- Manşet, Mədəniyyət

Yaratdığı ekran əsərləri ilə ölməzlik qazanan kinorejissor

Çox istərdim ki, indiki gənclər də, məsələn, Nizamini və Markesi oxuyaraq, Hacıbəylinin, Çaykovskinin, Qarayevin melodiyalarını dinləyərək daxili sakitlik tapmağı öyrənsinlər. Yəqin ki, bu məsələdə onlara kömək etmək, onlarda zövq aşılamaq, maraq dairəsini inkişaf etdirmək lazımdır…

Bu sözləri müsahibələrinin birində hər zaman istedadlı gənclərə yol göstərən, onlara kömək edən mərhum sənətkarımız Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev deyib.

Eldar Quliyevin yaradıcılığına nəzər salanda görürsən ki, onun ekran əsərlərinin hamısı insan haqqında, öz qəhrəmanlarından birinin – dahi Nizaminin dediyi kimi, dünya qədər nəhayətsiz olan insanın müdafiəsi barədədir. Onun istedadı, sənətkarlığı məhz insan naminə mübarizəyə yönəlmişdir.

Eldar Quliyevin yeniyetmə yaşlarında heç ağlına da gətirməzdi ki, həyatını kino ilə bağlayacaqdır. Məktəbdə fizika fənni ilə çox maraqlanır, Moskva Fizika-Texnika İnstitutuna qəbul olmağa hazırlaşırdı. Lakin qəflətən bütün planları dəyişdi: O vaxt kinoteatrlarda Mixail Kalatozovun sensasiyaya çevrilmiş “Durnalar uçur” filmi nümayiş etdirilirdi. Eldar bu filmə dəfələrlə baxmış, qəti qərara gəlmişdi ki, “Rejissor olacağam, kino çəkəcəyəm!”, bu qərarını evlərində bildirəndə hamını mat qoysa da, heç kəs onu fikrindən döndərməyə çalışmadı. Orta məktəbi qızıl medalla bitirəndən sonra iki il işləməli oldu, həmin illərdə əmək stajı olmadan instituta qəbul etmirdilər. Kinostudiyada rejissor köməkçisi vəzifəsində işləməyə başladı. Yalnız bundan sonra Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna qəbul oldu. Əvvəlcə sənədli filmlər ustası Roman Karmenin sinfində oxuyurdu. Bədii filmlər emalatxanası yaradılanda isə Karmenin məsləhəti ilə Eldar oraya getdi.

Təhsil illərində Eldar Quliyev o dövrün qaydalarına uyğun olaraq, özünün yazdığı ssenarilər əsasında kurs işləri çəkirdi. Ssenarilərin əsası kimi çox vaxt Qərb ədəbiyyatı nümunələri, məsələn, Jan Anuy, Henrix Böll, O’Henri kimi sənətkarların əsərlərini seçirdi. Diplom işini isə Azərbaycan yazıçısı Salam Qədirzadənin bir hekayəsi əsasında çəkmişdi. Diplom işini əla qiymətlə müdafiə edəndən sonra doğma Bakıya qayıtdı.

Lakin gənc kinematoqrafçının debütü sənədli kinoda oldu. O, Yusif Səmədoğlunun ssenarisi əsasında Səməd Vurğunun 60 illiyinə həsr edilmiş sənədli filmi Yalçın Əfəndiyevlə birgə çəkmişdi. Filmin musiqisini isə Emin Sabitoğlu yazmışdı. Beləliklə, bir növ üçqat debüt alınmışdı – ilk rejissor işi, ilk ssenari və bəstəkarın kinoda ilk işi.

Ancaq Eldar Quliyev Azərbaycan və sovet kinematoqrafiyasına o dövrdə böyük hay-küyə səbəb olmuş “Bir cənub şəhərində” adlı tammetrajlı bədii filmin quruluşçu rejissoru kimi daxil oldu.

Filmin doğurduğu əks-səda birmənalı deyildi. Onu tərifləyənlər də vardı, pisləyənlər də. Onun ekranlara çıxmasını da xeyli gözləmək lazım gəldi. Senzorlar həmin filmi bir ildən artıq rəflərdə saxlamış, yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələndən sonra bu məsələ öz müsbət həllin tapdı. Bundan ruhlanan gənc kinorejissor böyük həvəslə yeni filmlər çəkməyə qərar verdi.

Yaradıcılıqla məşğul olduğu yarım əsrə yaxın bir müddətdə Eldar Quliyev 20-yə yaxın bədii və çoxsaylı sənədli filmlər çəkib. Həmin filmlərin ssenarilərini də istedadlı gənc azərbaycanlı müəlliflər yazıb.

Eldar Quliyev 1979-cu ildə “Babək” filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı, “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” və s. filmlərə quruluş verib. Həmçinin bir neçə filmin ssenari müəllifi olub. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru olub. E.Quliyev 1987-ci ildən “Debüt” Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan E.Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidenti idi.

Bu gün 80 yaşında dünyasını dəyişən kinorejissor yaratdığı ekran əsərləri ilə bütün zamanlarda mənsub olduğu xalqın qəlbində qalacaqdır.

AZƏRTAC