- Mədəniyyət

Yeni Dehlidə UNESCO-nun Dünya İrsi Siyahısında nominasiyaların qalibləri müəyyən olunacaq

İyulun 21-dən avqustun 31-dək Hindistanın paytaxtında UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı konqresi keçiriləcək. Sessiya zamanı 27 obyektin Dünya İrsi Siyahısına daxil edilməsi və təhlükə altında olan Dünya İrsi Siyahısına daha əvvəl daxil edilmiş 124 obyektin qorunma vəziyyəti ilə bağlı təkliflər müzakirə olunacaq.

AZƏRTAC xəbər verir ki, siyahıya İtaliyanın Appi yolu (Regina Viarum), Səudiyyə Ərəbistanının əl-Fau arxeoloji zonasının mədəni landşaftı, müasir tipli insanların meydana çıxması: Cənubi Afrikadakı Pleistosen dövrü məskənləri, Yaponiyanın Sado adasındakı qızıl mədənləri, Çin paytaxtının ideal nizamını təmsil edən bir qrup bina – Pekinin mərkəzi oxu və digər mədəniyyət abidələri daxildir.

Xatırladaq ki, bundan əvvəl UNESCO-nun Dünya İrsi Siyahısına Azərbaycandan beş tarixi obyekt daxil edilib.

Ümumdünya İrs Komitəsi Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyanın iki rəhbər orqanından biridir. Onun tərkibinə Konvensiyanın iştirakçısı olan 195 dövlət arasından seçilmiş 21 dövlətin nümayəndələri daxildir. Komitə, Konvensiyanın müddəalarının icrasına cavabdehdir. Xüsusilə, o, yeni obyektlərin Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı təklifləri nəzərdən keçirir və UNESCO ekspertləri tərəfindən hazırlanmış təhlil əsasında artıq Dünya İrsi Siyahısına daxil edilmiş obyektlərin qorunma vəziyyətini qiymətləndirir. Komitə ildə bir dəfə növbəti sessiyalar keçirir.