Yerevanda Azərbaycan memarlığının qədim nümunələrindən biri olan Sərdar sarayının qalıqlarının qaldığı məlum olub. Saray bu yaxınlarda təsadüfən rusiyalı jurnalist tərəfindən üzə çıxarılıb, lakin Rusiya mətbuatında o, səhvən fars mədəniyyətinin nümunəsi kimi təqdim edilib.
Bunu Trend-ə mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.
Rusiyalı jurnalistin məlumatı ilə tanış olduqdan sonra həmin abidənin Sərdar sarayının qalıqları olduğunu görən F.İsmayılov qeyd edib ki, saray İrəvan qalasının şimal – qərbində – Zəngi çayının uçurumlu sahilində, təbii cəhətdən yaxşı müdafiə olunan ərazidə yerləşib. Sarayın əsası İrəvan qalası ilə eyni vaxtda qoyulub. Saray Əmirgünə xan Qacar (1605-1625) tərəfindən ucaldılıb, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) dövründə memar Mirzə Cəfər tərəfindən təkmilləşdirilib. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirib. Sərdar sarayının Böyük qəbul otağının divarında görkəmli elm və dövlət xadimlərinin portretləri olub.
F.İsmayılov qeyd edib ki, saray 1913-1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb, dağıdılıb, portretlər isə çıxarılaraq Tiflisə aparılıb və hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Onun sözlərinə görə, 1918-ci ildə ermənilər sarayı tamamilə məhv etsələr də, orada bəzi binaların qalıqları dövrümüzə qədər gəlib çıxıb.
İrəvanda şəhərsalmanın tipik şərq üslubunda, yəni digər Azərbaycan şəhərləri memarlığına uyğun olduğunu xatırladan tədqiqatçı deyib ki, miniatürlər sarayların, saray əyanlarının və digər mənsəb sahiblərinin evlərinin daxili tərtibatında istifadə edilirdi:
“XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatiir sənəti sürətlə inkişal etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcıhğın, kitab sənəti və miniatür boyakarlığının və memarlığının ən qudrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türküstan, Orta Asiya və b. Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, evlərin və sarayların hündür divarlarını miniatürlərlə bəzəyirdilər. Bu sənət növünün tətbiqi Azərbaycanın İrəvan şəhərindən də vaz keçməmişdir. Belə ki, İrəvanın Sərdar sarayının, saray əyanlarının və digər mənsəb sahiblərinin evlərinin daxili tərtibatında minatür sənətindən istifadə edilmişdi”.
F.İsmayılov qeyd edib ki, bina qalıqlarından biri İrəvan şəhərinin Anrapetyan küçəsində aşkar edilmişdir. Söhbət açılan Anrapetyan küçəsindəki bu evdə 1918-1920-ci illərdə İran Konsulluğu yerləşirdi.
Bu binada 1923-cü ildə Ermənistan Yardım Komitəsi, 1930-cu ildə Ermənistan Kommunist partiyasının gecə məktəbi, 1964-cü ildə Ermənistan Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyəti yerləşmişdi:
“Aldığımız bilgiyə görə, binanın yalnız bir otağında Azərbaycanın minatür sənətinə aid rəsmlər qalıb. Ermənilər bu rəsmlərin fars mədəniyyətinə aid olduğunu iddia edirlər. Lakin bu minatür sənətinin Azərbaycana aid olmasının heç bir isbata ehtiyacı yoxdur”.