– İlham müəllim, həm mediada çalışmaq, həm də ADMİU-da dərs demək, eyni zamanda, Teleradio Akademiyasında müəllim olaraq fəaliyyət göstərmək və bunlarla paralel bu qədər kitablara müəlliflik etmək çətin deyilmi?
– Bu işlərin hamısının məram və məqsədi eynidir. Sadəcə başqa-başqa formada təcəssüm tapır. Yəqin ona görə də çətinlik duymuram. Sadəcə bəzən vaxt darlığından şikayətlənməli oluram.
– Sizcə, teatr, yoxsa televiziya?..
– Teatra marağım Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnsitutuna daxil olub ilk dərsə getdiyim gündən başlayıb. Tələbə ola-ola 1969-cu ildə Azərbaycan Televiziyasının quruluş sexində fəhlə işləmişəm. Efirə ilk dəfə 1971-ci ildə, V kursda oxuyanda “Televiziya klubu” verilişində çıxmışam. Xırda çıxışlarımı nəzərə almasaq, ilk aparıcılığım 1974-cü ildə “Ekran, kino, yeniliklər” verilişi ilə olub. Canlı veriliş idi. 2007-ci ilə kimi başqa işlərdə çalışsam da, televiziyada “Yeni tamaşalar”, “Aktyorlar və rollar”, “Bir ünvan, milyon mənzil” və başqa verilişlərim olub. Elmi yaradıcılığım isə sırf teatrla bağlıdır. Soruşursunuz ki, hansını daha çox sevirəm… Televiziyada çalışmağı, veriliş aparmağı çox şirin süfrə üzümünü dadmağa bənzədirdim: ləzzətli, dadlı və zəngin vitaminli təbiət incisi. Teatr isə üzümdən hazırlanmış faydalı şərabdır. İnsanın duyğularını, hisslərini oxşayır, onu yaradıcılıq eşqinin simalarında məst edir, ruhunu oxşayıb, yazmağa səsləyir.
– Müsahibələrinizin birində milyonçuların heç vaxt teatr sevgisi olmadığını vurğulamışdınız, bu, nədən irəli gəlir?
– Amalı pul qazanmaq olanların, hərisliklə sərvət yığanların maraq dairəsi ayrı istəklərə köklənir və teatr heç yadlarına da düşmür. XX əsrin ilk 20 ilində də belə olub, indiki varlıların da amalları belədir. Onların əksəriyyəti bəlkə də heç Bakıdakı teatrlarda olmayıblar. Olanda da tamaşaya baxmaq üçün deyil, rəsmi tədbirlərə qatılmaq üçün gəliblər.
– Amma Zeynalabdin Tağıyev, Azərbaycanda ilk dəfə olaraq, XX əsrin sonlarında Bakıda teatr binası tikdirib…
– Elədir, ancaq teatr binası heç vaxt Azərbaycan türk truppasının ixtiyarında olmayıb. “Tağıyev teatrı”, “Şəhər teatrı” adlanan həmin bina icarədar A.Polonskinin və sonra da Anton Kruçinin sərəncamında idi. Həmin əcnəbilərin rəhbərlik etdikləri truppa həftənin altı günü o səhnədə tamaşa oynayıb. İstirahət günlərində isə binanı “Müsəlman artistləri dəstəsi”, “Nicat”, “Səfa” adları ilə fəaliyyət göstərən truppalara baha qiymətə icarəyə veriblər. İcarə haqqı baha olduğuna görə milli teatr fədailəri Tağıyev teatrından müntəzəm istifadə edə bilməyiblər. Tamaşalarını “Dənizçilər klubu”, “İnsanpərvərlər klubu”, “Cəmiyyət zalı”, “Köhnə duma” binası (ona “Haşımovun evi” də deyilirdi), Kələntərov salonu, Lalayev pasajının “Qran-vio” zalı, “Mikado” teatrı və başqa bu kimi binalarda oynayıblar. Həmin bina ciddi yanğından sonra əsaslı təmir olunaraq Azərbaycan Dövlət Dram Teatrına 1922-ci ildə verilib.
– İncəsənət aləminə təsadüfi yolla gəlib sənətə sonradan sevgi yarana bilər, yoxsa doğulandan yaranmalıdır?
– Hər ikisi mümkündür. Bu seçim hərədə bir cür ola bilər. Əsas odur ki, həmin sevgi, həmin vurğunluq, həmin heyranlıq duyğuları sənətə gələn gəncin qəlbində qaynayıb coşsun. Mən özümün oxuduğum ali məktəbə və həm də teatr sənətinə təsadüf nəticəsində gəlmişəm.
– Vikipediyada oxumuşam ki, 100-cü kitabınız çapdan çıxıb. Onlar müxtəlif mözvu və janrlardadır: tədqiqatlar da var, monoqrafiyalar da, dərsliklər də var, özünü araşdırmalar da… Bu kitabların hansı sizin üçün daha doğma və əzizdir?
