Nəriman QASIMOĞLU
Oruca aid çoxlarının bilmədiyi, bir qayda olaraq az xatırlanan mətləbin açıqlanmasına ehtiyac var.
Aydınlıq üçün gərək hər şeydən əvvəl uyğun sözün ərəbcə feili etimolojisinə baxaq. Kök hərfləri sad, vav və mimdən düzələn sa:mə feilinin əsas mənası imtina etməkdir. Bu feildən düzəlmə isimlər isə oruc dediyimiz saum, sıyə:m, yəni imtina.
Sözün etimolojisində nəzərdə tutulan imtina, əslində, mütləq anlamda hər şeydən imtina deməkdir.
Bu mütləq imtinanı təmin edəcək bir nəsnəni isə belə ümumiləşdirmək olar: hərəkətsizlik. Hərəkətsizliyin insana mütləq tətbiqini belə anlamaq lazım gəlir ki, onun heç bir fiziki orqanı hərəkətdə deyil. Nə ağzı, nə dili, nə əli, nə ayağı, nə də başqa hansısa başqa orqanı tərpənir, nə beyni işləyir.
Ümumən canlı-cansız aləmdə hər nəsnənin hərəkətsiz duruşunu, görüntüsünü obrazlı olaraq həmin sa:mə feili mənalandırır. Məsələn, sa:mə-l-fərasu ifadəsi hərfən at imtina etdi kimi tərcümə olunursa da, ifadəni belə anlayırlar ki, at hərəkətsiz dayanıb, tərpənişsizdir, otlamır. Yaxud günəş göyün düz ortasında olanda hərəkətsiz göründüyünə görə ərəblər buna sa:mətu-ş-şəmsu deyir. Külək sakitləşib dayananda da, dəniz suyu tərpənməz görünəndə də həmin feili işlədirlər. Yəni, qəribə səslənsə də, şərti olaraq deyə bilərik ki, günəş, külək, sular oruc tutub – hərəkətdən imtina edib.
Ərəbcədə xristian məbədi kilsələrin bir adı da eynən saumdur. Sözün kökü ilkin xristianlıq dövrünə gedib çıxır. Dindarların ibadət zamanı meditativ pozada hərəkətsiz duruşuna işarə olaraq orucluq zamanı daha çox toplaşdıqları yer bu adı alıbmış. Oruc yeri, dayanma yeri mənasında.
Stansiya – dayanıb-durma yeri də bu kökdən düzəlmədir: masa:mə. Haşiyə çıxaraq ərəb dili qrammatikasının tələbi ilə bir mənanı da buna mən artırım: dayanıb-durma zamanı. Necə ki, məscid hərfən eyni zamanda həm səcdə edilən yerdir, həm səcdə edilən zaman. Günorta üçün deyirlər: əş-şəmsu fi masa:mihə, yəni günəş özünün dayanıb-durma yeri və zamanındadır.
Bunlar öz yerində, yuxarıdakı misallardan göründüyü üzrə, hərəkətsizlik, yəni hərəkətdən imtinanın ilkin anlamdakı mütləqliyi, əlbəttə, ötəri və rəmzidir. Sözün ənənəvi anlamda işləndiyi kontekst nəyin hansı halda, hansı hərəkətdən imtina etməsini konkretləşdirir.
Oxu mətnində də belədir. Tanrıya təslimolanlar (ənənəvi olaraq müsəlman adlandırılanlar) üçün bu, başlıca olaraq yeməkdən, içməkdən, cinsi əlaqədən imtinanı nəzərdə tutur. Əslində isə, bəllidir ki, bizim oruc deyə anladığımızın sərhədləri Oxuda günün bəlli müddətində vacib bilinən bu imtina ilə məhdudlaşmır. Ayələrdə danışmaqdan imtina da qeyd etdiyim kökdən düzəlmə saumun içindədir.
Buna dair bir epizod Məryəmlə bağlıdır.
