- Dil

Yazıçı dili və ədəbi dil

Qəzənfər KAZIMOV, professor

(B. Bayramovun ”Tək palıdın kölgəsi” romanı üzrə)

Bədii ədəbiyyatın dili uzun müddət ədəbi dil ilə eyniləşdirilmiş, yazıçı üslubuna məxsus fərdi xüsusiyyətlər ədəbi dil norması kimi izah edilmişdir. Dil tarixinə dair dərslik, dərs vəsaiti və monoqrafiyalarda bu cəhət indi də güclü mühafizə olunmaqdadır. Vaxt olub ki, bədii əsərin dili sırf estetik kateqoriya, fərdi söz sənəti kimi öyrənilib, bədii dil məsələləri ədəbi dil problemlərindən təcrid edilib. Şübhəsiz, hər iki halda bədii əsərin dilinin spesifik hadisə — ədəbi dilin spesifik üslub forması olduğu unudulur. Bədii dil dövrün, epoxanın ədəbi dilinin tam və geniş ifadəsinə xidmət etmək imkanları ilə yanaşı, yazıçının çox sevdiyi, çox işlətdiyi, yalnız onun öz yaradıcılığı üçün tipik olan fərdi-üslubi vasitələrin də daşıyıcısıdır. Buna görə də yazıçı dili ədəbi dilin normalarına əsaslanmaqla, həm də ciddi spesifik keyfiyyətlərə malik olur. Baxmayaraq ki fərdi üslubun daşıyıcıları obraz nitqində daha çox cəmləşir, lakin dilin qeyri-ədəbi ifadəlilik vasitələrindən və fərdi çalardan məhrum olan ”təmiz” yazıçı təhkiyəsi qeyri-mümkündür. Həqiqi sənət əsəri, ilk növbədə, ifadəlilik vasitələrinin zənginliyi ilə diqqəti cəlb edir və belə əsərlərdə yazıçı qələmi dilin bütün leksik və frazeoloji qatlarına nüfuz edir. Buna görə də həqiqi iste’dad ümumxalq dilinin zənginliklərini üzə çıxarmaq qüdrətinə malik olur, ədəbi dil hüdudları ilə məhdudlaşmayaraq, ümumxalq dili okeanına baş vurur. Şübhəsiz, belə bir yaradıcılıq prosesində bədii əsər sənətkarın fərdi yaradıcılıq axtarışlarının nəticələrini də əhatə edir.

Həm tarixi, həm də müasir mövzularda, həm keçmişdə, həm də bu günlərdə yazılmış dram, nəsr və poeziya nümunələrinin dili bu fikrin təsdiqi üçün zəngin material verir. Biz konkret bir əsərin — xalq yazıçısı B. Bayramovun ”Tək palıdın kölgəsi”1 romanının dil faktlarına nəzər yetirməklə kifayətlənəcəyik.

Romanda təsvir edilən hadisələr Sovet hakimiyyətinin ilk illəri ilə hazırkı dövrü birləşdirir. Şəhər həyatı, sadə adamların, tibb işçilərinin, vəzifəli şəxslərin fəaliyyəti, bu fəaliyyətin ümumi görünüşü və nəticələri bizi 60 illik bir dövrün bir sıra hadisələri ilə tanış edir.

Əsərdəki hadisələr Bacıxanım xətti və Kifayət — İnayət xətləri üzrə qurulmuşdur. Birinci xəttin təhkiyəçi obrazı ”Üçkünc” bağın xidmətçisi Bacıxanım, ikinci xəttin təhkiyəçi obrazı müəllifdir. Birinci xətt 20-ci illərin sonlarında baş verən hadisələri, ikinci xətt hazırkı dövrlə bağlı məsələləri əhatə edir. Birincisinin Məmmədbəy, Mayaxanım, Zülalov, Əlniyaz, Bacıxanım kimi, ikincisinin Kifayət, İnayət, Lələ, Mahnur kimi obrazları vardır. Əslində, bu iki dövrü birləşdirən Bacıxanım və Lələ (Lətif Zülalov) obrazlarıdır. Bir-birini dərin məhəbbətlə sevən İnayət və Kifayətlə, həkim Məmmədbəylə, onun arvadı Mayaxanımın istək və arzuları, sosial-ictimai və fərdi-psixoloji münasibətləri, xalqa xidməti, insanpərvərliyi ilə, Zülalov kimi ”bazburutlu”, ”pensneli”, ”peyğəmbər cildinə girmiş”, ”faytonlu” bir iblisin, bir canavarın bu ailəyə müdaxiləsi ilə bizi tanış edən də Bacıxanımdır.