– Yəqin ki, hamısı. Ancaq 3 cildlik teatr ensiklopediyası, 5 cildlik Azərbaycan teatr tarixi, 3 cildlik Akademik Milli Dram Teatrı, 500-dən çox portret-oçerk toplanmış 3 cildlik “Sənət fədailəri” kitablarını ilk növbədə qeyd edərdim. Monoqrafiyalarım 20-dən çoxdur. Ancaq Mehdi Məmmədov, Həsən Turabov, Barat Şəkinskaya, Abbasmirzə Şərifzadə, Mərziyə Davudova, Nəsibə Zeynalova, Yaşar Nuriyev, Vaqif İbrahimoğlu, Amaliya Pənahova barədə olan kitablarım daha ürəyimcədir.
– Hazırda yeni kitab üzərində işləyirsinizmi?
– Ata Cahangir Zeynalov, övlad Nəsibə Zeynalova və nəvə Cahangir Novruzov barədə yeni bir kitab işləyirəm… İnşallah sponsor tapılsa, kitab gələn il işıq üzü görər…
– İlham Rəhimlinin daimi mütaliəsi sənətə aşiqliyindən, yoxsa məsuliyyətli olmağından irəli gəlir?
– Mütaliə məsuliyyət deyil, mənəvi tələbatdır, ruhi qidadır. Onun isə oyanması çox müxtəlif hallarda ovqatlarda mümkündür. Əsas odur ki, həmin hiss insanın qəlbində əbədi qala bilsin.
– Ən böyük arzunuzu bilmək olar?
– Mənim nəzərimdə arzuların böyüyü, kiçiyi olmur. Reallaşanı, həyata keçəni və arzu olaraq adamın daxilində qalıb onu göyüm-göyüm göynədəni var.
– Yaradıcı insanın ruhu bir az başqa olur deyirlər, ruhunuzdan danışaq.
– Ruh hansısa əşya deyil ki, onu ya reallıqla, ya poetik vüsətlə təsvir edəsən. Mənim anlamımda yaradıcı adam özünün ruhunu təsvir edə bilməz. Həmin ruhun təcəssümü yaradıcı adamın qəlbindən çıxan məhsulun dəyər və faydasında, elmi-nəzəri, bədii-estetik təcəssümündə əks olunur.
– Azərbaycan teatrlarının bu günü sizi qane edirmi?
– Tam şəkildə yox. Bu “yox”un da həm iqtisadi, həm inzibati, həm də yaradıcılığa aid səbəbləri ilə bağlılığı var. Ancaq “Azərbaycanda teatr ölüb” deyənlərlə razı deyiləm. Bu ifadəni işlədən “Sarı mətbuat”ın, “Bulvar mətbuatı”nın yazarına sual verəndə ki, “Teatrda son dəfə nə vaxt olmusan?” – çaşıb qalır. Əksəriyyəti də deyir: “Teatr öldüyü üçün neçə ildir ora getmirəm”. Fəaliyyətdə olan hansısa incəsənət obyekti qətiyyən ölü sayıla bilməz. Zəif, primitiv, nöqsanlı cəhətləri isə ola bilər. Bu, təbiidir, ancaq nöqsanlar, qüsurlar çoxdursa, bu barədə həyəcan təbili çalınmalıdır…
– Bəs televiziya necə?
– Televiziya kanallarının çoxusuna pis baxmıram. Onların ayrı-ayrılıqda maraqlı verilişləri də var. Ancaq özəl televiziyaların əksəriyyətinin xalqımızın mənəvi-əxlaqi dəyərlərinə yarıçılpaq “müğənnilərin”, “oxumağı” peşə seçən reklam “aşiqləri”nin primitiv, səviyyəsiz fikirləri, miskin baxışları, dar düşüncələri ilə qiymət verməsi fəlakətdir. Belə verilişlər gec partlayan minaya bənzəyir. Heç kəs bilmir ki, belə minalar nə vaxt partlayacaq və partlayanda hansı mənəvi-əxlaqi fəsadları törədəcək…
– Müasir drammaturgiyamızın çatışmayan tərəfləri nədir?
– Maraqlı drammaturji nümunələr var. Ancaq onlar çox azdır. Böyük uğurlarla, fərəhli yüksəlişlərlə dolu olan həyatımızda mənəviyyatla, insani münasibətlərlə, sosial, ictimai, iqtisadi məsələlərlə bağlı xeyli ciddi problemlər də mövcuddur. Dramaturgiyamızda bu problemlər geniş və dəyərli şəkildə bədii təcəssümünün işlənilməsi çox zəifdir. Qarabağ mövzusunda, möhtəşəm zəfərimizlə bağlı dramatik-psixoloji məzmunlu, qəhrəmanlıq motivli səhnə əsərlərinin yaranmasına böyük ehtiyac var.
– Azərbaycan tamaşaçısının əsas gözləntisi nədir?
– Bizim tamaşaçı teatrdan çox şey gözləyir. Mənimçün maraqlıdır ki, görəsən, bəs teatrlar öz tamaşaçılarından nə gözləyir? Teatrlar niyə öz tamaşaçıları ilə umu-küsü ilə danışırlar? Bax, bunu açıqlamaq daha maraqlı və səmərəli olar.
– İlham müəllim, heç olubmu ki, sənət sizi yorsun?
– Çox olub… Amma bu hal uzun çəkməyib. Qələm əhli yaxşı bilir, yaradıcılığa bağlanmaq “xəstəlik”dir, ondan xilas dərmanı isə çətin tapılar… Bəlkə də elə dərman heç yoxdur.
Şəlalə CAMAL
525.az