Avropa teatrına öyrəşən hər bir adam yapon teatrından böyük heyrət içində çıxır, axı bu teatrın bənzəri yoxdur. Burada pyesin quruluşu və səhnə tərtibatı qanunları tamamilə başqa, aktyor oyunu, kostyum və qrim olduqca özünəməxsusdur. Dekorasiya isə ümumiyyətlə yoxdur.
Yapon teatrında bir neçə istiqamət və məktəb təşəkkül tapıb. Onların hər birinin öz adı və texnikası var. VII əsrin əvvəllərinə doğru kənd yerlərində mahnı və rəqslər əsasında tədricən No teatrı yaranır. Teatrın özünün tarixi isə XIII əsrdən başlayır. Burada tamaşa pantomima kimi qurulur.
Səhnədə dekorasiyalar yerinə yalnız arxa planda qızılı fonda şam ağacı təsvir olunur, divarı mövsümə uyğun ikebana bəzəyir. Aktyorlar səhnəyə maskada və təmtəraqlı libaslarda çıxır, onların oyunu boğaz səsi və ədalı deklamasiya ilə seçilir.
VII əsrin kübar cəmiyyətində hakim olan vokal və instrumental musiqi qiqaku rəqs dramı ilə bağlı olub. Burada musiqi maskalı aktyorların spesifik hərəkətləri ilə müşayiət olunur. Qədimdə qiqaku musiqisi buddist məbədlərdə dini mərasimlər zamanı ifa olunub. Qiqaku mürəkkəb ansambldır. Əvvəlcə səhnəyə şər qüvvələri qovmaq üçün maskalı rəqqaslar, əllərində fleyta, litavra və mis boşqablar tutmuş musiqiçilər çıxırlar. Onların ardınca şiri təsvir edən aktyoru gətirən gənc gəlir.
XVII əsrdə Kabuki teatrı böyük populyarlıq qazanır. Kabuki sözü “yayınmaq” deməkdir. Bu teatr başqa teatrlardan çox fərqləndiyi üçün belə adlanır. Kabuki teatrı binası çox mürəkkəb tikilidir. Səhnədə dekorasiya olmasa da, xeyli texniki qurğu – xüsusi qapılar, aktyorların səhnəyə çıxması üçün cığırlar var. Kabuki aktyorları mürəkkəb qrimdə və təmtəraqlı libaslarda oynayırlar. Kabuki teatrında köhnə klassik pyeslər səhnələşdirilir. Həmin pyeslərdə orta əsrlər Yaponiyasında əyanların həyatından, habelə xalqın içindən çıxmış insanın diqqət mərkəzində olduğu “ailə dramlarından” danışılır. Bütövlükdə yapon teatrında olduğu kimi, burada da bütün rolları kişilər ifa edirlər.
portal.azertag.az