- Mədəniyyət

“Yuğ” teatrı “21:45 qatarı” premyera tamaşasını növbəti dəfə təqdim edib

Dövlət “Yuğ” Teatrında “21:45 qatarı” adlı premyera tamaşası növbəti dəfə tamaşaçılara təqdim edilib. Ekzistensial oyun janrında olan tamaşa Türkiyə dramaturqu Toyqun Orbayın eyniadlı pyesi əsasında səhnələşdirilib.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru “Yuğ” teatrının baş rejissoru Mikayıl Mikayılovdur. Rolları Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova və aktyorlar Vüqar Hacıyev, Elgün Həmidov, Zümrüd Qasımova ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti Günel Səfərovadır.

Tamaşanın süjet xəttinə görə, qadınla kişi kiçik bir vağzalda görüşür və saat 21:15-də, bəlkə də heç vaxt gəlməyəcək qatarı gözləyirlər. Onlar vaxtlarını incəsənət, musiqi, həyatın mənası haqqında danışmağa sərf edirlər. Əsas personajlar stansiya rəisi ilə də görüşür və o, onlara qatarların heç vaxt dayanmadığı stansiyanı idarə etməyin nə demək olduğunu deyir… Tamaşanın epiqrafı Karl Qustav Yunqun “Uliss monoloqu”ndan sitatdır: “İblisin günahkar ruhlara necə əzab verdiyini bilirsiniz? Onları gözləməyə məcbur edir”.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Toyqun Orbayın pyesi onu özünəməxsus estetikası ilə maraqlandırıb və “Yuğ” teatrının poetikasına ruhən yaxın olduğunu görüb.

Agentliyin müsahibi deyib: “Mən onun məzmununda müəyyən bir hal olduğunu hiss etdim və onu səhnədə təcəssüm etdirmək istədim. Çox xoşuma gəldi. Bir rejissor kimi mənim üçün təklif olunan hadisənin ideyası, şəraitin özü maraqlı oldu. Bu, həm mənə, həm də sənətçilərə fantaziyalar üçün imkan verir”.

Rejissor tamaşanı çox aktual və müasir dövrə uyğun hesab edir: “Onun müəyyən ümidlərlə bağlı leytmotivi var, buradakı insanlar öz həyatlarının dramını canlandırırlar. Yaşadığımız təlaş insanı tənhalığa məhkum edir. Bu təlaşda insan özünü itirə bilər, sonra tapa da bilməz. İnsanlar arasında ünsiyyət yox olur və bir növ mexanikləşmiş kainat yaranır ki, bu da tamaşada çox aydın hiss olunur”.

Mikayıl Mikayılovun sözlərinə görə, “Yuğ” teatrının yaradıcı kollektivi tamaşanı çox gözəl qarşılayıb. “Biz müxtəlif tamaşalar üzərində çox işləyirik və bu cür ağıllı dialoqları ehtiva edən material üzərində çalışmağımız ilk dəfə deyil. Əvvəllər haqqında danışdığım hissləri komanda da keçirdi və bunu səhnədə reallaşdırmağa çalışdı. Düşünürəm ki, bu, teatrımızın yaradıcılığında, eləcə də mənim yaradıcılığında, aktyor işində maraqlı yeni mərhələdir”.

Rejissorun da qeyd etdiyi kimi, tamaşa üzərində iş çox ciddi aparılıb: “Biz tamaşanı çox müzakirə etdik, danışdıq, səhnədə sənətkarların mövqeyini müəyyənləşdirdik. Çalışdıq ki, hər sözü, hər fikri özümüz üçün başa düşək, onun içimizdən keçməsini təmin edək. Sonda biz ümumi konsensusa gəldik – qaydaları müəyyən etdik, janrı müəyyənləşdirdik və bundan sonra əsəri səhnələşdirməyə başladıq”.

Tamaşada iki aktyor heyəti iştirak edir. Mikayıl Mikayılovun dediyi kimi, iki heyətdə məşq etmək çox maraqlı olub: “Hər bir aktyorun özünəməxsus fərdiliyi, öz üzvi təbiəti var və bunlar canlandırılan obrazla birləşərək, bir növ qaynaşma yaradır, eyni zamanda, fantastik, maraqlı, bənzərsiz bir hekayə meydana çıxır”.

Rejissorun sözlərinə görə, o, ilk növbədə tamaşa vasitəsilə bu fəlsəfi əsərə hopmuş ab-havanı, gözləmə hissini tamaşaçıya çatdırmaq istəyib. “Hər bir tamaşaçı özünəməxsus şəkildə bu həyatda öz “qatarını” gözləyir və hər kəsin bu intizara öz fərdi münasibəti var. İstəyirəm tamaşaçı pyesdə səslənən suala cavab tapsın; özümüzü tapdığımız təlaşda, ümumiyyətlə bu həyatda öz rolumuza qərar verə bilmirik – biz kimik? İstədiyimiz kimi yaşayırıq, yoxsa iradəmizdən kənarda müəyyənləşən həyatı yaşayırıq? O ki qaldı həmin “qatar”a, gəlsə də, gəlməsə də olar… Mənə elə gəlir ki, o, çoxdan gəlib, sadəcə, biz bunu hiss etmirik”, – deyə rejissor əlavə edib.

Dövlət “Yuğ” Teatrı 1989-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qanadı altında Vaqif İbrahimoğlu və Həsənağa Turabov tərəfindən yaradılıb. 1992-ci ildə bu sənət ocağına dövlət teatrı statusu verilib. Bu avanqard teatrın əsas prinsipləri seçilmiş mövzuların aktuallığı, tanış hekayələrin qeyri-standart şərhi və yeni formalarla sınaqdan keçirilməsidir. “Yuğ” teatrı öz tarixi boyu 90-dan çox tamaşaya səhnə həyatı bəxş edib. Teatrın truppası bir çox beynəlxalq festivallarda iştirak edib.