İsa Məsihə hamilə qaldığı zaman uzaq bir məkana çəkilir. Doğum sancısı onu bir xurma ağacının gövdəsinə gətirir. Atası camaata bəlli olmayan bir uşağı dünyaya gətirəcəyinə görə əxlaqsıqlıqda suçlanacağı əndişəsi ilə oradaca öz-özünə “bundansa kaş öləydim, unudulub gedəydim” deyir. Onun bu özqınağına cavab olaraq Rəbbindən səda gəlir: “Sən heç üzülməyəsən, Rəbbin sənin altında bir su arxı var eyləmiş. O xurma ağacının budağını özünə çək, silkələ, o üstünə təptəzə, yetişmiş xurmalar tökəcək. Ye, iç. Gözün aydın olsun. İnsanlardan kimi görsən, de “Rəhmana bir oruc nəzir dedim, insan olan bir kimsəylə bu gün danışmayacam” (19:24-26).
Xurmadan yeyib, sudan içən Məryəm İsanı doğur, qucağına alıb qayıdır öz yurduna. Susqunluq orucunu tutmuş durumdadır. Onu əxlaqsızlıqda qınayanlarla işarə ilə danışır, soydaşlarına uşağı göstərir.
Orucdur, danışa bilməz. Soydaşları “Biz necə danışaq beşikdəki uşaqla?” (19:29) deyirlər. Bu yerdə susqunluq oruclusu Məryəmin yerinə körpə İsa dillənərək özünü bəyan edir: “Mən, şəksiz, Tanrı bəndəsi. O mənə Yazı vermiş, məni peyğəmbər eyləmiş. Harada olsam, məni bərəkətli eyləmiş. Bir də buyurmuş mənə namazla zəkatı nə qədər ki, mən sağam, anama da yaxşı olum. Eyləməmiş O məni kobud, bəxtsiz birisi. Salam olsun mənə doğulduğum gün, mən ölən gün, sağ olaraq dirçəldiləcəyim gün!” (19:30-33).
Buradaca haşiyə çıxaraq deyim ki, susan Məryəm-danışan İsa tandemi ilə sadə camaatın üzləşməsi epizoduna bədii mətn prizmasından yanaşdıqda obrazlı poetik dramatizmdən, sırf dini konteksdə baxdıqda isə Tanrı sözünün möcüzə ilə doğrulanması hikmətindən maraqlı söhbətlər aparmaq olar. Bu barədə yazmayıblarsa, yazsınlar. Yazmasalar, özüm nə zamansa çalışaram yazım…
Qeyd etdiyim epizodda orucla bağlı diqqət çəkən məqam həm də odur ki, susqunluq ibadəti ünsiyyəti tam inkar etmir. Yəni camaatla danışa bilərsən, amma bu, işarə ilə olmalıdır. Oxu ayələrində buna dair başqa bir nümunə Zəkəriyyə peyğəmbərin əhvalatındadır.
Yeri gəlmişkən, Zəkəriyyə sözü bizə ərəbcədən miras qalıb. Sözün ibranicə əslinin izahını etimolojisinə istinadən adətən belə verirlər ki, bu, Tanrı dərgahında daim xatırlanan deməkdir.
Övladı olmayan Zəkəriyyə ahıl çağında Tanrıya dua edir ki, ona bir övlad bəxş etsin. Duası eşidilir. Mələklər ona gələcəkdə peyğəmbərlik məqamına yüksələcək Yəhyanın müjdəsini çatdırırlar. Müjdənin doğrulanmasına arxayınlıq üçün Tanrıya xitabən “Rəbbim! Oğlum necə ola, qocalıq haqlamış məni, qadınım da ki sonsuz?!” (3:40) deyir. Tanrı dilədiyini eləyər hökmünü eşidincə Ondan bir əlamət istəyir. Tanrı dediyi bu olur: “Bəlirtin bu ola ki, camaatla üç gün yalnız işarəylə danışasan, Rəbbini tez-tez anasan, səhər-axşam öyəsən” (3:41). Haqqında danışılan əlaməti-bəlirtini necə anlamalıyıq? Zəkəriyyənin övladı olacağını bildirəcək bəlirti niyə ilk növbədə işarəli danışıqla şərtlənməlidir?
