- Ədəbiyyat

Yenə “müsəlman intibahı”?

Nəriman QASIMOĞLU

Bu barədə bir dəfə yazmışam. Məlum savadsız ifadə Nizamiyə aid bir məqalədə yenə rastıma çıxdı deyə təkrar yazmaya bilmirəm. Məşhur İsveçrə şərqşünası Adam Mets IX-X əsrlər İslam mədəniyyətinin tədqiqinə həsr etdiyi əsərini “Müsəlman Renessansı” adlandırıb deyə ifadə vaxtilə elmi ədəbiyyatımızda işlənən “məşhur yanlışlar”dan birinə çevrilmişdi. Yanlışlığı “renessans” termininin 8-ci əsrdən 14-cü əsrədək tarixi müsəlman ölkələri coğrafiyasında gəlişmiş sivilizasiyaya tətbiqidir.

Heç inanmaq istəmirəm ki, Adam Mets ifadənin yanlışlığını bilməmiş olsun. Bilməyə bilməzdi. Bu barədə təxminlərim var, başqa vaxt yazaram.

“Renessansı”n mahiyyətini, yəni “intibah”ın mahiyyətini Qərbdə adi məktəbli də yaxşı bilir. Bizim bir “akademik” isə bilmir. Bilmir ki, “intibah”, “renessans” əvvəllər olmuş bir mədəniyyətin yenidən oyanışı, dirçəlişi deməkdir. Nəzərdə tutulan dövrdən əvvəl müsəlman adı ilə tarixdə mədəniyyət olmayıb ki, məhv ola, ölmüş ola, sonradan dirçələ. Yəni əvvəllər  “müsəlmanlıq”, “müsəlman mədəniyyəti” olmayıb ki, onun Nizami dövründə intibahı olsun. Yaxud Məhəmməd peyğəmbər dövründə islam dininin gətirdiyi yeni mədəniyyət “ölü” doğulmayıb ki, bir neçə əsr sonra dirilsin.

“Avropa renessassı” vaxtilə çiçəklənmiş yunan mədəniyyətinin tənəzzülündən çox müddət sonra, “qaranlıq dövr” kimi Orta əsrlər tarixinə düşmüş mərhələdən sonra bərpasını hədəfləyən intellektual hərəkat olub, nəticələrini adi savadı olanlar da mədəniyyət, elm tarixindən bilir. Müsəlman sivilizasiyası, xüsusən müsəlman mədəniyyətinin qızıl dövrünün Avropa renessassına verdiyi təkandan da danışmaq olar. Amma “müsəlman intibahı”ndan danışmaq sadəcə…

“Akademik”lər üçün yaddaş: “renessans”, “intibah” termini “yenidən doğulma”, “dirçəlmə”, “oyanma” və s. mənaları ifadə edir. Məlum dövrdə yaranan, zənginləşən və sonradan tənəzzülə uğrayan müsəlman xalqları mədəniyyətinə aid edilə bilməz.

İndi həmin dövrü şərti olaraq daha çox “İslamın qızıl dövrü” adlandırırlar. Əslində, bu ifadə də qüsursuz deyil. “Müsəlman mədəniyyətinin (yəni ənənəvi islamı qəbul etmiş xalqların mədəniyyətinin!) qızıl dövrü” daha uyğun səslənərdi. Dinin qızıl dövrü, tənəzzül dövrü olmur, bunu ən azından teoloji müstəvidə qəbul etmək mümkün deyil. Dinin Tanrı vəhylərincə ərsəyə gəlməsinə inananlar üçün Tanrı dini hansısa tarixi mərhələdə nə inkişaf edir, nə tənəzzülə uğrayır. İnkişaf edib tənəzzülə uğrayan ənənəvi olaraq “dini” hesab edilən qavrayışlar, ənənələr, dəyərlər, təfsirlər və s.-dir, dinin özü deyil. “Xristianlığın qızıl dövrü”, “Buddizmin qızıl dövrü”, “Hinduizmin qızıl dövrü”, “Yəhudiliyin qızıl dövrü” ifadələrini çox nadir halda, özü də yalnız qeyri-peşəkarların dilindən eşitmək olar.