Təbii ki, Bacıxanımın və digər obrazların nitqi ilə müəllif təhkiyəsi fərqlidir. Doğrudur, Bacıxanım bir təhkiyəçi kimi ardıcıl deyildir, müəyyən hissədən sonra onun təhkiyəsini də müəllif təhkiyəsi əvəz edir, lakin əksər hadisələri yazıçı onun dilindən vermişdir. Bacıxanımın nitqini müəllif obrazı səviyyəsində düşünmək olmaz. Çünki Bacıxanım özü də bir obrazdır və əsərdə müəllif obrazı səviyyəsinə qaldırılmamışdır. Müəllif haqlı olaraq buna cəhd etmir. Bacıxanım Məmmədbəyin, Mayaxanımın yanında tibbi xidmətlə bağlı bir çox sirləri öyrənmiş olsa da, şəhərdə məşhur mama-həkim kimi tanınsa da, özünü Əlniyazın yadigarı tək palıdın yerləşdiyi Üçkünc bağa həsr etmişdir və uzun müddətdir ki, bu bağın xidmətçisi vəzifəsində işləyir. Beləliklə, onun nitqi də realist yazıçı qələmi ilə yalnız bağ xidmətçisinin nitqi səviyyəsində tipikləşdirilə bilərdi və B. Bayramov bu cəhəti diqqətlə nəzərə almışdır. Elə buna görə də əsərdə qeyri-ədəbi nitq vasitələrinin — şivə çalarlı, loru, vulqar söz və ifadələrin əksəriyyəti onun təhkiyə dilindədir. Lap ilk cümlələrində bu cəhət aydın nəzərə çarpır: ”Boyuna-buxununa, geyiminə-geciminə baxırsan, deyirsən bəs un vursan yapışmaz, di gəl ki, almanı at kimi gəmirməyi özünə qalsın, cecəyini qolazlayır hara gəldi… Amma sallana-sallana havalanmağa gələndə gözlərinə bir tullantı dəydimi, der-der deyinirlər… ” Göründüyü kimi, atmaq, tullamaq mə’nasında şivə çalarlı ”qolazlamaq” sözü, kinayə və e’tiraz çalarlı ”özünə qalsın”, ”der-der deyinmək” ifadələri ilə yanaşı, Bacıxanımın müqayisələri də vulqar və qeyri-ədəbi xarakterdədir: ”boyuna-buxununa un vursan yapışmaz”, ”almanı at kimi gəmirməyi”. B. Bayramov sözün məcazilik imkanlarından, ümumxalq dili ifadələrinin semantik tutumundan yaradıcılıqla, ustalıqla istifadə edən bir sənətkar kimi, buradakı ”havalanmaq” sözünü də Bacıxanımın nitqində lazımi istiqamətdə mə’nalandıra bilmişdir: xalq dilində ”dəli olmaq”, ”başına hava gəlmək” mə’nasında işlədilən bu söz verdiyimiz parçada Bacıxanımın sənətinə uyğun səciyyələndirilmiş — ”hava almağa, istirahətə gələndə” mə’nasında işlədilmiş, lakin kinayə çalarını da mühafizə etmişdir. Romanın dilinə qeyri-ədəbi normaları əks etdirən söz və ifadələr, müqayisə və məcazlar bu yolla daxil olur, obraz nitqi bu şəkildə tipikləşdirilir. Bu cəhətdən müəllif təhkiyəsi təmiz və ədəbi normalara daha uyğundur: ”Günəş göyün ortasına millənəndə, sanki üfüqlər öz köynəyinin yaxasını başdan-başa açdı. Yer üzünə xəfə, bürkü çökdürən buludların əli, ətəyi bir-birindən üzüldü. Mehin yolundan qalın-qalın pərdələr çəkildi, nəfəslər genişlənməyə, pörtmüş sifətlər alınıb-açılmağa üz qoydu… Bu mehdən, palıdın yarpaqlarını qımıldadan küləkdən, elə bil, İnayətin səmtinə heç nə əsmirdi… ”

