Həm televiziya tamaşalarında, həm filmlərdə, həm də teatrda oynadığı rollar özünəməxsus olub. Eyni zamanda, Hamletin qəribə xasiyyətləri var idi. Məsələn, camaatla oturub-durmaz, danışıb-gülməzdi. Özünə qapanıq bir adam idi”.
Hamlet Qurbanovla “Cin mikrarayonda” filmində iştirak etmiş əməkdar artist Ötkəm İsgəndərov onu belə xatırlayır:
“Hamlet Qurbanov özünəməxsus, maraqlı aktyor idi. “Cin mikrarayonda” filmində Dağüstü parkada bir yerdə çəkildiyimiz epizodumuz var. Tərəf müqabilinə qarşı çox həssas, yerindəcə fantaziya edən, improvizasiya edən gözəl aktyor idi. Adi insan kimi də yaxşı ünsiyyət qurmağı bacarırdı. Hamlet Qurbanovun özünəməxsus baxış tərzi var idi. Yadımdadır, Dağüstü parkda rəhmətlik Gülşən Qurbanova, Hamlet Qurbanov və mən yuxu səhnəsinin çəkilişində idik. Hamlet Qurbanov birdən orada “Rüstəm müəllim, mən sizin əsərlərinizin vurğunuyam, əsərlərinizə uşaqlıqdan aşiq olmuşam” dedi. Mən yaşca ondan kiçik olduğum üçün çox böyük təzad əmələ gəldi. Hamlet Qurbanovun etdiyi improvizasiya bizim çox xoşumuza gəldi. Çox istedadlı, möhtəşəm aktyor idi”.
Ö.İsgəndərov Hamlet Qurbanovla eyni filmdə çəkildiyi üçün fəxr etdiyini də vurğulayıb:
“Mənə elə gəlir ki, onun yaradıcılığından Azərbaycan kinosu da, teatrı da az istifadə etdi. Amma Hamlet Qurbanov müəyyən qədər rollar oynayıb və özünəməxsus iz buraxıb. Onun həm də qəribə baxışı var idi. Gözləri ilə soruşurdu ki, düz deyirəm ya yox və qarşılığında sanki onun baxışlarını təsdiq etməyimizi tələb edirdi. Mənim onunla yaradıcılıq ünsiyyətim “Cin mikrarayonda” filmində olub və bununla bağlı ürəyimdə gözəl xatirə qalıb. Mən heyfslənirəm ki, Hamlet Qurbanov vaxtsız dünyasını dəyişdi. Və fəxr edirəm ki, onunla bir filmdə çəkilmişəm”.
Xalq artisti İlham Namiq Kamal Hamlet Qurbanovu aktyor, sənətkar kimi deyil, bir insan kimi də xarakterizə edib:
“Aktyorluq çətin, məşəqqətli, ağrılı sənətdir. Hamlet Qurbanovla təxminən 10 tamaşada tərəf müqabili olmuşam. O, çox təmiz, saf, körpə qəlbli insan idi. Onu yalnız sənəti, oynadığı obrazlar maraqlandırırdı. Janrından asılı olmayaraq, ona həvalə olunan obrazı yüksək şəkildə canlandırırdı”.
Bacısı Firəngiz Qurbanovanın qardaşı ilə bağlı danışdığı xatirələr:
“Bizim Hamlet Qurbanovla çox yaxın münasibətlərimiz olmayıb, buna baxmayaraq o, mənim yaddaşımda silinməz izlər.
Mən Hamleti ilk dəfə atamın (Ağadadaş Qurbanovun-red.) yasında gördüm. Ona kimi heç görməmişdim. Atamın qırx mərasimi idi, Hamlet də qəbiristanlığa gəlmişdi. Onu görəndə bir anlıq təəccüb hissi keçirdim. Sanki qarşımda atam dayanmışdı. Hamlet atama çox oxşayırdı…
…O, istedadlı aktyor idi. Düşünürəm ki, heç kim onun haqqında pis bir şey deyə bilməz. Hər halda onun həmkarlarından da Hamletin necə insan olduğunu soruşsanız, belə deyərlər…
…Hamlet Qurbanov xəstəxanada yatan vaxtlarda heç kimin ziyarətinə gəlməsini istəmirdi.
Uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyi onu gücdən salmışdı. Buna görə də istəmirdi ki, kimsə onu həmin halda görsün. Mən onu elə bir vəziyyətdə gördüm ki, indiyədək unuda bilmirəm”.
Uzun müddət mədə xərçəngdən əziyyət çəkən istedadlı aktyoru anası şəxsi əlaqələrindən istifadə etməklə iki dəfə Moskvaya müalicəyə apara bilib. Üçüncü dəfə isə buna gücü yetməyib.
Hamlet Qurbanov 1995-ci ilin 16 noyabr tarixində vəfat edib.
Deyilənə görə, dəhşətli ağrılar içində qovrulan Hamlet Qurbanov yaxınlarına yalvarırmış ki, “mənə iynə vurun ki, ölüb acılardan xilas olum”. Aktyor elə-beləcə ağrılar içində dünyasını dəyişib.
Mərhum sənətkar Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Oğlunun vaxtsız ölümündən sarsılan Xalq artisti Gülxar Həsənova isə Hamletdən sonra səhnə fəaliyyətini bitirib və bir daha heç bir rol oynamayıb. (modern.az)