2022-ci il yanvar ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, aparılmış çoxillik iqlim müşahidələrinə görə yanvar ilin ən soyuq ayıdır.
Arktikadan soyuq hava kütlələrinin müdaxiləsi tez-tez baş verdikdə yanvar ayı nisbətən soyuq keçir. Çoxillik meteoroloji müşahidələrə görə Bakıda yanvar ayı üçün ən soyuq hava 1907-ci il yanvarın 24-də qeydə alınmışdır. Həmin gün havanın minimal temperaturu -11° təşkil etmişdir.
Son 20 il ərzində 2008-ci ilin yanvar ayının 1-ci həftəsində atmosfer sirkulyasiyasında dəyişiklik baş vermiş, orta troposferdə bərqərar olunmuş, hava axınları çox soyuq olan Sibir antisiklonunun cənub enliklərindən hərəkət etməsinə şərait yaratmışdır. Həmin antisiklonun təsiri nəticəsində yanvar ayının 03-dən başlayaraq ölkə əraisində hava şəraiti kəskin dəyişmiş, anomal şaxtalı hava şəraiti bərqərar olmuş, temperatur iqlim normasından 10° aşağı enib, və yanvarın 08-də -8.7° olub.
Həmin il yanvarın 07-də Bakıda ən güclü qar qeydə alınmışdır. Sutka ərzində 30.0 mm yağıntı düşmüşdür ki, bu da aylıq normanın 128 %-ni təşkil edir. Qar örtüyünün hündürlüyü Bakıda 44 sm qeydə alınmışdır.
Atmosfer proseslərinin inkişafında isti hava kütlələri üstünlük təşkil edəndə qış mülayim və qısamüddətli olur.
Bakı şəhərində ən yüksək temperatur 1979-cu ilin yanvar ayının 04-də qeydə alınmış və həmin gün havanın temperaturu müsbət 22.3° olmuşdur. Son 20 il ərzində isə 2007-ci il yanvarın 28-də və 2019-cu il yanvarın 16-da Bakıda havanın maksimal temperaturu 20.1° olub.
2022-ci il yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.