- Köşə

Yaz, əsgər

 

Gülyaz ƏLİYEVA

Qarabağın tarixinə şanlı zəfər günlərini yaz, əsgər! Bacın qurban, heç yorulma, heç gecikmə, yurdmuzun harayına sən vaxtında, vədəsində çat, əsgər! Ruhlar səni çox izlədi, dağlar səni çox gözlədi! Dağlarıma əzəmətin, o vüqarın qaytar, əsgər! Ahım çatan dağlarıma zəfər marşı əks-sədasın sən tezcə sal, qurban olum! Düşmənimin üzərində birdəfəlik qələbə çal, qurban olum! Şanlı əsgər! Anan qurban  yollarına, sən zəfərlə, sən vüqarla öz yurduna çat, əsgər! Yağı düşmən sürüsünü torpağımdan it sürüsün qovan kimi qov, əsgər! Leşlərini qarğa-quzğun sürüsünə sən yem elə! Qansızları, cəlladları bağrıdalaq eylə,  qabağına qat, əsgər, qan gölündə boğ, əsgər! Min qarğaya bircə sapand deyib, bu “şah”, bu da “mat” de, öz elimdən, öz obamdan tez qov, əsgər!  Güllən yoxsa, murdarları əllərinlə boğ, əsgər! Bayrağımı Qarabağda sən ən uca qayalara, Cıdır düzü, Topxanaya, Xankəndinə, Ərimgəldi qayasına, Əsgərana tez sanc, əsgər! Xocalıda möhkəm vuruş! Ağrın alım! Sən düşmənə rəhm eləmə, qurban olum! Qisasımız qoy heç zaman qiyamətə qalmasın! Döyüşərkən o dağlarda kəfənsizcə ölənləri yadına sal, əzmlə vuruş, ərcə döyüş! Qısas al!

Bacın qurban gözlərinə, sən zəfər çal. Bağçamıza girən zaman mənim əvəzimdən bir nəfəs al! Qarabağın havasını ud! Bu torpağa həsrət gedən qardaşını , gözü yolda anasını yadına sal, möhkəm dayan! İşıq gəlsin gözlərinə, təpər gəlsin ürəyinə, qüvvət gəlsin qollarına! Qəzəbin aşsın, kinin daşsın! Bir nərənlə siçovullar, goreşənlər “padval”lara tezcə qaçsın! Qarşına çıxa bilməsin it sürüsü! Çaylar kim coş, çağla sən, şimşək olub tez parla sən, leysan kimi tök gülləni. Al qisasın nakam gedən əsgərlərin, əsirlərin-yesirlərin, körpələrin, Xocalıda donanların, od-alovda yananların!

Bacın qurban gözlərinə, mənim əvəzimdən evimizə bax, məktəbimiz yerindəmi, bağlarımız yerindəmi, xəbər eylə! Ahım gedən o dağlardan bircə dəstə tər bənövşə, bircə  qom da yovşan gətir, qürban olum! Tər olmasın, qurusu olsun, eybi yoxdur, təki, gətir, görüm! Payız gəlib, bağımızın meyvələri indi dəyib. Nar bağları yerindəmi? Babam əkən o ağaclar heç dururmu, quruyubmu?!

…Qurban olum, yordum səni, istəmirəm daha heç nə! Sən döyüşdə qələbəni qazan gətir! Bu, bəsimdir! Tarixlərə şanlı zəfər dastanımı sən yazginən, bu, bəsimdir! İt sürüsün o bağlardan, o dağlardan, bizə həsrət Qarabağdan bir əmrlə sən qovginən, bu, bəsimdir! Bayrağımı Qarabağa sən sancginən, bu, bəsimdir! Adımızı tarixlərə qızıl hərflə sən yazginən, bu, bəsimdir!

Gedin deyin Xançobana,

Gəlməsin bu il Muğana,

Muğan batdı nahaq qana,

Apardı sellər Saranı …

Daha bir faciəli tarixçə, daha bir nakam məhəbbət dastanı… Daha bir gözəl ifadə, kəlmələrdən hörülmüş naxışlı bir söz xalısı…

Xalq müdrikliyinn ən uca zirvəsi isə mənim üçün atalar sözləri və məsəllərdir. Bu lakonik ifadələrdə nə qədər dərin və böyük məna yatır.

Şifahi xalq ədəbiyyatını primitiv, sadə adlandıranlara, ona ağız büzənlərə sual vermək istəyirəm: Siz bu qısa deyimlərə sığışan mənaları bir kitablıq sözlə ifadə edə bilərsinizmi? Fikrini əsaslandırmağın ən gözəl ifadəsi, məncə, atalar sözləridir. Atalar sözü hər hansı bir məsələdə sanki fikrə bir yekun, bir möhür vurur: ..Neynirəm qızıl teşti, içinə qan qusum?

Təəsşüf ki, son zamanlar bir vətəndaş kimi, bir ana dili təəssübkeşi, bir Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi məni ağrıdan, düşündürən bir məsələ beynimi yormaqda, qəlbimi gəmirməkdədir. Dilimizə, klassiklərimizə, milli-mənəvi dəyərlərimizə bu aşağılayıcı münasinət, onları gözdənsalma kampaniyası haradandır belə?! Bu haradan qaynaqlanır?! Xalqın milli-mənəvi sərvətlərinə, dilinə təcavüz cəsarətini haradan alırlar, görəsən? Uzun illər boyu qoruyub inkişaf etdirdiyimiz doğma ana dilimizə ögey münasibət nədəndir belə? Dilimizə qarşı biganəlik və laqeydlik, hörmətsizlik son illər iri addımlarla irəliləməkdədir. Yenə Bakını sürətlə “ruskoyazıçnı”ların danışığı başına almaqda, ana dilimizi küncə sıxışdırmaqdadır. Unutmayaq ki, dili verilən sərəncamlar yox, xalq qoruyur və inkişaf elətdirir, onun yaratdığı əsərlər şair və yazıçıları qoruyur. Necə ki uzun müddət məqsədli surətdə quzeydə ruslaşdırma, güneydə farslaşdırma siyasəti xalqa öz dilini unutdura bilmədi. Eləcə də verilən qərarlar xalq olmasa, onun şifahi və bədii ədəbiyyatı olmasa, dili yaşada bilməz.

Uzun illər ingilislər Hindistanı müstəmləkə əsarətində saxladılar. Öz dillərini onlara qəbul elətdirsələr də, Hindistanın milli-mənəvi dəyərlərinə toxuna, ana dilini unutdura bilmədilər. Hindistanda hamı ingilis dilini bilsə və o dildə danışsa da, hindlilər öz dillərini unutmadılar. Buna səbəb isə onların mahnıları oldu. Məhz mahnılar – şifahi xalq ədəbiyyatı hind dilini unudulmağa, sıxışdırılmağa qoymadı…

Ən dəhşətlisi odur ki, milli-mənəvi dəyərlərimizi gözdən salma, dilimizə

divan tutma sadə vətəndaşlar tərəfindən deyil, çox zaman o dilin təəssübünü çəkməli olan adlı-sanlı dil mütəxəssisləri tərəfindən həyata keçirilir. Dili bir var sadə vətəndaşlar korlaya, bir də var, o dili qorumalı olanlar…

Fikrimi bir atalar sözü ilə bitirmək istəyirəm:

Hamı dəli olanda mollanın yanına gedir, vay o gündən ki, molla özü dəli ola…