- Dil, Manşet, Xəbərlər

“Yaponca danışan ağdəriliyə danışan meymun kimi baxırlar”

Ötən ilin ortaları idi. Ədəbi dil təəssübkeşləri olan dostlar – “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin üzvləri millət vəkilləri, eləcə də tanınmış ziyalılara müraciət edərək, paytaxtın və digər yaşayış məntəqələrinin əcnəbi dillər tərəfindən “işğalı”na münasibət bildirmələrini istəyirdi. Millət vəkillərindən birinin cavabı təhəmmül mülkümüzü yıxdı, əqli-səlim bu tövrü dərk etməkdə aciz qaldı. Deputat heç olmasa, “məni də narahat edir” kimi şablon cavab verə bilərdi. Amma o, “Dünyanın hər yerində belədir” kimi əsassız və başdansovdu bir cavab vermişdi. İnsan havasını udub, suyunu içdiyi ölkənin ən qiymətli dəyərlərindən biri, hətta birincisi olan ana dilinə bu qədər biganə ola bilərmiş… Üstəlik, söhbət “Dövlət dili haqqında” AR qanununun kobud şəkildə pozulmasından gedir…

İndi yalançını mənzilinə (bəlkə də, mənzillərinə – bir əldə beş qarpız tutan adamların mənzilləri bir deyil, beş deyil) kimi qovmaq qərarına gəldik. Doğrudur, dünyanın 200-dək ölkəsini meqapolisbəmeqapolis, şəhərbəşəhər, qəsəbəbəqəsəbə, kəndbəkənd, prospektbəprospekt, küçəbəküçə, dalanbadalan gəzib, fotolor çəkib göstərmək imkanımız yoxdu. Ona görə hələlik əlimizdə olan imkanlarla Yaponiya barədə danışacağıq. İnşallah, gündoğan ölkə də ədəbi dil normalaının qorunması kimi məsul bir vəzifənin həyata keçirilməsinə mükəlləf olan hörmətli vücudun “dünyanın hər yeri” dediyi ərazilər sırasında yer alır.

Yaponiya sakinlərinin dil məsələlərinə böyük maraq və diqqəti ilə bağlı internet resurslarında yetərincə məlumat var. Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, yaponşünas Vladimir Alpatovun yazılarından bəzi iqtibaslar etmək istərdik.  Yaponlar öz dillərinə qarşı o qədər həssasdır ki, hətta söhbət etməyə mövzu olmayanda yalnız hava haqqında deyil, həm də dildən danışırlar. Bu ölkədə “Asaxi” kimi aparıcı qəzetlər redaksiya yazılarını orfoqrafiya məsələlərinə həsr edə bilərlər. NHK televiziyasının birinci kanalında ən yaxşı vaxtda – şənbə günləri saat 22-də yapon dili haqda verilişlər, hətta linqvistik seriallar yayımlana bilər (1985-ci ildə “Yapon dilinin ilk ili” serialı nümayiş etdirildi, burada 19-cu əsrin sonlarında fərqli ləhcələrdə danışan bir ailənin ümumi dil yaratması göstərilir). Eləcə də bir televiziya şousunda tanınmış bir dilçi professor heroqliflər haqqında gülməli hekayələr danışa bilər. Dilçilik ədəbiyyatı, hətta ixtisaslaşmış ədəbiyyat belə yaxşı satılır və bəzən non-fiction (qeyri-bədii ədəbiyyat) üzrə bestseller siyahılarında öndə gedir.

Yaponlar üçün «özləri üçün dil» və «başqaları üçün dil» qarşılaşdırması çox xarakterikdir. Əgər daxili məkan (uchi) bütün Yaponiyadırsa, onda «özləri üçün dil» dialekt də ola bilər, yapon ədəbi dili də. «Başqaları üçün dil» isə, adətən, ingiliscədir. Əgər yapon olmayan birisi yaponca danışırsa, bundan məmnun olmurlar. Başqa xalqların nümayəndələri yaponca danışanda ona ingiliscə cavab verirlər. Əcnəbi yaponca nəinki danışa, hətta yaza, oxuya bilirsə, bu. yaponları çox təəccübləndirir. Ötən əsrin əvvəllərində Yaponiya üzrə ingilis mütəxəssisi Çemberlen narazılıq edirdi ki, Yaponiyada yaponca danışan ağdəriliyə danışan meymun kimi baxırlar”. Bəli, yapon xalqı öz ana dilini qorumaq, sevmək bir yana, ona əndərun kimi baxır və hətta əcnəbilərin bu dildə danışmasını belə qısqanclıqla qəbul edir.

İndi isə qət-təzə məlumat. Bir müddət əvvəl Yaponiyanın Vaseda Universitetində “Məmluk tədqiqatları” mövzusunda konfrans keçirilirdi. Universitetin Yaxın Şərq Tədqiqatları Departamentinin ABŞ-ın Çikaqo Universitetinin Məmluk Tədqiqatları İnstitutu ilə birgə keçirdiyi konfransda Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının professoru Aida Qasımova da iştirak etmiş və “Məmluk sultanları, hürufilik və Nəsimi: Orta əsr mənbələrindən görsənən portretlər” mövzusunda çıxış etmişdi. Qayıdanda Aida xanımdan Gündoğan ölkənin paytaxtında küçə və prospektlərin dili barədə soruşduq. Cavab belə oldu: “Əcnəbi dillərdə yazı yox dərəcəsindədir. Amma sakinlər çox nəzakətlidir. Nəsə soruşanda məmnuniyyətlə yardım edirlər”.

Bu fonda Bakının mərkəzində Rəsulzadə küçəsinin əcnəbi dillər tərəfindən 99 faiz, digər mərkəzi küçələrin 65-80 faiz işğal olunmasına biganə qalıb, hər şey normal imiş kimi, “dünyanın hər yerində belədir” deyənlərin cılız və miskinliyinə heyrətlənməyə bilmirsən. Allah hər kəsi öz dilinə, mədəniyyətinə bu qədər biganə, etinasız, paytaxtının küçələri əcnəbi dillər tərəfindən işğal ediləndə vəzifə borcunu yerinə yetirmək əvəzinə şəxsi komfortunu düşünəcək qədər zavallı olmaqdan qorusun. Amin, amin deyənlər didar görsün.

Xeyirli nəbilimnə günləri..