- Mədəniyyət

“Yeni gənclik” musiqi günləri keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fevralın 2-dən 4-dək Gənclər Günü münasibətilə “Yeni gənclik” musiqi günləri adı altında bir neçə konsert təşkil ediləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, fevralın 2-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə (bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimov) “Gənclərə dəstək” layihəsinin iştirakçılarının konserti, Azərbaycan Dövlət Mahnı Teatrında gənc caz ifaçılarının “Gaudeamus Jazz” adlı konserti, fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe” violinoçular ansamblının konserti (ansamblın rəhbəri Xalq artisti Zəhra Quliyeva), fevralın 4-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti (dirijor– Mustafa Mehmandarov, solist-pianoçu, Prezident təqaüdçüsü Vüsalə Babayeva -piano) keçiriləcək.

Qeyd edək ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edir. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.