Yaponiya hökuməti İraq hökumətinə ölkədə aparılan islahatlar və iqtisadi bərpa üçün 300 milyon dollar məbləğində kredit ayıracaq.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqda səfərdə olan Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi deyib. Bildirilir ki, bu, Yaponiya xarici işlər nazirinin son 15 ildə İraqa ilk səfəridir.
Şənbə günü Bağdadda İraq Prezidenti Barham Salih, Baş nazir Mustafa Əl-Kazımi və xarici işlər naziri Fuad Hüseynlə ayrı-ayrılıqda müzakirələr aparan T.Moteqi iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə edib.
Görüşlər zamanı T.Moteqi İraqın müharibədən və fraksiyalararası çəkişmələrdən sonra bərpası və inkişafı üçün Yaponiyanın beynəlxalq ictimaiyyətlə birlikdə çalışacağını vəd edib. Nazir, həmçinin Yaponiyanın ikitərəfli əməkdaşlığın çox geniş spektrlərdə inkişafı üçün hazır olduğunu da bildirib.