“YARAT” Müasir İncəsənət Mərkəzində açılan və Azərbaycan, Gürcüstan, İsrail və Ukraynadan olan gənc perspektivli rəssamların yeni qrup sərgisi ziyarətçilər üçün fəaliyyətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, “XX əsrin son çiçəkləri: Y nəsli” adlanan bu sərgi, millenialların şəxsiyyətini əsas mövzular, suallar və problemlər vasitəsilə araşdırır.
“Y nəsli” və ya “milleniallar” – XX əsrdə doğulmuş, lakin yeni minillikdə böyümüş insanlardır. Onları əvvəlki və sonrakı nəsillərdən fərqli olan insanlar kimi dəyərləndirirlər ki, bu da həmin nəslin unikallığını vurğulayır. Ötən əsrin “son çiçəkləri” sayılan bu nəsil, mövcud reallığı şəxsi reallıqları vasitəsilə qurublar.
Sərgi başlıca diqqəti sosial qavrayışın müxtəlif səviyyələri vasitəsilə özünüidentifikasiya və özünüifadə üsullarına cəlb edir. Sərgi sovet keçmişinə istinad edən reallığı əks etdirməklə rəssamların gənclik təcrübəsini ifadə edir. Statik və ya dinamik, durğun və ya mütərəqqi – burada insanların həyatı necə qavraması ilə bağlı müxtəlif təsvirlər var. Yaddaş və nostaljiyə qərq olan əsərlər, sözügedən nəslin formalaşmasında həlledici amil kimi çıxış edən sosial mühiti tədqiq edir. Əsərlər mədəniyyət, submədəniyyət və tendensiyalar kimi anlayışlara nəzər salaraq, həyat tərzi və davranışla bağlı əsas ahəngləri ortaya qoyur.
“XX əsrin son çiçəkləri: Y nəsli” 6 gənc rəssamın video, fotoqrafiya və fotoinstalyasiyalarını bir araya gətirir. Alina Orlov (Israil), Giorgi Rodionov (Gürcüstan), Zamir Süleymanov (Azərbaycan), Yarema Malaşçuk və Roman Himey (Ukrayna), həmçinin Saşa Kurmazın (Ukrayna) seçilmiş əsərləri, eyni zaman kəsiyində yaşayan və müxtəlif ölkələrdən olan gənclərin fərqli reallıqlarını, dəyərlərini və qavrayışlarını nümayiş etdirir.
Dekabrın 30-dək açıq qalacaq sərginin kuratoru Fərəh Ələkbərlidir.