Buradakı ”alınıb-açılmağa”, ”qımıldadan” sözləri canlı danışıq dili vasitələridir və ədəbi norma sayılmır. Lakin hadisə və obrazları xarakterizə etmək, bədii dili rəngləmək, zənginləşdirmək məqsədi ilə yazıçı bu cür vasitələrdən istifadə etmək imkanına malikdir, çünki yazıçı təhkiyəsi də bədii dildir və ədəbi normalarla tam eyniləşdirilmir.

Danışıq dili sözlərindən yazıda düzgün istifadə etmədikdə sün’ilik dərhal hiss olunur. Ona görə də yazıçı, adətən, canlı danışıq dili sözlərini, şivə leksikasını, arxaizmləri, alınmaları, terminoloji söz və birləşmələri diqqətlə araşdırmalı olur və daha çox obraz nitqində işlədir. B. Bayramovun nəsrində də belədir: ”Tək palıdın kölgəsi” romanının dilində ümumxalq dilinə məxsus çox rəngarəng söz və ifadələrə rast gəlirik. Lakin yazıçı xalq dilindən götürdüyü söz və ifadələri olduğu kimi işlətməmiş, dilin potensial imkanları hesabına onları semantik cəhətdən gücləndirməyə çalışmışdır. Məsələn, xalq dilindən gələn ”pulunu balta kəsmir” ifadə-mübaliğəsini müəllif obraz nitqində ”Mənim kürəkənimin pulunu ovxarlı qəssab baltası da kəsə bilməz” şəklində kəskinləşdirmişdir ki, burada müəllif əlavəsinin — ”ovxarlı qəssab baltası”nın mühüm rolu vardır. Metaforaların canlı dilə əsaslanan güclü formaları xalq ifadə tərzini saxlamaqla, olduqca xoş tə’sir bağışlayır. Kifayəti kəndə aparan sürücünün çayın kənarında çılpaq İnayətə dediyi ”Əynini gey, yekə kişisən” sözləri oxucuya ləzzət verir, keçmişin ədəb-ərkan ən’ənələrini yada salır.

B. Bayramov obrazları xarakterizə etmək üçün müqayisələrin gücündən daha çox istifadə edir. ”Cavanlıq sənə çox yaraşır, Bacı, xənçələ gümüş yaraşan kimi” sözləri Lələnin — Zülalovun keçmişini, Bacıxanımın həyatını necə zəhərlədiyini yada salır; Kifayət Üçkünc bağı ”Bermud üçbucağı” adlandırır, ona görə ki məhəbbətin gizli duyğularını burada yaşamağa başlamış, məhəbbət tilsiminə burada düşmüşdür. Bir çox mьqayisələrdə şən yumor bənzəyənlə bənzədilənin gözlənilməz oxşarlığından doğur: ”Əlniyaz Bacıxanımın aləmində yenicə düvələk bağlamış balqabaq idi”. ”Elə bil, boğazı məxmərlə astarlanmışdı, səsi bişmiş barama ipəyi kimi yumyumşaq idi”, ”İndinin qızlarının bir qismi baxırsan ki, şümaldı, tərdi-təravətlidi, nə təhər ki parnik xiyarı” (sonuncu müqayisə uğurlu olsa da, sintaktik quruluş alınmadır) və s. Ümumən B. Bayramov fikri müqayisələrlə ifadə etməyi xoşlayır (bu cəhət həm obraz nitqinə, həm də müəllif təhkiyəsinə aiddir): sucuq yerin qamışı təkin boy verib, ada dovşanı kimi yağlı-sığallı, ürəyim quru yer qurbağasına döndü. Mayaxanım öz dünyasında qır qazanı kimi qaynayırdı və s. Bə’zi bədii tə’yinlər də məzmunca bu müqayisələrə yaxındır: üst dodağı çərmək kişi, ”yunquşturm” geyimli arvad, uşaq-doğum loğmanı Məmmədbəy, əfibaşlı sual işarələri və s.