Cümlələri dilimizə ərəbcədən tərcümədə hərfən necədir, elə də səsləndirmişəm. İfadələrin məhz bu linqvistik məntiqi məni bu qənaətə yönləndirir ki, bəlirti Zəkəriyyəyə edilən susqunluq orucuna dair ilahi ismarışın sonucuna hesablanmışdır, yəni prosesin özünü bildirmir. Çünki ayədən göründüyü kimi, işarə ilə danışmaq Rəbbin təkrar-təkrar anılması, Onun səhər-axşam öyülməsi ilə müşayiət olunmalıdır.
İstər bizim dilə olsun, istər bütün başqa dillərə – tərcümələrdə həmin əlamətə aid hərfi tərcüməsini verdiyim “yalnız işarəylə danışasan” ifadəsində feil bir qayda olaraq ya qəti gələcək zamanda – “danışacaqsan”, yaxud “danışmalı olacaqsan” kimi tərcümə edilir. Bəzi tərcümələrdə isə ifadə “işarəylə danışmaqdan başqa imkanın olmayacaq” kimi də gedir.
Zəkəriyyəyə dair eyni məzmunda başqa bir ayə də var, orada əlamət belə təqdim edilir ki, Tanrı elçisi insanlarla üç gecə danışmasın (19:10). Burada Zəkəriyyəyə yalnız işarə ilə danışmaq yox, ümumiyyətlə danışmamaq təlqin edilir. Və ayə dolayısı ilə o dəqiqləşməni də təlqin edir ki, Zəkəriyyə gün ərzində əhatəsi ilə yalnız işarə ilə danışmalıdırsa, gecələr bundan da imtina etməlidir. Səbəbi bəllidir, üç gün içində Rəbbini səhər-axşam anmalı, öyməli olan elçi bunu tam olaraq yalnız gecələr edə bilər – axşamdan səhərədək! Yeni tərcüməmdə müvafiq ayəni belə vermişəm: “Dedi: “Rəbbim! Bir ayə var et mənə”. Dedi: “Ayən düz üç gecə insanlarla danışmamağın”. Hərçənd “ayə” sözünü “əlamət”, “danışmamağın”ı isə “danışmayasan” kimi də tərcümə edə bilərdim. Məzmun dəyişmir, əlbəttə. Eyni məzmunlu ayələri bilərəkdən belə kiçicik fərqlərlə təqdim etməyimin səbəbi odur ki, ikincidə oxucu diqqətini Tanrı hikmətlərinin, qüdrətinin dəlili, əlaməti, möcüzəsi kimi anlaşılan və geniş məna tutumuna malik “ayə” sözünə çəkim. Və dilimizin qrammatik məntiqi bu yerdə tələb edir ki, “danışmayasan”ı feili-isimlə əvəzləyərək “danışmamağın” yazasan. Danışmamağın istənilir mənasında. İstənilir ki, ayənin-möcüzənin işləkliyinə özün şahidlik edəsən, nəticəsini görəsən.
Sözü gedən feilin gələcək zamanda təqdimi isə, bir daha bildirim, tərcümə yanlışıdır ki, öz növbəsində müsəlman ilahiyyatçılığında fikir təhrifinə səbəb olmuşdur. Əslində isə, peşəkar Quran tərcüməçilərini bu qəbildən yanlışlara sövq edən səbəb ərəbcələrinin zəif olması deyil. Belələri adətən ayələrdə təsvirləri gedən əhvalatları tərcümə edəndə hədis qaynaqlarında nağıllaşan təfsirlərini əsas götürür, ümumun qəbul etdiyi hakim dini qavrayışların təsirindən çıxmaq cəsarətində olmurlar.
