- Müsahibə

Yaqut QULİYEVA: “Divan”da azərbaycanşünaslıq baxımından olduqca maraqlı faktla qarşılaşırıq”

Görkəmli türk filoloqu və leksikoqrafı Mahmud Kaşğarinin müxtəlif türk dillərinin lüğəti, tükr dünyasının ensiklopedik əsəri olan “Divanü lüğat-it-Türk” kitabı Azərbaycan dilinə tərcümə  edildiyinə baxmayaraq ölkəmizdə yetərincə araşdırmayıb. Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan Dövlət Texniki Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi Yaqut Quliyeva “Mahmud Kaşğarinin Oğuz dünyası. Bakı-“Adiloğlu”-2010” kitabında Mahmud Kaşğarinin əsərini tədqiq edib. Saytımıza müsahibəsin Yaqut Quliyeva tədqiqatının bəzi aspektlərinə toxunub. 

Bir neçə il əvvəl türk xalqlarının böyük mütəfəkkiri Mahmud Kaşğarinin anadan olmasının min illiyi qeyd edildi. Sizin bu dahi türkoloqun anadan olmasının min illiyinə ithaf etdiyiniz “Mahmud Kaşğarinin Oğuz dünyası. Bakı-“Adiloğlu”-2010” kitabınız Azərbaycan elmi cameəsində ciddi marağa səbəb oldumu? Ümumiyyətlə Kaşğari Azərbaycanda yetərincə tədqiq edilibmi?

-Mən əvvələn Sizin ikinci sualınızı cavablandırmaq istərdim. Mahmud Kaşğari əslində elə böyük mütəfəkkirdir  və onun “Divanü lüğat-it-Türk” əsəri  elə nəhəng abidədir ki, illərlə araşdırılsa da, onu yenə də araşdırmaq, oradan nəsə tapıb yeni fikir kimi söləmək mümkündür. Bu əsər ilk növbədə lüğət olub türk dili – türk dilləri haqqında bizə məlumat versə də, eyni zamanda, türk coğrafiyası, türk etnoqrafiyası, türk mədəniyyəti, türk mənəviyyatı, ümumiyyətlə qədim türk dünyasının olduqca çeşidli məsələlərindən bəhs edərək, gözümüz qarşısında qədim türklərin həyatını, məişətini, dünyagörüşünü canlandıraraq, onlar haqqında tam təsəvvür yaradır. Eyni zamanda, türklərlə qonşu olan xalqlar haqqında da olduqca dərin məlumatlar verir. Bu mənada, bu əsəri öyrənmək, öyrənmək və yenə də öyrənmək lazımdır.

Azərbaycanda isə bu əsər keçən əsrin 30-cu illərindən öyrənilməyə başlanılmış və 30-cu illərdə Xalid Səid Xocayev tərəfindən dilimizə tərcümə olunsa da, Milli Akademiyamızın hansısa künc-bucağında gizlədilərək, hələ də ortaya-ərsəyə çıxarılmır. Bu əsərin əsas öyrənilmə tarixi yenə də ötən əsrin təqribən 70-ci illərindən başlayır. 90-cı illərdən isə bu əsərlə bağlı yeni tədqiqat dalğası nəzərə çarpmaqdadır. “Divanü lüğat-it-Türk”ün Azərbaycanda tədqiq tarixinə baxarkən bu əsəri Azərbaycan dilinə tərcümə edən Ramiz Əsgərin bir neçə tədqiqatını və eyni zamanda, başqa müəlliflərin bir-neçə əsərini çıxmaq şərtilə onun haqqında bir o qədər də samballı tədqiqatların yazılmadığını görürük. Yazılan əsərlərin böyük əksəriyyəti adətən təsviri xarakter daşıyaraq problemlərin, əgər belə demək mümkünsə, yanından keçir. Bu əsərdə isə ümumtürk dünyası bir tərəfə, Azərbaycan haqqında da olduqca qiymətli məlumatlar tapmaq olar.