Məhəlli və arxaik sözlər, alınmalar, terminoloji söz və birləşmələr romanın leksik tərkibinin mühüm bir hissəsini təşkil edir. Faktlar göstərir ki, canlı danışıq dilində işlənib, bədii dildə nisbətən az təsadüf edilən sözləri yerində işlətdikdə fikrin tutumu artır, emosionallıq güclənir. Əsərdə ”asfaltları oyalayıb” birləşməsi də, ”söhbətləri oyalananda” birləşməsi də vardır; birincisi fikrin adi, cari ifadə tərzidir, ikincisi metaforikdir, bədii və tutarlıdır. Eləcə də ”qayğılanır” sözü uğurla seçilmişdir. Bacıxanımın təhkiyəsində və dialoqlarda: bu qız azardardır, azaylanırdı, kirimişlik oldu, kürük, gürrahı, sürhaylayıb gedib, bikeflənmisən, ölüşkümüşdü, yasalamışdılar, heylə, xıjmınan, çöndü, düvələk, day (daha), qabqardı, dəbərtmək, sovlaya-sovlaya, sovlu tiyə, dər-dəyişək, müxəllifat, səvərmək, sətnimək kimi sözlər romanın dilində fərdi-üslubi nitq vasitələridir və bunlardan bir qismi, xüsusən fe’llərdən ibarət olanlar dilin zəruri elementləridir, tipikləşdirmə prosesində istifadəsi mümkün olan leksik vahidlərdir. Yazıqlaşdı, allandım (qızardım), hoqquldayıb güldü, milləndi (başı üstə yerə gəldi), quylamaq kimi məhəlli və ya arxaik çalarlı fe’llər, xozeyin, ağa, ləbbadəsilist, sicim kimi tarixizmlər də bu qəbildəndir; sorğu-sualın altı — uğurlu metaforadır; qulaqlarına, elə bil, qızmar yeridi, üz-gözünü şum eləmək, qılçalarının iliyinə deyirdin bəs dağlov yeriyir, cəng-cidala çıxmaq kimi ifadələr də xəlqidir.

Romanın dilində profil, anfas, podmalçişka, duel, podruqa, mitinq, yunquşturm, pensne, ekspertiza, şankir, silist, ekzema, şpris, ampula, preparat, pnevmaniya, revmatizm, miokard, portmanat, doktor, direktor, piramidon, profilaktik, ştamp, flakon, akuşerka, sanitarka, bnikarlo, furajka, filtr, konsilium kimi rus və Avropa; mürəxxəs olmaq, ləbbadə, qıfılbənd, müxəllifat və s. kimi ərəb-fars mənşəli alınmalar vardır. Bu cür sözlər hadisələrdən doğur və indiki nəslin başa düşməsi üçün çətinlik törətmir. Düyünlü müddəalar, mama həkimləri, tibb bacıları, tibb qardaşları, beşdəqiqəlik, tə’rifnamə, təşəkkürnamə, arayış kimi terminoloji sözlər və birləşmələr də əsərin mövzusu ilə bağlıdır.

B. Bayramov yazıçı təhkiyəsini obrazlı məcazlarla rəngləyir, fikri emosional mübaliğə və kiçiltmələrlə, troplarla bədiiləşdirir. Bə’zən hadisələri maraqlı metaforlaşdırmalarla nəql edir: ”Bacıxanım hansı kitabınsa yuxusunu pozurdu. ” Sineqdoxalar obrazı səciyyələndirmə və ümumiləşdirmə gücü ilə nəzəri cəlb edir: ”Əli təsbehlilər, yarmapapaqlılar bu bağda seyrə çıxmasaydılar, yataqları daşa dönərdi”. ”Pensneli hər şeyə zənlə baxa-baxa çıxdı eyvana. ”