Qeyd edilən epizoda dair açıqlamalar arasında daha yayğını olan budur ki, Zəkəriyyə aldığı xoş müjdəni ilk anda guya şübhə ilə qarşılayır. Hərçənd çətin anlaşılır ki, Rəbbi ilə məhrəm dialoqda olan Zəkəriyyə özünün və zövcəsinin fiziki durumuna istinadən “oğlum necə ola bilər” deyirsə, bunu sadəcə təəccüb ifadəsi kimi niyə də qəbul etməyəsən. Peyğəmbərdirsə, söhbət birbaşa olaraq onunla Rəbbi arasında gedirsə, nəyə görə şəkk gətirməlidir?
Oxuda peyğəmbərlərin, Tanrı elçilərinin yanlışlarına dair ayələr var, amma o yanlışların heç birində Rəbbin ayəsinə-əlamətinə-dəlilinə şəkk gətirmək nümunəsi yoxdur. Bu fikrin Oxuda aydın ifadəli doğrulanması var: “İbrahim də söyləmişdi bir zaman: “Ölülərə necə həyat verirsən göstər mənə, Rəbbim!” Dedi: “İnanmazmı oldun?”. Dedi: “Elə deyil, ancaq ürəyim arxayın olsun deyə…”(2:260). Bu mənada başqa misallara da müraciət etmək olar. Maraqlıdır ki, bu Oxu məntiqi qarşısında mat qalan bəzi müsəlman ilahiyyatçıları məcburdurlar peyğəmbərin bu şəkk gətirmək məsələsini inkar etsinlər, amma bununla belə məntiqsiz olaraq yenə vurğulayırlar ki, Rəbbi Zəkəriyyəni müvəqqəti olaraq danışıq qabiliyyətindən guya məhrum edibmiş.
Bütün ənənəvi təfsirlərdə bəzən birbaşa, bəzən dolayısı ilə təlqin edilir ki, Zəkəriyyə ona çatdırılan xoşbəxtlik müjdəsinə şəkk gətirdiyinə görə bunun Rəbbindən gələcək ayəsi-əlaməti-dəlili bir növ ona veriləcək üç günlük lal-karlığa məhkumluq cəzasıdır.
Müjdə bəlirtisinin cəza qəbilindən təqdimi ilk qavrayışda məntiqli səslənə bilər, çünki müvəqqəti “lal-kar”lığına görə işarə ilə danışmaq zorunda qalan Zəkəriyyəyə tövsiyə edilirsə ki, Rəbbini təkrar-təkrar anaraq səhər-axşam öysün, düşünə bilərsən ki, bu, “şəkk gətirilməyə” görə suçun yuyulması ola bilər. Bu barədə hazır Bibliya açıqlaması da öz yerində. Həmin açıqlama qeyd etdiyim Oxu ayəsinin müsəlmanlarda ənənəvi təfsirini bir növ şərtləndirən hədislərin məzmununu müəyyənləşdirir.
Lukaya görə Müjdənin Zəkəriyyə əhvalatında övladının olacağı müjdəsini ona Cəbrayıl çatdırır. O da Oxuda olduğu kimi özünün ahıl çağında, zövcəsinin isə sonsuz olduğunu xatırladır. Cəbrayıl ona müjdənin Rəbbi tərəfindən göndərildiyini, ardınca “Bax sən susqun qalacaqsan, danışa bilməyəcəksən ta o vaxta qədər ki, hər şey öz yerini alacaq. Çünki sən mənim sözümə inanmadın, o sözümə ki, vaxtında yerinə yetəcək” (Luka, 1:18-20) deyir. Əslində, Cəbrayılın, ənənəvi qavrayışa görə, baş mələyin missiyası müjdəni çatdırmaqla məhdudlaşmalı olduğu halda hökmlü tövrü də anlaşılmaz qalır.