Mənim kitabıma gəldikdə isə bu kitabın tam ciddiyyətlə qələmə alınmasına, ordakı faktların zənginliyinə, qoyulan və həll olunan problemin Azərbaycan dili, mədəniyyəti, tarixi üçün olduqca böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, bu kitab elmi ictimaiyyətimizin diqqətini bir o qədər də cəlb etmədi. Məncə bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Obyektiv səbəbi odur ki, bu kitabı biz öz vəsaitimizə çap etdirdiyimizə və eyni zamanda, çox az tirajla nəşr etdirdiyimizə görə kitab elmi ictimaiyyət, dilçilər arasında bir o qədər geniş yayılmadı. Subyektiv səbəb isə odur ki, bu kitabı oxuyanlar da sanki bir növ susmağa üstünlük verdilər. Cəmi bir nəfərdən başqa hamı susdu. Təriflər bir  yana dursun, hətta bu kitabı demək olar ki, tənqid edənlər belə tapılmadı. Bu isə olduqca mənfi haldır. Cəmiyyətimiz, elmi ictimaiyyətimiz, dilçilik elmimiz üçün utancvericidir. Çünki təvazökarlıqdan uzaq olsa da, demliyəm ki, son illərdə dilimizin tarixi ilə bağlı mən belə ciddi qanunlar əsasında yazılan kitaba demək olar ki, rast gəlməmişəm.

         -Siz öz  kitabınızın ideya xüsusiyyətlərindən danışmaq istəsəniz qısa şəkildə nələri söyləyərdiniz?

-Adından məlum olduğu kimi, mənim tədqiqatım Mahmud Kaşğarinin Oğuzlar haqqında dediyi fikirləri, onun oğuz leksikasına aid verdiyi 300-ə yaxın leksik vahidi təhlil etməkdən ibarətdir. Bunlar mənim kitabımın daha çox görünən tərəfləridir. Amma əslində mən bu araşdırmamla dilimizdə olan oğuz leksik qatlarını araşdırmaq istəmişəm ki, mənim apardığım tədqiqatın nəticəsinə görə Mahmud Kaşğarinin “Divan”ında olan 300 leksik vahid, oğuz leksik təbəqəsinin ikinci qatını, yəni oğuz-səlcuq leksik qatını əks etdirir. Belə ki, Kaşğari  bu sözlərin oğuzlara aid olduğunu göstərmişdir. Mən də bu sözləri oğuz qrupuna daxil olan Azərbaycan dili və onun ən qədim abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının dili ilə müqayisə edərək, Mahmud Kaşğarinin verdiyi bu sözlərin böyük əksəriyyətinin ana dilimizdə, “Dədə Qorqud kitabı”nın dilində işlənmədiyini üzə çıxarmışam. Bu fakt da mənə dil tariximizdə, oğuz dilində ən azı iki  leksik qatın  olduğunu deyir. Birinci qat, ən qədim qat  və bu qatı əks etdirən “Kitabi-Dədə Qorqud dastanı”nın dili, ikinci qat isə oğuz-səlcuq qatıdır ki, Mahmud Kaşğarinin nümunə verdiyi 300 oğuz mənşəli leksik vahid də oğuz-səlcuq qatının göstəricisidir. Bu nəyi deyir? İlk növbədə onu deyir ki, Azərbaycan türkləri oğuz olsalar da, oğuzların başqa bir qoludurlar və Orta Asiya oğuzlarından fərqlidirlər.

         -Siz qeyd edirsiniz ki, Kaşğari öz əsərində dəfələrlə türkün sərhəddini Rumun, Bizansın sərhədlərindən başlayaraq qələmə alır. Sizcə bu Azərbaycan haqqında məlumatların verilməsi ilə bağlıdırmı?

