- Dil, Manşet, Müsahibə

Kanadada yaşayan soydaşımız Yeganə Cəfərova: “Dilimizi yaşatmaq ən ümdə vəzifələrimizdən biridir…”

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” xaricdə yaşayan soydaşlarımızın ana dili ilə bağlı problemləri, diaspora məsələləri, ana dilində məktəblər və s araşdırıb Azərbaycan cəmiyyətində təsəvvür yaratmaq üzrə layihəyə başlayıb. Bu məqsədlə Mərkəzin əməkdaşları xaricdə yaşayan soydaşlarımızla əlaqə qurub, müsahibələr alır. Kamilinfo.net Kanadada yaşayan və ölkəmizi layiqincə təmsil edən ziyalı xanım Yeganə Cəfərova ilə müsahibəni təqdim edir.

– Yeganə xanım, özünüzdən başlayaq…

– Əslən QARABAĞlıyam. Babamgil Qarabağdan İmişliyə köçüblər. İmişlinin Cəfərli kəndində doğulmuşam. Cəfərli kəndi mənim babamın adı ilə adlandırılıb və sonralar bu kəndin adı dəyişdirilərək Ceyhunlu olub.

1988-ci ildə ADPU-nun Riyaziyyat-informatika fakültəsini bitirmişəm. Artıq meydan hərəkatının başlandığı dövr idi və mən də tələbə yoldaşlarım kimi imtahandan çıxıb nümayişlərə gedərdim. Qarabağ problemi hamı kimi məni də narahat edirdi və bu məsələlərlə bağlı gücüm çatan işləri görməyə çalışırdım. Sonralar isə Vətəndən uzaqda olmağıma baxmayaraq, daha yaxından məşğul olmağa, Vətənimi təbliğ etməyə başladım… Hazırda ailəmlə bərabər Kanadada yaşayıram.

– Vətəndən uzaqda yaşamaq hansı zərurətdən yarandı? 

– 2003-cü ilin mart ayında gəlmişik. Kanadaya gəlmə səbəbimiz həyat yoldaşımın işi ilə bağlı oldu. Əslində mən Vətənimə çox bağlı bir insan olduğumdan heç vaxt vətəndən kənarda yaşamayacağımı düşünürdüm, lakin iş elə gətirdi ki, Vətəndən uzaqda yaşamalı olduq. Qarabağda, Şuşada gəzdiyim, keçirdiyim günləri, addım-addım, qarış-qarış gəzdiyim o yerləri və o anları heç unutmadım. Ailəmiz parçalanmasın deyə biz birlikdə gəlməli olduq və artıq 19 ildir ki, Kanadada yaşayırıq.

– Deyirlər, günün harada xoş keçirsə, ora vətəndir. Sizcə də, belədirmi ?

– Xeyr, belə düşünmürəm. Hər günüm, hər anım Vətənlə bağlıdır. Harada yaşamağımızdan asılı olmayaraq, Vətən qanımızda, amalımızda, davranışımızda, qəlbimizdə düşüncə və təfəkkürümüzdə olmalıdır.  Evdə ana dilində danışırıq. Azərbaycan musiqisi dinləyirik, Azərbaycan yeməkləri bişiririk, Azərbaycan musiqi alətləri, Bakının,  Qarabağın şəkilləri, Vətəni hər an xatırladan suvenirlər, bayraqlar, nişanlar, kitablar evimizin bəzəyidir.

“2006-cı ildən Toronto Təhsil İdarəsinin mərkəzində Azərbaycan dili tədris olunur”

– Yaşadığınız ölkədə Azərbaycanı tanıtmaq üçün nə kimi işlər görmüsünüz?

– İlk olaraq onu deyim ki, dilimizi, mədəniyyətimizi təbliğ etməyə çalışıram. Burada işlədiyimiz kolleclərdə artıq bilirlər ki, bizim Novruz bayramımız var və bu bayramla bağlı adət-ənənələrimizdən də xəbərləri var. Bir dəfə bir tədbirdə Azərbaycandan gətirdiyim araqçınımı bir əcnəbi məndən istədi, verdim və təəssüf ki, indi özümdə yoxdur ondan. Vətənə gedəndə çoxlu araqçın alıb gətirəcəyəm (gülür).

