Iyirmi hekayəni əhatə edən kitabın nəşr ünvanı “Füyuzat”dır.
Cəmiyyətin ictimai-sosial həyatına həssaslıqla yanaşan müəllif indiyədək saysız-hesabsız publisist mətnlər, hekayə, gündəmlə səsləşən esselər, resenziyalar yazıb.
Dil məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrin hər biri kitablarına daxil edilib.
Müəllifin çap olunan ilk kitabı “Qəlbimin istəkləri”dir. Yalnız şeirlərdən ibarət olan kitab 2008-ci ildə çapdan çıxıb.
Vətən, yurd, el-oba sevgisi, müharibənin fəlakətləri, fərdi yaşantılar, sevginin paklığını, ayrılıq əzablarını əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən yazıçı” kitabından sonra pandemiya dövrünün ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik məhdudiyyəti, ölümü, ayrılıqları, ana dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin faydalı-zərərli tərəfləri haqqında geniş yazıların toplaşdığı “Karantin zədəsi” kitabı işıq üzü görüb.
Yazıçı dördüncü – “Bir də gördüm…” kitabını atasının xatirəsinə həsr edib.
Bədii-publisist yazıları əhatə edən “Asan çətinliklər” bu ilin mart ayında ərsəyə gəlib.
İnsanları düşündürən, narahat edən mövzularda P.Bayramqızının sosial şəbəkələrdə yazdığı statuslar izləyicilər tərəfindən maraqla qarşılandığından bir çox deyimləri dillər əzbəri olub. Yazıçı mənən zəngin-yoxsul fərdlərin daxili aləmini, onların sosial həyatdakı davranışlarını, bir-birinə münasibətlərini xırda detallaradək təsvir etməyi bacarır.
Digər kitablarından fərqli olaraq “Siz harda yaşayırsınız?” kitabında yalnız hekayələr yer alıb. Əksəriyyəti müəllifin yaradıcılığının ilk mərhələsində qələmə alınan nəsr nümunələrinin mövzusu müxtəlifdir. Eyni zamanda son aylarda sayt, qəzet və jurnallarda dərc edilmiş yeni hekayələrin də sıralandığı kitab sayca altıncıdır.
“Dağıntılar altındakı sevinc” hekayəsində Azərbaycan qadınının son nəfəsində də həyasını qoruduğu məqam təsvir edilib. “Pul kisəsi”, “İnsanlığın hekayəsi” müharibənin insanların həyatında buraxdığı xatirələri, əməlləri obrazların hissləri, rəftarları vasitəsilə göstərir. “Ağ divarda qara yazılar…”, “Yazılmayacaq hekayə” sevgi mövzusundadır. “Uzaq səfər – yaxın yol” hekayəsində ağbirçəyin el-obasına bağlılığı bədii boyasız təsvir edilir. “İki qadın” fərqli həyat tərzi yaşayan qadınların daxili nitqindən, “Uçurum”sa cavan nəsillə yaşlı nəslin həyata baxışından bəhs edir.
Oxucuların illərdir maraqla oxuduğu “Yeddi sual” hekayəsi də kitaba daxil edilib. Digər hekayələrin mövzusu ilə tanış olmaq və “Siz harda yaşayırsınız?” sualının kimə ünvanlandığını bilmək istəyənlər üçün kitab oxucuların ixtiyarına verilir.