-Bilirsinizmi, Mahmud Kaşğarinin kitabına hətta illüstrasiya şəklində təqdim etdiyi xəritədə  biz Azərbaycanın  adına rast gəlirik. Və eyni zamanda, qeyd etməliyəm ki, sizin dediyiniz kimi Kaşğari “Divanü lüğat-it-türk”də dəfələrlə türkün sərhəddini Rumun sərhəddindən, Bizansın sərhəddindən bağlayır. Məsələ burasındadır ki, böyük türkoloq bu fikri öz əsərində bir dəfə deyil, bir-neçə dəfə təkrarlayır. Qeyd edək ki, araşdırıcılar bu vaxta qədər bu fakta ya fikir verməmiş, ya da bu fikri sadəcə olaraq qeyd etməklə ötüb keçmişlər. Bu isə ümumtürk tarixi üçün, eyni zamanda, Azərbaycan tarixi üçün olduqca önəmli faktdır. Çünki bu faktla türklərin Rum sərhəddinə, Bizans sərhəddinə yaxın ərazilərdə yaşamaqları inkarolunmaz faktla sübuta yetirilir. Rum sərhəddinə, Bizans sərhəddinə yaxın olan türk torpaqları isə Aran və Azərbaycandır. Bu mənada, bizcə, böyük türkoloqun bu torpaqlar haqqında dediyi sözləri Azərbaycan haqqında dediyi sözlər kimi, fikirlər kimi qeydsiz-şərtsiz qəbul etmək olar. Eyni zamanda, Kaşğari öz əsərində dəfələrlə bu torpaqda yaşayan xalqların, yəni türk xalqlarının dillərinin müxtəlif fonetik, leksik, qrammatik xüsusiyyətləri haqqında da mülahizələr söyləmişdir ki, bu mülahizələri də Azərbaycan türkcəsi, Azərbaycan dili haqqında olan fikirlər kimi  qəbul etmək mümkündür. Sadəcə olaraq məsələ budur ki, Mahmud Kaşğari öz əsərində diqqəti, əsasən, daha çox  Orta Asiyada yaşayan türklərin, oğuzların və eyni zamanda, səlcuq oğuzlarının dillərinə, onların həyatlarına və məişətlərinə yetirdiyi üçün, Azərbaycan oğuzlarını, Azərbaycan türklərini bir o qədər də xüsusiləşdirməmişdir. Bu mənada, biz, Azərbaycan oğuzları Orta Asiya oğuzlarından fərqli bir qoluq. Bizcə bu fərqi hələ XI əsrdə Mahmud Kaşğari də duymuş və məhz şüurlu şəkildə siyasi vəziyyətlə əlaqədar olaraq səlcuq oğuzlarını nəzərə çarpdırmaq üçün diqqəti onların üzərinə yönəltmişdir. Bu mənada, nə qədər ümumi köklərə sahib olsaq da, hər halda, dilimiz də bu fərqliliyi ortaya qoymuş olur ki, mən də öz kitabımda Mahmud Kaşğarinin oğuz leksikasına aid verdiyi 300-ə yaxın leksik vahidi dilimizlə müqayisə edərək bu fərqi göstərmək  istəmişəm.

 – Mahmud Kaşğarinin     “Divanü lüğat-it-türk” əsərinin ilk növbədə lüğət, dilçılik əsəri olduğunu qeyd edirsiniz. Bu mənada, bu əsərin leksik tutumu haqda nə deyə bilərsiniz.

-Təbii ki, bu əsər ilk növbədə lüğətdir, türkcə-ərəbcə lüğət. Mahmud Kaşğari bu lüğətlə ərəblərə türk dilini öyrətmək, onlarda türklər haqqında müəyyən təsəvvür yaratmaq istəmişdir. Bu baxımdan tədqiqatçıların da hesablamalarına görə “Divan”da 9000-ə yaxın leksik vahid öz əksini tapır. Maraqlıdır ki, böyük türkoloq özü bu leksik vahidlərin bəzilərinin yanında onların türk xalqlarından hansına mənsub olduğunu göstərmişdir. Beləliklə, Mahmud Kaşğarinin verdiyi məlumata görə “Divan”da təqribən 30-a yaxın türk dilinin, tayfasının varlığı qeyd olunmuşdur. Bu dillər içərisində təbii ki, oğuz, qıpçaq, yağma, toxsi, arğu və s. dillərin və xalqalrın adlarını çəkmək olar. Lakin eyni zamanda, onu da qeyd etmək lazımdır ki, “Divan”da minlərlə də söz vardır ki, o sözlərin yanında onların heç bir tayfa dilinə mənsubluğu qeyd olunmamışdır. Bu mənada, belə sözləri bütövlükdə bütün türk xalqlarının işlətdiyi, başa düşdüyü sözlər kimi qəbul etmək olar. Bu mənada, bu zaman biz “Divan”da azərbaycanşünaslıq baxımından olduqca maraqlı faktla qarşılaşırıq. Belə ki, biz yanında heç bir tayfa dilinə mənsubluğu qeyd olunmayan sözlərin böyük əksəriyyətini bu gün anlayıb başa düşür, amma yanında oğuzca yazılan 300-ə yaxın sözün böyük əksəriyyətini başa düşmürük. Bu baxımdan, “Divan”la ilk tanışlığım zamanından bu problem məni düşündürdü. Və ona görə də mən öz tədqiqatımı bu istiqamətdə aparası oldum. Və nəticədə də bir qədər yuxarıda dediyim kimi, Azərbaycan dilinin kök etibarilə oğuz qruplu dillərdən olmasını qəbul etməklə yanaşı, bu dilin Orta Asiya oğuzcasından bir qədər fərqli bir şey olduğu qənaətinə də gəldim. Bu qənaəti təbii ki, eyni zamanda, ilk növbədə “Kitabi-Dədə Qorqud” dastanlarının dili də təsdiq etmiş olur. Çünki bu sözlərin böyük əksəriyyətinə  “Kitabi-Dədə Qorqud” dastanlarının dilində də təsadüf etmirik. Məncə, bu qənaət tariximizin də müəyyən dövrünün aydınlaşmasına işıq salır. Belə ki, bu fikirləri ümumiləşdirməli olsaq, deməli  bu dili, yəni Azərbaycan oğuzcasını daşıyan oğuzlar – “Kitabi-Dədə Qorqud” dastanlarının coğrafiyasının təsdiq etdiyinə görə müasir Azərbaycan torpaqlarında ən qədim zamanlardan yaşayan oğuzlar – bu torpaqlarda yaşayan ən qədim türk tayfaları və eyni zamanda müasir Azərbaycan xalqının əcdadlarıdırlar ki, onların da dili və özləri digər oğuzlardan fərqlənirlər.