Tələbələr, müəllimlər biləndə ki, Azərbaycandanam, özləri maraqlanıb yutubdan Azərbaycan haqqında məlumatlar öyrənirlər. Kanadaya gəldiyim ilk illərdən Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin üzvüyəm. Həmin Mərkəzin təşəbbüsü ilə 2006-cı ilin sentyabrından Toronto Təhsil İdarəsinin mərkəzində, yəni departamentin bir hissəsində xarici dillər bölməsində Azərbaycan dili tədris olunur. Burada adi məktəblər də var, xarici dillər sinifləri var. Kanada çoxmillətli ölkə olduğu üçün burada 57-58 dildə dərslər tədris olunur ki, həmin dillərdən biri də Azərbaycan dilidir və həmin siniflərə 15 ildən artıqdır rəhbərlik edirəm. Bir çox tədbirlərdə şagirdlərlə birgə iştirak edərək Azərbaycanı təmsil etmişik və edirik. Hər il 28 May Respublika Günündə Toronto Şəhər Şurasının önündə biz Azərbaycan bayrağını qaldırırıq və şagirdlərimlə birlikdə tədbir keçiririk. Bundan başqa, müharibə başlayandan sonra burada azərbaycanlıların bir şəbəkəsi – Kanada-Azərbaycan şəbəkəsi yarandı. Həmin şəbəkənin yaradıcılarından biriyəm və müharibə başlayandan biz də informasiya müharibəsinə başladıq.

Kanada Parlamentinin 35-dən çox üzvü ilə görüşmüşük”

– Şəbəkə yenə fəaliyyətini davam etdirir?

– Əlbəttə. Baş nazirlə, şəhər meri ilə görüşlərdə iştirak etdim və Qarabağ məsələsi ilə bağlı fikirlərimizi çatdırdım. Qeyd edim ki, bu kimi görüşlərdə hər zaman iştirak edir, tədbirlərin təşkilində həm maddi, həm mənəvi cəhətdən kömək etmişəm. Müharibə başlayandan sonra bununla əlaqədar olaraq biz  Kanada Parlamentinin 35-dən çox üzvü ilə görüşmüşük. Onlar bizim Xocalı faciəsi ilə, Novruz bayramı ilə bağlı tədbirlərimizdə iştirak ediblər. Bizim Qadınlar Mərkəzinin kanalı da var, həmin kanalda Azərbaycanımızın tarixinə aid ingilis, fransız və türk dillərində tarixi, sənədli filmlər yayımlanır. Müharibə dövründə zərər çəkmiş insanlara, ailələrə buradan yardımlar göndərdik. Onu da qeyd edim ki, bizim cəmiyyət  heç yerdən maliyyələşmir, bunu cəmiyyət olaraq özümüz etdik. 10 şəhid ailəsini 1 illik himayəyə götürmüşük.

ADR-in 100 illiyi münasibətilə təşkil olunmuş tədbirdə əslən pakistanlı olan senator Səlma Ayətullahcanla Azərbaycan haqqında, Qarabağ həqiqətləri haqqında geniş söhbətim oldu. Onlar Azərbaycanı çox sevirlər.

–  Kanadada nə qədər azərbaycanlı yaşayır?

– Kanadada ölkəmizdən olan azərbaycanlıların sayı minlərlədir. Lakin Cənubi Azərbaycandan, başqa ölkələrdən gələn azərbaycanlılar da çoxdur. Burada təxminən 50-60 min azərbaycanlı yaşayır. Onların ən geniş yayıldığı, yaşadığı ərazi Ontario əyalətidir. Torontoda da azərbaycanlılar çoxdur. 

– Kanadada Azərbaycan diasporunun fəaliyyəti haqqında qısa məlumat verə bilərsinizmi ?

– Burada bütün bölgələrdə Azərbaycan qurumları, təşkilatları var ki, onlar müharibədən əvvəl də, sonra da Azərbaycanı tanıtmaq məqsədilə çox işlər görüb və görürlər. İlk növbədə bu ölkədə insanları maraqlandıran hər hansı bir xalqın adət-ənənələridir və biz də Vətənimizi tanıtmaq üçün adət-ənənələrimizi tanıtmaqdan başladıq. Musiqi mədəniyyətimizi təbliğ edirik. Torontoda hər il Xocalı soyqırımını anmaq üçün ağac əkilir. Ottavada Mübariz İbrahimovun şəkli olan lövhə var. Erməniləri dəstəkləyən parlament üzvləri ilə onlayn olsa da, görüşdük və bu yöndə söhbət apararaq onların fikirlərini dəyişməyə nail olduq. Qadınlar cəmiyyətinin dəstəyi ilə biz Torontoda  universitetdə  Nəsiminin 650 və Nizaminin 880 illiyi ilə əlaqədar tədbirlər təşkil etdik.