Hörmətli oxucu haqlı olaraq soruşa bilər ki, Yeni Əhddə belədirsə və Oxu öncəki Yazıları doğruladığını bildirirsə, ənənəvi təfsirlərdəkinin mübahisələndirilməsinə nə ehtiyac?
Məsələ burasındadır ki, bizə çatan bütün mövcud Müjdə variantları tərcümələrdən ibarətdir: xristian alimlərinin rəyinə görə, İsa Məsihin danışdığı, indi işlənməyən qədim arami dilindən edilən tərcümələrdən. Bir daha qeyd edim, müqəddəs Yazıların tərcümələrində yanlışlar bir qayda olaraq hakim dini düşüncənin təsiri ilə baş verir və tərcüməçiləri çox zaman ciddi şəkildə qınamaq olmur. Müqayisə üçün elə bunu yazmaqla yetinim ki, hətta Oxunun orijinalı göz önündə ola-ola hədislərin təsiri ilə bəlli yanlışlar tərcümələrdə yer ala bilirsə, məncə, təsəvvür etmək çətin olmaz ki, qədim arami dilindən kilsə nəzarəti altında gəlişən Müjdə tərcümələri oxşar yanlışlardan sığortalana bilməzdi.
Təkrar edim, yuxarıda təqdim etdiyim Oxu ayələri orijinala ən yaxın hərfi tərcüməyə iddialıdır.
Ayələrin hərfi tərcümədə linqvistik təlqini ilə yanaşı, o da var ki, bu təlqini Oxunun bütün ayələrə şamil olunan möhkəm, pozulmaz məntiqində izləmək çətin deyil.
Məsələn, suallarımızı ard-arda səsləndirək:
- İsa Məsihi dünyaya gətirən Məryəmin susqunluğu aşkar olaraq ibadətdirsə, orucdursa, Zəkəriyyəninki niyə oruc olmasın, sadəcə cəza olsun?
- Hər ikisi susaraq soydaşları ilə işarə ilə danışmırmı?
- Məryəmə müjdə İsa Məsihin, Zəkəriyyəyə müjdə Isa Məsihin gəlişini xəbərləyən Yəhyanın dünyaya gəlişidir və mərhəmətli Rəbb bu mübarək gəlişlərin xəbərlənmələrindən birini niyə müvəqqəti lal-karlıq cəzası ilə şərtləndirməlidir?
- Zəkəriyyəyə xoşbəxtlik müjdəsinin əlaməti adicə bir sorğulamaya görəmi cəza qəbilindən olmalıdır?
- Belə sorğulamanı Məryəm eynən etməmişdimi, deməmişdimi: “Oğlum necə ola bilər, mənə bir bəşərin əli dəyməmiş, əxlaqsız da olmamışam?!” (19:20).
Maraqlı məqam bir də ondan ibarətdir ki, hər ikisinin oruc zamanı danışdığı işarə dilini soydaşları anlayırlar. Məsələn, anlamasaydılar Məryəmə deyilməzdi: “İnsanlardan kimi görsən, de “Rəhmana bir oruc nəzir dedim, insan olan bir kimsəylə bu gün danışmayacam” (19:26).
Bu sözləri Məryəm qucağında körpəsi qarşısına çıxanlara işarə ilə anladır və onu anlayırlar. İlk gördükləri onu əxlaqsızlıqda suçlayan soydaşlarıdır ki, Məryəmdən belə bir cavab alırlar. Məryəm aydınlıq üçün onu sorğulayanlara körpəsini nişan verir. Onun bu işarəsini əlini uşağa tərəf sadəcə uzatması kimi anlamaq olmur. Şəksizdir ki, soydaşlarına işarə dili ilə sözlər də deyir. Həmin sözlərin məzmunu Oxuda ayrıca ayə ilə verilməsə də aydındır ki, ona ünvanlanan belə bir qınağa cavab olaraq səslənir: “Ey Məryəm, görünməmiş bir iş gördün. Ey Hərunun bacısı! Pis kişi deyildi atan, əxlaqsız deyildi anan” (19:28).
