Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib.
“Report” xəbər verir ki, Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında 10 min nəfər iştirak edib.
Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyanın iştirakçıları Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər.
İştirakçılar Azərbaycan da daxil olmaqla 3 bayraq – BMT və Yeni Kaledoniya bayraqları da – qaldırılıb.
Onlar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Polis başqa ölkənin bayrağının dalğalandırılma səbəbini soruşduqda etirazçılar bildiriblər ki, Azərbaycan hər zaman onların yanındadır, neokolonializmlə mübarizəyə dəstək olur.
Qeyd edək ki, noyabrın 21-də Bakıda Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda konfrans keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət edərək Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini bildirib.
“Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur”, – Prezident İlham Əliyevin müraciətində deyilib.
Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.