– Gələk  müsahibəmizin digər məqsədinə, məramına. Doğma dilimizi  unutmamısınız ki?

– Dilimizi yaşatmaq mənim ən öndə olan vəzifələrimdən biridir, ona görə də mən heç zaman dilimi unuda bilmərəm. Biz evdə də ana dilində danışırıq. Hətta indi iyul ayında belə biz hər gün iki saat Azərbaycan dili dərsi keçirik. 

“Bir sinfi birtəhər təşkil edə bilirik. Valideynlər dil məsələsinə bir az laqeyd yanaşırdılar”

– Dil təkcə ünsiyyət vasitəsi deyil. Bir millətin varlığının, mədəniyyətinin  ilk növbədə göstəricisi onun dilidir. Sizcə, bu gün varlığımızın sübutu olan  dilimizi yetərincə qoruya bilirikmi? Başlayaq elə xarici ölkələrdə yaşayan soydaşlarımızın ana dilinə olan münasibətindən…

– Burada dövlət ana dilimizdə sinif açmaq üçün hər bir şəraiti yaradıb və istənilən şəhərdə bunu etmək olar. Bizə lazım olan sinif açılması üçün uşaqların yığılmasıdır. Təəssüf ki, biz yalnız bir şəhərdə bir sinfi birtəhər təşkil edə bilirik. Bu il ümid edirik ki, ana dilində bir neçə sinif aça biləcəyik. Valideynlər dil məsələsinə bir az laqeyd yanaşırdılar, lakin müharibədən sonra bir qədər oyanma var, öz uşaqlarının ana dilini itirdiyini anlayırlar. Ona görə də bizə müraciətlər artıb və ümid edirəm ki, ana dilimizin tədrisi ilə bağlı arzularımı reallaşdıra biləcəyəm. Çünki öz dilimizi sevməsək, kimsə bizim dilimizi sevməz və ona hörmət etməz. Burada xaricilər var ki, onlar bizim dilimizi öyrənmək istəyirlər və mən onlara dilimizi öyrədirəm… Məktəbdə biz tədbirlər keçirəndə başqa xarici dil müəllimləri mənə yaxınlaşıb deyirlər ki, necə gözəl, diləyatımlı diliniz var. Bu da məni çox qürurlandırır və mən daha geniş auditoruyalarda dilimizi təmsil və təbliğ etmək istəyirəm.

– Böyük şairimiz B. Vahabzadə bir şeirində belə deyir: “Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar …!” Mən sualı bu cür qoymaq istərdim: öz vətənində özgə dildə danışmaq ədabazlıq, özünü göstərməkdir?

– Ölkəni, onun mədəniyyətini, tarixini xarici ölkələrə çatdırmaq baxımından başqa dilləri öyrənməyin tərəfdarıyam. Lakin bunu nümayiş üçün, öyünmək üçün istifadə edənləri qəbul etmirəm, hətta elələrinə dar düşüncəli insan kimi baxıram. Hər kəsə demək istəyirəm ki, ana dilimiz bizim keçmişimizdir, tariximizdir, kökümüzə bağlılığımızdır, buna görə də ana dilimizi sevək, sevdirək, qoruyaq, yaşadaq.

– Yeganə xanım, Sizi virtuali olaraq bir neçə ildir sosial şəbəkədən tanıyırdım, çox hörmət etdiyim bir xanımsınız, ziyalımızsınız. İndi isə sanki Sizinlə üzbəüz görüşdüm, ünsiyyətdə oldum, buna görə çox şadam. Allah Sizi qorusun! Belə gözəl müsahibəyə görə çox sağ olun, minnətdaram.

– Məni seçdiyiniz üçün, mənə etimad göstərdiyiniz üçün təşəkkür edirəm, Pərvanə xanım.


Pərvanə O-NURLU