Təsəvvür etmək olar və diqqətli oxucu Oxuda görmək istərdi ki, Məryəmin onu qınayanlara işarə dili ilə nə dediyi də yazılsın. Yəni əvvəl onunla qarşılaşan soydaşlarının təxminən “bu nə məsələdir, bu körpə nə deməkdir” qəbilindən sorğulamalarını cavablayaraq Rəbbinin ona əvvəldən buyurduğunu onlar üçün də Oxu mətnində təkrarlasın: “Rəhmana bir oruc nəzir dedim, insan olan bir kimsəylə bu gün danışmayacam”. Bunun ardınca onu tərbiyəsizlikdə qınayanlara da “səbəbini bu körpədən soruşun”, yaxud “bu körpədən soruşun sizə hər şeyi izah etsin” söyləsin. “Soruşun”, yaxud “izah etsin” ki, Məryəmi qınayanların “Biz necə danışaq beşikdəki uşaqla?” sualı oxucunun adi nəsr əsərlərində alışdığı təhkiyə gözləntisinə cavab versin.
Məsələ burasındadır ki, Oxunu başqa yazılardan fərqləndirən mətn ecazlarından biri yetərincə araşdırılmamış bədii fəndlərlə bağlıdır. Bunların içində film ssenarilərinin yazılış üslubuna dair ayrıntılar da var. Belə ki, hər hansı süjetli bir fikir ifadə olunandan sonra uyğun əhvalat gedişatının məlum ayrıntıları sözlə ifadə edilmir, nəzərdə tutulan nəticə bir növ sözlə səhnələşdirilərək təqdim olunur. Belə məqamlar Oxuda çoxdur…
Zəkəriyyəyə dair əhvalat da təsdiq edir ki, onun işarə dili soydaşları üçün anlaşıqlıdır. Belə olmasaydı ona təlqin edilməzdi ki, “camaatla üç gün yalnız işarəylə” danışsın. Danışdığı camaat onun moizələrinin dinləyiciləridir. Ehtimal edə bilərik ki, Zəkəriyyənin üç gün ərzində danışdığı hazırda dünyanın əksər dillərində lal-karlar üçün işlənib hazırlanmış işarə dillərinin hansısa arxaik bir variantı olmuşdur.
Zəkəriyyə və Məryəm eyni dövrün şəxsləri idi, üstəlik Məryəm Zəkəriyyənin qəyyumluğunda boya-başa çatmışdı. Bəllidir ki, Yaqub nəslindən olan Zəkəriyyə fəaliyyətini ali rütbəli din xadimi və peyğəmbər qismində dar bir mühitdə – yəhudilərin müqəddəs məbədində, Qüdsdəki məşhur İkinci Məbəddə sürdürürmüş. Çalışdığı məkan elit bir ruhani mühiti imiş. Bu mühitdə toplanan yəhudilərin hansı bacarıqlarının olduğu barədə müqəddəs yazılarda dəqiq məlumat verilməsə də, istər Oxu, istər də Müjdə mətnindən aydın görünür ki, onlar işarə dili ilə danışa və danışanları anlaya bilirmişlər.
Bizim üçün maraqlı gələn bir də odur ki, görəsən, bir mənası ərəbcənin izahlı lüğətlərində səsli danışmaqdan imtina kimi verilən saum, siyam, yəni müqəddəs mətnlərdə gedən belə bir oruc nümunəsi nəyi öyrədir.
