– Son illər Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan məsələlərdən biri ədəbi dilimizdən istifadə sahəsində nöqsanlardır. Ölkəmiz müstəqillik əldə edəndən sonra dilimizin saflığı uğrunda mübarizə geniş vüsət almalı deyildimi? Niyə belə oldu?
– Bizdə isə əksinə oldu. Dil saflaşmadı, əksinə, yad sözlərlə dolduqca doldu. Müstəqillik həyatımıza hər mənada daxil oldu. Dil inkişaf etmək əvəzinə kirləndi.
– Yəqin ki, ədəbi dil normaları pozulanda yazıçılar daha çox hiddətlənir…
– İlk dəfə qələmi əlimə aldığım gündən yazdığım hər mətndə dilə fikir verdim. Bəh-bəhlə əlimə götürdüyüm kitabda dil qüsuru varsa, onu oxuya bilmədim. O cür əsərlər adama yad gəlir. Ədəbiyyat dilin inkişafına xidmət etməlidir, onu kirləndirməli deyil.
– Bəzi tanışlar var, yerli telekanallara məhz ədəbi dil normaları tez-tez pozulduğu üçün baxmadıqlarını deyirlər. Azərbaycan telekanallarından imtina edən vətəndaş nə itirir, nə qazanır?
– Televiziyasız həyatı təsəvvür etmirəm. Özüm tv jurnalisti olmuşam. Hər bir veriliş üçün günlərlə çəkilən əziyyət, o iş üçün sərf olunan hazırlıq prosesi var. Televiziyanın məsuliyyəti böyükdü, ona elə-belə yanaşmaq olmaz. Səhv informasiya, səhv söz və ya bir yazını görən milyonlarla insan qarşısında məsuliyyət daşıyırsan. Bu gün tv-də problem varsa, bu, birbaşa orda işinə barmaqarası yanaşan qeyri-peşəkarların günahıdır ki, çox insan bu gün tv-dən küsüb. İtirən yenə televiziya olur. O, tamaşaçısını itirir. Ona görə də rəqabət xatirinə peşəkarlarla işləmək vacibdir.
– Bunu mədəni və siyasi təhdid ünsürü kimi görənlər də var. İddia olunur ki, başqa ölkələrin tv-lərini izləyənlər milli mədəniyyətdən uzaq düşür.
– Televiziya ekranı böyük gücə malikdi. Ordan deyilən söz güllədən betərdir. Ordan deyilən sözə cavab yox, reaksiya verə bilərsən. Yəni təsir gücü böyükdür. Milli mədəniyyətdən uzaq düşmək? Kimsə kimliyini bilmək istəmirsə, onu bilməyəcək də. Milli təfəkkür, milli adət-ənənə və mədəniyyətimiz efirlə dəyişə bilməz, çünki dediklərimiz şəxsiyyətimizə kodlanıb, zamanla üzə çıxır. Başqa mədəniyyətlər maraqlıdır, onu izləmək vacibdir, ən azı dünyagörüşü baxımından.
– “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin Bakının Rəsulzadə küçəsində apardığı monitorinq nəticəsində aydın olub ki, buradakı 42 ticarət və iaşə obyektindən 41-də dövlət dilindən istifadə edilməyib. Vəziyyət niyə belə acınacaqlıdır?
– Bu məsələ bizim çoxumuzu narahat edir. Səbəb bilirsiniz nədir?
Həmin obyektlərə adlar verən qurumlarda dilimizi bilən, dilimiz üçün vuruşan insanlar çalışmalıdır. Yoxsa xarici dildə mənasını, bəlkə də, başa düşmədiyi bir adın altından qol çəkəndə vicdanı sizlamalıdır, düşünməlidir. Bu yaralı Vətən hamımızındır, onu gözəlləşdirən də, məhv edən də biz insanlarıq. İtirə-itirə dilimizi də itirməyək. Milliləşdirək, özümüzün edək, yadlaşdırmayaq…
– Sahə mütəxəssisləri deyir ki, linqvistk ekspansiyanın arxasında hər zaman mədəni və siyasi ekspansiya maraqları gizlənir. Sizcə, belə ola bilərmi?
– Siyasi maraqların olması ola bilər. Onsuz da dünyada nə qalıb ki, siyasiləşməsin?
– Ədəbi dilimizin vəziyyəti ilə bağlı BŞİH-ə, 100-ə yaxın millət vəkilinə göndərilən müraciətə imza atanlardan biri də Sizsiniz. Hansısa nəticə olacağına inanırsınızmı?
– Nəticə olacağına ümid edirəm. Bu gün balaca səhvimizin gələcəkdə böyük fəsadlar verməməsi üçün razılığa gəlinməlidi.