- Mədəniyyət

“YARAT” Müasir İncəsənət Məkanında qısametrajlı sənədli film nümayiş olunub

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Bakı Küçə Fotoqrafiya Festivalı” çərçivəsində “Paul Nadarın Bakı səyahəti” qısametrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, film Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutu (IFA) ilə əməkdaşlıq və Fransanın Mədəniyyət Nazirliyi nəzdində Memarlıq və Mədəni İrs Media-Kitabxanasının (la Médiathèque de l’architecture et du patrimoine) dəstəyi ilə çəkilib.

Filmin yaradıcı heyəti müstəqil kurator Könül Rəfiyeva, tarixçi-fotoqraf Rüstəm Hüseynov və bəstəkar Araz Ozaradır.

“YARAT” Müasir İncəsənət Mərkəzinin təhsil proqramı üzrə koordinatoru Ülviyyə Axundova tədbiri açaraq layihənin mühümlüyündən bəhs edib.

Tədbirdə Fransanın Azərbaycandakı səfirinin birinci müşaviri Jülyen lö Lan film haqqında fikirlərini bölüşərək bildirib ki, təqdim olunan sənədli film məşhur fransız fotoqraf Pol Nadarın 1890-cı ildə Bakıya etdiyi səfərinə həsr edilib. Onun çəkdiyi fotolar vasitəsilə Azərbaycan paytaxtının siması və o dövrün sakinlərinin şəkilləri ortaya çıxır. Əlbəttə ki, Bakının küçələrini, limanları, İçərişəhəri və ya dəmiryolu stansiyasını və bir çox simvolik yerləri bu filmdən tanımaq olar.

Filmin ideya müəllifi, müstəqil kurator Könül Rəfiyeva bildirib ki, sənədli film fotoqrafiya tarixində Nadarların irsinin ən maraqlı hissəsi olan Pol Nadarın İstanbuldan başlayıb Bakıdan keçən və Daşkəndədək uzanan səyahətindən bəhs edir: “Pol Nadar portativ kameradan istifadə edən ilk fotoqraflardan biri kimi tanınıb. Onun “Eastman Kodak”ı şəkilləri çətin “daşınan” və kövrək şüşə parçasıyla deyil, daha asan və yüngül olan jelatin plyonkayla çəkməyə imkan verən kiçik ölçülü kamera idi. Bu üstünlükdən istifadə edərək Pol Nadar fotoqrafiya tarixinə görkəmli küçə fotoqrafı kimi daxil olub”.

Filmin rejissoru Rüstəm Hüseynovun sözlərinə görə, 1890-cı ildə məşhur “Yataq vaqonları və məşhur Avropa ekspress qatarları beynəlxalq” şirkəti Zaqafqaziya və Orta Asiyaya səfər təşkil edib. “Pol Nadar bu ekspedisiyada fotoqraf kimi iştirak etməyə dəvət olunub. O, “Transxəzər dəmir yolu”nun ilk xarici sərnişinlərindən biri idi. Bu səfər çərçivəsində Pol Nadar Qafqaza səyahət edərək, Bakıdan keçib gedir. Pol Nadar öz Bakı silsiləsində İçərişəhərə xüsusi diqqət yetirib.

Azərbaycanda Fransız İnstitutunun direktoru Jerom Kel çıxış edərək sənədli filmin zamana, Bakının tarixinə və fotoqrafiyaya aid olduğunu diqqətə çatdırıb.

Sonra film nümayiş olunub.