S. Rəhimov kimi, B. Bayramov da fikri qoşa sözlərlə, həmcins və ya sinonim söz və ifadələrlə qollu-qanadlı ifadə etməyi sevir və bu cəhət onun nəsr dilində bir üslubi keyfiyyət kimi özünü göstərir: ”Əyninə yapışan-yaraşan xalatda tən-dürüst görünürdü”, ”silinib-sığallanıb xalatı çıxarardı”, ”dalaşıb-cırmaqlaşmışdılar”, ”ağır-yüngül günləri, kamlı-nakam çağları”, ”kəndin-kəsəyin dərdini araşdırmaq”, ”enli-uzun eyvanın tərcümeyi-halı” və s. cümlə və birləşmələr tərkibindəki qoşa sözlərə hələ əsərin ilk səhifələrində təsadüf edilir. Sonrakı səhifələrdə həm obraz nitqində, həm də müəllif təhkiyəsində bu cür: mülayim-sakit dolanır, mə’lul-müşkül baxıb, vaxtı-və’dəsi qalmamışdı, boyuma-sinəmə tuturdu, qartal-çalağan, sel-su sənin taleyinə əl uzada bilməz kimi qoşa sözlər yüzlərcədir. Romanın dilində məfhumun incə çalarlarını əhatə edən zəngin sinonim cərgələrə tez-tez təsadüf edilir; məsələn: ”Yaxşının yaxşısını deyib, nümunə elədiyin kimi, pisin də pisliyini, məkrini, yalanını, riyasını, xəyanətini, cinayətini de. ”

B. Bayramov ayrı-ayrı söz və ifadələrdən, atalar sözləri və məsəllərdən obrazları səciyyələndirmə vasitəsi kimi geniş istifadə edir. ”Ya lələ şələni basar, ya şələ lələni” məsələnin ilk hissəsini xatırlatmaqla (”Lələ şələni basır, yə’ni Lələ qocalığa məhəl qoymur”) Lələnin — Lətif Zülalovun bütün dəhşətli keçmişini yada salır. Bu həmin Zülalovdur ki, ”şəhərdə faytonlu, sözü ötən bir idarənin başçısı” olmuş, cinayətlərinin çoxunu da vəzifəsinin köməyi ilə pərdələmiş, xeyirxah insanları ləkələmiş, Məmmədbəy kimi əsl xalq həkimini hər cəhətdən məhv etməyə çalışmışdır. Zülalovun əməllərinin nəticəsidir ki, Məmmədbəy evsiz-eşiksiz qalmış, xəstəxana küncündə yaşamalı olmuş, ağır xəstələri qoyub böyüklərin arvadlarına baxmağa getmədiyi üçün dəfələrlə təhqir edilmiş, özünün dediyi kimi, az qala küçədə itin hürməyini də ondan görmüşlər. Zülalov bunlarla kifayətlənməyərək, Məmmədbəyin ictimai mənşəyinə əl atır, bu yoxsul balasının adındakı ”bəy” sözündən yapışır, müdir olmaq üçün doldurduğu anketə ”əfibaşlı sual işarəsi” qoyur, hamının ”allah” dediyi, ”mələk” hesab etdiyi Məmmədbəyi xalqa xidmətdən, yaşayışdan, dirilikdən məhrum etməyə çalışır. Hətta kinayə ilə onun bığını da ”bəy bığı” adlandırırlar. Məmmədbəy öz xalqının sağlamlığı, artması, inkişafı uğrunda hər şeyi qurban verməyə hazır olduğu halda, Zülalov xalq üçün yanan hər bir işığı əzazilliklə söndürmək, məhv etməklə məşğuldur. Zülalovun simasında şərin, xəyanətin ”gizli, qapqara, qıllı əli” xeyirxah insanların həyatına uzanır, həm də canavar hərisliyi, canavar cəsarəti ilə uzanır. Zülalov kimilərin təbiətindəki yırtıcılığı başa düşə bilməyən Bacıxanım suallar, müəmmalar qarşısında qalır, anlaya bilmir ki, nə üçün mələk kimi bir adam — Məmmədbəy birdən-birə öz vəzifəsindən, ev-eşiyindən, hələ üstəlik öz arvadından da əl çəkməli oldu. Bacıxanım başa düşə bilmir ki, Zülalov çox dəhşətli bir iblisdir və bu iblisin devizi çox murdardır: ”Sənədsiz-sübutsuz vicdan havadır, əzizim, küləkli hava… Möhürlə, ştampla, qolla vicdanın qapısını elə qıfıllayırlar ki, nəfəsi birdəfəlik batır. ” Zülalov özündən, öz xidmətlərindən çox razıdır, hiylə və saxtakarlıq yolu ilə yüz dəfələrlə ”filtrdən keçdiyini” riyakarlıqla yada salır: ”Burada neçə-neçə tə’rifnamə, təşəkkürnamə var mənim barəmdə. Elə arayışlarım, xasiyyətnamələrim var ki, dağa vursan, dağı yarar. Mən can qoymuşam, mən mənəm… ” Bütün bu misallardakı səciyyəvi sözlər və birləşmələr hər iki qütbü yaxşı xarakterizə edir, Zülalov kimiləri qoruyub saxlayan, filtrdən keçirən, onu arayış, tə’rifnamə, təşəkkürnamələrlə mühafizə edənlərin özlərini də nifrət obyektinə çevirir.