         – Bu gün müasir Azərbaycan humanitar elmində bir qədər dolaşıq, qarışıq mülahizələr hökm sürməkdədir. Kimisi Azərbaycanda türklərin varlığını XI-XII əsrlərlə bağlayır, kimisi Azərbaycan xalqının formalaşmasını XVI əsrlə əlaqələndirir, kimisi də ümumiyyətlə, Azərbaycan tarixində Şah İsmayıl Xətainin bir o qədər də önəmli rol oynamadığı fikrini söyləyir. Sizcə, bu mənada, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri dilimizi, tariximizi öyrənmək baxımından bizim üçün  nə dərəcədə əhəmiyyətlidir?

-Bəli, doğru deyirsiniz. Bu gün müasir Azərbaycan ictimai fikrində Azərbaycanın tarixilə bağlı fikirlər olduqca dolaşıq və ziddiyyətlidir. Bu ancaq təəssüf doğurur. Amma, sevindirici hal odur ki, faktlar, mənbələr bizim ona yanaşma müstəvimizdən asılı olmayaraq, Azərbaycan xalqının tarixinə qarşı öz doğru-dürüstlüyündə, sadiqliyində həmişə qalıb və qalmaqdadırlar. Təbii ki, belə əsərlərdən biri və birincisi Mahmud Kaşğarinin “Divan”ıdır. Yuxarıda qeyd etdiyimiz kimi, böyük türkoloqun türklərin Rum sınırından etibarən yaşadıqlarını dəfələrlə söyləməsi bizcə, onun qeydsiz-şərtsiz olaraq Azərbaycan türkləri, oğuzları haqqında dediyi fikirlərdir. Deməli, Azərbaycan oğuzları bu ərazilərdə hələ ən qədimz zamanlardan yaşmışlar və bu torpaqlara heç də səlcuq oğuzları ilə gələn oğuzlardan deyillər.

Bilirsinizmi, qeyd etdiyim kimi, “Divan” əslində o qədər zəngin abidədir ki, oradan minlərlə mövzunu çıxardıb araşdırmaq olar. Məsələn, Kaşğarinin türk dilinə bötük önəm verib onun “ərəb dili ilə atbaşı yürüdüyünü” söylədyi fikrə qədər və s. Bunlar nə qədər gözəl və umumtürkoloji baxımdan nə qədər böyük əhəmiyyət daşıyan mövzular olsalar da, məncə bu gün azərbacanşünaslıqla bağlı mövzular daha öndə olmalıdır. Heç kimin xətrinə dəymək istəmirəm. Azərbaycanda guya çox adam bu əsərlə məşğul olmuş, amma əslində hansısa bir dil faktını təsvir etməklə öz vəzifələrini bitmiş hesab etmişlər. Yəni apardıqları tədqiqatların nəticə etibarilə nəyə xidmət etdiyi bir o qədər də məlum olmur. Mən isə dediyim kimi tədqiqatımın nəticəsini birbaşa Azərbaycan dilinin və xalqının tarixi ilə əlaqələndirmək istəmişəm.