- Ədəbiyyat

“Yerdəyişmə” və yaxud islahat

 Pərvanə Bayramqızı        

Səkidə elə rahatlıqla oturmuşdu ki, sanki xəyalındakı kürsünün üstündə idi. Möhtəşəm binanı seyr edə-edə əllərini göyə qaldırıb:

– Ay Allah, sən özün bu binada mənə bir kabinet qismət elə, oturub özümçün işləyim! – deyə yaradanı iş-gücündən eləyirdi. Bu vaxt binanın çıxış qapısından bir adam çıxıb, ağır addımlarla uzaqlaşırdı. Yüyürə-yüyürə adamın dalınca gedib:

– Xahiş edirəm sualıma cavab verin –  dedi.

Adam dayanıb geri çöndü.

– Siz orda işləyirsiniz? – deyə əli ilə binanı göstərdi.

Adam:

– İşləyirdim… – dedi.

– Bəs indi?

– İndisə çıxıb gedirəm.

– Sabah gələcəksiniz?

– Yox

– Bəs birisi gün?

– Xeyir.

– Hə, bildim istirahət gününüzdür.

– İstirahət günüm deyil.

Düşüncəli görkəm aldı:

– Onda məzuniyyətə gedirsiniz.

Qarşı tərəfin səbri tükəndi. Acıqlandı:

– Sizə nə lazımdır?

– Mən… mən –  ağlındakını deməyə cəsarəti çatmırdı. Birtəhər  özünü ələ alıb, binaya işarə ilə – mən orda işləmək istəyirəm. – söylədi.

– Mənsə orda işləməmək üçün ərizə yazıb gedirəm.

– Siz dəli olmusunuz?

Adam təzədən dayanıb onun gözlərinin içinə baxdı:

– Əksinə, indi ağıllanmışam.– deyə qətiyyətlə bildirdi və yoluna davam etdi.

Bir qədər susduqdan sonra onun dalınca səsləndi:

– Sizə nə var ey, burdan çıxıb başqa vəzifəyə keçəcəksiniz? Bəs mən neynəyəcəm? Mənim heç bircə iş yerim də yoxdur.

Elə bil səsi küləyin burulğanında toz kimi göyə sovrulub şəhərə yayıldı. Adamsa artıq görünmürdü.