Lətif Zülalov — Lələ belə adamdır və qəribədir ki, ”Qətl günü”ndəki Salahov kimi, tale onun da uzun müddət cəmiyyətdə öz yaramaz əməllərini davam etdirməsinə imkan verir, hələ bir fərdi pensiya da alır, hələ bir onun heykəlini də qoymağı təklif edən ağzı göyçəklər tapılır. Zülalovun bəd əməlləri 40-45 il sonra da öz ”bəhrəsini” verir, Kifayət və İnayət kimi gənclərin sağlam ailə qurmasına mane olur. Məhz yazıçını da düşündürən bu cəhətdir və o, buna tipik söz və ifadələrlə, uğurla tapılmış incə detallarla nail olmuşdur. Bir nəfər yaramazın yüksək bir vəzifəni ələ keçirməsi uzun müddət cəmiyyətdə öz mənfi tə’sirini saxlayır, ictimai inkişaf və əxlaq məsələlərində mənfi izlər qoyur.

Romanın bədii sintaksisi ədəbi dil normalarına əksərən uyğun olsa da, obraz və müəllif dilində cümlə üzvlərinin inversiyası mühüm yer tutur. Lakin bu inversiya sün’i emosionallıq vasitəsi olmayıb, canlı dilin xüsusiyyətləri və məntiqi vurğu ilə bağlıdır. B. Bayramov müasir nəsrdə geniş işlənən, lakin kökü qədimlərlə bağlı olan sintaktik parselyasiyalardan da müvafiq şəkildə istifadə etmişdir. Parselyasiyalar— qoşulma və ya əlavə cümlələr əsas cümlədən sonra gəlməklə (nöqtə və ya vergüllə ayrılır), sanki əsas cümlədə söylənməli olan, lakin sonradan yada düşən və ya əvvəlki fikri dolğunlaşdırmaq, izah etmək, konkret nümunələrlə isbat etmək xarakteri daşıyan yarımçıq cümlələrdən ibarətdir və bədii dil üçün müvafiq vasitələr olduğundan B. Bayramov da yeri gəldikcə belə cümlə quruluşlarına müraciət edir: ”Bacıxanım… bütün sahəni silib ayna kimi təmizə çıxarana qədər dinclik tapmazdı. İstər alaçalpov qar töksün, istər külək tüğyan eləsin, istər ilk baharın alagöz səhəri, rayihəli mehi onun qırışlar cığır salmış əlini oxşasın. ” Bu cür cümlə quruluşları arabir obraz nitqində də müşahidə olunur: ”Maya, mehribanım, elə yavaş-yavaş, xırda-xırda baxıram ki, mütəxəssis kadrlarımız əmələ gəlməkdədir. Mama həkimləri, akuşerkalar, tibb bacıları, tibb qardaşları. ”

B. Bayramovun ”Tək palıdın kölgəsi” romanı ideya-estetik keyfiyyətlərinə, aşılamaq istədiyi arzu və amallara, bədii fikrin əhəmiyyətinə görə xeyirxah məqsədlər daşıyır, millət və xalq fədailərinin qarşısına çıxan pensneli iblisləri bədii və obrazlı dil ilə ifşa edir, insan üçün daxildən gələn səs — vicdan səsi arzulayır, insanı mə’nəvi kamilliyə səsləyir.

1984