- Mədəniyyət

Yağışlı gündə kitabxanada

 Bir il qabaq dostlar feysbuk sosial şəbəkəsində paylaşdığım bir şəkli bəyənmişdilər. Gələn “layklar” əslində şəkildən çox qeyd etdiyim fikirlərə aid idi, köhnə illərin köşkündə bəyəniləsi bir şey görünmürdü. Fikirlər isə belə idi: “Bilirsiniz, o görünən nə “budkasıdır?” – “Kitab budkası”, yəni kitabxanadır. Böyüdüyüm Alnabat kəndindəki ata evimdən bir az aşağıda yerləşir. (Ərazi Nağılar kəndi adlanır.) Burdan götürdüyüm ilk kitabça (bəlkə də, jurnal idi) Korney Çukovskinin “Milçək-vizilçək” şeiri olub. (Teymur Elçinin tərcüməsində)  Bacı-qardaşımla buranın fəal oxucuları idik. Balaca olmağına baxmayın, “əlimizdən yaxşı tuturdu”. Almas İldırımı dərslikdən qabaq burdan aldığım kitabın sayəsində tanımışam. Yeni gələn kitablar hələ rəflərə düzülməmişdi. Döşəmədəki bağlamanın açılmış hissəsindən görünən “Azərbaycanın didərgin salınmış övladı…” yarımçıq sərlövhə diqqətimi çəkdiyindən kitabı çıxarıb vərəqlədim. Elə ordaca bir-iki şeir oxuyub şairimi tapdım. Azərbaycana olan sevgimi ifadə etməkdə Almas İldırımın şeirləri düzgün istiqamət oldu”.

Yadımdadır, ilk dəfə kitab götürməyə gedəndə məktəbimizin direktorunu orda görəndə təəccüblənmişdim. Kitabxananın fəaliyyətinin dayanmasına imkan verməyənin tarix müəllimimiz Möhübbət Orucov olduğunu biləndə ona hörmətim daha artmışdı.  Nəcib, mədəni işin idarəçiliyini öhdəsinə götürdüyünə görə kitabxananın müdiri Jenya Orucovaya alqış düşür.

Bu gün həmin kitabxanaya kitablarımı təqdim etmək üçün getdim. Kitabları Şəmkir Regional Mədəniyyət İdarəsi Gədəbəy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Nağılar kənd Kitabxana filialının idarəçilərindən biri Mətləb Quliyev şəxsən özü təhvil aldı. Kitaba böyük önəm verən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri Elnur və Yeganə Məmmədovlar da kitabxanaya bizimlə birgə təşrif buyurdu. Övladlarımızı mütəmadi olaraq, kitabxanaya aparmaq adətimizə bu dəfə də əməl etdik. Ciddi yeniliyə ehtiyacı olan kitabxana mənim üçün məhz əvvəlki kimi qaldığından doğmadır. Uşaq vaxtlarımda buranın mahiyyəti mənimçün istədiyim əsərləri tapmaqdan ibarət idi. Nə vaxtsa  burda kitabxana yaradılması təşəbbüsünü irəli sürənlərin nə qədər böyük iş gördüklərini sonralardan anladım. Xeyli vaxtdır, kitabxanaşünaslığa aid müxtəlif elmi ədəbiyyatlardan kitabxana işi qurmağa yardımçı vasitə ola biləcək tövsiyə xarakterli hissələr toplayıram. Mətni yaza biləcəyimə şübhəm olmasa da, kitabxana quracağıma ümidim azdır. (Bununçün maddi vəsait və s. lazımdır.) Məncə, kitabxana yaratmaq, mütaliənin təbliği ilə məşğul olmaq da bir çox işlər kimi vətəndaşlıq borcu hesab edilməlidir.

Söhbət əsnasında məktəb illərində dilədiyimiz arzularımızdan danışdıq. Hazırda heç hansımız o illərdə özümüzü görmək istədiyimiz sahədə çalışmırıq, M.Quliyev  riyaziyyatı əla bilirdi. Onun riyaziyyat elminin arxasınca gedəcəyini zənn edirdik. Mən də müəllimimin dediyinə görə, Ana dili-ədəbiyyatı mükəmməl mənimsəmişdim. (Bunu indi sinif yoldaşım da xatırladı) Bu günsə fərqli sahədə çalışırıq. Xoşbəxtlikdən ikimiz də işimizdən məmnunuq. Bu kitabın hikmətidir.

Vurğulamaq istədiyim bir məqamı da kitabın hikmətinin “boynuna atmaq”  istəyirəm: evdən çıxanda yağış yağırdı, necə gedəcəyimizin fikrini edirdik. Qəfildən yağış kəsdi, günəş çıxdı, hava xoş oldu. Kitabxananın ağacların arasında yerləşdiyinə görə yarpaqlardan süzülən damcıların üzərimizə düşməsi klassik təbiət təsviri yaratdı.

Aparıcıların “Bizimlə qalın, kanalımızdan ayrılmayın!” tövsiyəsinə əhəmiyyət verməyin, siz kitabla qalın, kitabxanadan ayrılmayın!

Pərvanə BAYRAMQIZI

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova