- Müsahibə

Yazılarımı ona göstərməkdən ehtiyat edirdim – “Atalar və oğullar”

Nəriman Qasımoğlu: “Atam 90-cı və 2000-ci illərdə bəzi şairlərin “qadın, araq şüşəsi, külqabı, siqaret tüstü”lü şeirlərini oxusaydı, bağrı çatlayardı”

Ənənəvi atalar və oğullar problemi çoxlarına bəllidir. Bəs ədəbiyyatda eyni problem necə meydana çıxır və yaxud nəticələri nədən ibarət olur? Bu barədə fikirləri övladlardan soruşmağa qərara aldıq. Müsahibimiz tanınmış şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru Qasım Qasımzadənin oğlu şair, şərqşünas-alim, “Qurani-Kərim”in Azərbaycan dilinə bədii tərcüməçisi, professor Nəriman Qasımoğludur:

– Ədəbiyyatda atalar-oğullar problemi necə təzahür edir?

– Bu barədə fikrimi daha dəqiq ifadə üçün yaxşı olardı, ilk şeirlərimi yazdığım illərə qayıdım. Orta məktəbdə oxuyurdum, hələ ciddi şəkildə şeir yazmırdım, dostlarım üçün ara-sıra fikir-filan qafiyələndirən vaxtlarım idi – bundan Qasım müəllim xəbərsiz idi. Öz yazdığı yeni şeirlərini isə evdə şəxsən mənə oxuyurdu, hətta hərdən soruşurdu ki, filan sözü sətrin filan yerində işlətsə yaxşıdır, yoxsa başqa yerində? Təcrübəsiz bir uşağa göstərdiyi bu etibar məndə elə bir məsuliyyət hissi yaratmışdı ki, sonradan öz aləmimdə ciddi saydığım yazılarımı ona göstərməkdən ehtiyat edirdim. Yəni görürdüm sözə necə məsuliyyətlə yanaşır, qorxurdum ki, birdən şeirlərimi bəyənməz. Yazdıqlarımı ondan gizlədirdim. Şeir yazmağımdan onda xəbər tutdu ki, tələbəlikdə Yəmənə, universiteti bitirəndən sonra Liviyaya tərcüməçi işləməyə gedəndə xaricdən yazdığım məktublarda bəzi şeirlərimi ona təqdim etməyə başlamışdım. Tərif-filan yazmırdı, tənqid də etmirdi, sadəcə bəzi məsləhətlərini verirdi. Bir də ki, xariclə məktublaşmaların təhlükəsizlik orqanlarında yoxlamadan keçdiyi barədə hamıda qənaət vardı deyə, düşünürdüm, bəlkə, ciddi rəy bildirməməyi bununla bağlı idi. Çünki şeirlərin sətiraltısında o dövrün ideologiyası üçün münasib sayılmayan mətləblərə də toxunurdum və bu, əslində, Qasım müəllimin bizə ailədə övladlarına aşıladığı siyasi tərbiyədən gəlirdi. Amma sonradan məlum etdim ki, şeirlərimi dostlarına oxuyurmuş. Bu, məndən ötrü şair kimi qəbul olunmaq demək idi. Və rahatlıqla öz şeirlərimi ona oxuyur, onun yazdıqlarını da birgə müzakirə edirdik.

– Şeirlərinizdə ona maraqlı gələn hansı məqamlar idi?

– Əlbəttə, Qasım müəllimə maraqlı gələn, elə bilirəm, mənim fərqli tərzdə yazmağım idi. Sözün açığı, aramızda ədəbiyyat məsələlərinə dair ciddi fikir ayrılığı yarandığını xatırlamıram. Qasım müəllim şairlikdən savayı, ciddi ədəbiyyatşünas idi. Onda həm öz yazılarına, həm də başqalarının fərqli üslublu yazılarına ayıq və azad münasibəti formalaşdıran, xasiyyətindən savayı, həm də, şəksiz, alimliyi idi. Fərqli estetikada yazan Seyran Səxavət, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Eldar Baxış, eləcə də qəzəlxan Elnarə Buzovnalını tərifləyib onlar haqqında mətbuatda məqalələr dərc etdirən Q.Qasımzadə öz övladının ədəbi eksperimentlərini son dərəcə anlayışla, bir çox hallarda isə təriflə qarşılayırdı. Və ən gözəli bu idi ki, mənə ənənəvi, qeyri-ənənəvi, sərbəst, heca üslubunda yazmağı təlqin etdiyi heç zaman olmayıb.

– Heç aranızda ədəbi mübahisə düşürdümü?

– Mətbuatda çıxan yazıları öz aramızda müzakirə edəndə mübahisələrimiz də düşürdü, əlbəttə. Mənim yazdığımın ətrafında mübahisəmizə dair bir epizodu da xatırlayıram. 80-ci illərin ortaları idi. Səfərə çıxacaqdım deyə, ondan xahiş etmişdim şeirlərimi “Ulduz” jurnalının redaksiyasına özü, yaxud kimsə çatdırsın. Səfərdən qayıdanda bildirdi ki, şeirlərimi redaktə edib göndərib. Redaktələrinə baxanda razılaşmadım, əsəbiləşdim də. Gedib redaksiyada o redaktələri pozdum da. Ancaq inanın, bu qəbildən mübahisələrimiz ədəbiyyatda sizin qeyd etdiyiniz atalar-oğullar qəbilindən olan problem deyildi. Hətta indi şirin bir ovqatda o anları da xatırlayıram ki, mənim arabir gənclik ötkəmliyilə bəzi məşhurların ünvanına “filankəs dəhşətli dərəcədə “bezdarnı” yazıçıdır”, yaxud yazdığım təzə şeiri ona uzadıb zarafatla “al bu dahiyanə şeiri oxu, öyrən” dediyim sözləri necə şirin bir təbəssümlə qarşılayırdı. İndi siz istəyirsiniz kimlərinsə adlarını çəkim, çəkə bilmirəm, sadəcə, istəmirəm ruhlarını incidim. Bir dəfə başdan-başa səs alliterasiyası üzərində qurulan silsilə şeirlərimi ona oxudum. Yeri gəlmişkən, poeziyamızda şeirlərin ilk sətrindən son sətrinədək bütün sözlərinin səs-səsə verib cingildəməsinin əsasını poeziyamızda mənim o “Səs-88” silsiləsi qoyub. Xoşuna gəldi. “Ulduz” jurnalında şöbə müdiri işləyən gözəl şairimiz Ələkbər Salahzadə isə mənə şeirləri çapa verə bilməyəcəyini dedi. Səbəbini izah edə bilmədi, nədənsə. Qasım müəllimə bunu çatdıranda Ələkbər müəllimin yenilikçi şairliyinə işarə ilə gülə-gülə “bu şeirlər elə onun malıdır ki…, nə əcəb ondan?” dedi. Bir müddət sonra Vaqif Bayatlı o şöbəyə rəhbərlik etməyə başlayanda həmin şeirləri dərhal mətbəəyə göndərdi. Ələkbər müəllimlə bir gün küçədə üzləşdik, “Göy üzündə vurhavur futbol dəmi…” şeirimi xeyli təriflədi və o zaman, sözün açığı, bu tərifi o anlaşılmazlığın kompensasiyası kimi qəbul etmişdim…

– Qasım Qasımzadə ilə sırf ədəbiyyat baxımından, zövq sarıdan hansı fikirləriniz ortaq idi, üst-üstə düşürdü?

– Qasım müəllimi ədəbi məhsulun bədii estetikası deyil, bədii keyfiyyəti və dəyərlərimizlə bağlı ideallarının necə ifadə edildiyi maraqlandırırdı deyə, zövqlərimiz, fikirlərimiz bu müstəvidə üst-üstə düşürdü. Bir gənc şair sevgi şeirində, təxminən belə ifadələrə yol vermişdi ki, bəs sən mənə çox da bel bağlama, mən başqasını da sevə bilərəm və s. Bu, Qasım müəllimin öz şeirlərində ifadə etdiyi dəyərlərlə bağlı sevgi estetikasına zidd idi, mətbuatda etirazını “Gülməşəkər” başlığı altında dərc etdirmişdi. İndi təsəvvür edirəm, əgər Qasım müəllim 90-cı və 2000-ci illərdə bəzi şairlərin “qadın, araq şüşəsi, külqabı, siqaret tüstülü” şeirlərini oxusaydı, bağrı çatlayardı. Aramızda ənənəvi atalar-oğullar problemini arxa plana keçirən məsələ münasibətlərimizin bir növ dostluğa çevrilməsi idi. Yaradıcılıq dostluğumuz da öz yerində.

– Heç olurdumu ki, ədəbi mühitdə sizi nədənsə çəkindirsin?

– Onun böyüklüyünün xeyrimə olan bir məqamını da qeyd etmək istərdim. Vəzifədə olan və şeirlərini hər ikimizin primitiv hesab etdiyi bir şairin ünvanına həcvli misralar yazmışdım. Dedi yığışdır bunu, cır getsin, əlbəəl yayılacaq şeirdir, ömür boyu sənə düşmən kəsilər… Bir dəfə də şeirlərimi dərc etməyən bir redaktora kəskin məzmunda məktub yazmışdım, məktub, çap edilməyən şeirimdən sətirlərlə bitirdi və sonda hirslə belə bir ifadəni də yazmışdım ki, qoy bu sətirlər şillə kimi şappıldasın sifətinizdə. İndi ilk gəncliyimi düşünəndə məndən ötrü xeyli yumoristik səslənən həmin ədəbsiz ifadəyə Qasım müəllim kəskin etiraz etdi, məktubu göndərməyimin qarşısını aldı. Sonradan hər iki şəxsdən yaxşılıq gördüm və bu yaxşılıqda Qasım müəllimin insansevərliyinin də payı vardı…

(kaspi.az)