Oxu ayələri oruc ibadətinin birmənalı olaraq məhz yeməkdən, içməkdən, cinsi əlaqədən imtinadan ibarət olduğunu vurğulamır. Yəni ayələrdə deyilmir ki, orucsansa, yalnız bunları etmə. Vurğulanan sadəcə sübh ertədən axşam toranınadək bitən orucdan sonra sadalananların mümkünlüyüdür. Oxunun sırf universal məntiqi bu məqamda da heyrətamizdir.
Ayrıntılara varmadan qeyd edim ki, Oxunun elitar səviyyədə ruhaniyyəli insanlarla sadə inanc yiyələrinin hərəsinin özlərinə ünvanlı edə biləcəkləri var. Birincilər Ramazan ayında sadalananlardan əlavə susqunluq orucundan da faydalana bilərlər. Sadə insanlar üçün isə bu oruc növü vacib deyil. Oxunun oxşar qəbildən universal məntiqini bir sıra başqa mətləblərə aid olaraq da izləmək olur. Məsələn, yamanlığa yaxşılıqla qarşılıq verməyi yalnız böyük ruh sahibləri üçün təlqin edən müvafiq Oxu ayəsi (41:34-35) ilə yanaşı, yamanlığın yalnız öz ölçüsündə cəzalandırılmasını bütün sadə insanlara icazəli bilən Oxu ayələri (40:40; 42:40 və s.) də var (bu barədə geniş şərh üçün bax: Nəriman Qasımoğlu, Yamanlığa yaxşılıq: İncil-Quran aydınlığında – https://old.525.az/view.php?lang=az&menu=7&id=38328&type=1#gsc.tab=0 ).
Zəkəriyyə və Məryəm nümunəsində susqunluq orucunun nəticəvi əlamətinin ayə – Tanrının kainat yaradıcılığında dəlili, möcüzəsi olduğunu nəzərə alsaq, düşünmək olar ki, bunun öyrədici məzmununda “hər gün bir iş içində olan”(55:29) Tanrının yaradıcı insanları, Tanrı birliyinə tanıqlıq edən alimləri (3:18), İlahidən istedad payı olan insanları bu oruca təşviq var. Söhbət belə şəxslərdə nəhəng kəşflərə, gözəl tapıntılara təkan verə biləcək yaradıcı potensialın tam həcmdə gerçəkləşdirilməsi üçün zəruri bir prosesdən gedir.
İnsanın özünü xarici aləmdən, səslərlə kirli mühitdən təcridlə intellektual yaradıcılıq prosesində qazandıqları uğurların təhlillərinə həsr edilmiş xeyli maraqlı elmi araşdırmalar var. Bunların əsasən sırf elmi təhlillərə iddialı olan qismində özünütəcriddə düşüncələri, daxili aləmi, ideyaları, öyrəndikləri ilə baş-başa qalan yaradıcı insan şüurunda baş verən təbəddülatın neyro-psixoloji xüsusiyyətləri təhlil edilir.
Yaradıcılıq prosesi üçün sükunətli mühitin oynadığı roldan yazanlar da yetərincədir. Məsələn, Amerikanın tanınmış təhsil ekspertlərindən biri Nənsi Siql Susqunluq Yaradıcılığın İnkubatoru Kimi (Nancy Siegel, Silence as an Incubator for Creativity) araşdırmasında qeyd edir ki, yaradıcılığın ifadələnməsi üçün səssizliyə dalma zəngin, məhsuldar və güvənli bir zəmin rolunu oynaya bilir. Müəllif bu yazısında susqunluğu içimizin dərinliyindəki aləmə xarici aləmdən səfəri reallaşdıra bilən bir amil kimi vurğulayır. Və haqlı olaraq hər insanın daxilində Tanrıdan yaradıcılıq zərrəciyinin olduğunu, bu zərrəciyin də Ali Yaradanı yamsılamaq imkanı təklif etdiyini yazır (CHARA – Tidsskrift For Skaberværk, Pædagogik Og Dannelse 2011, volume 3, number 1, p.185).
Qərbli ekspertin yazdığının Oxu təsdiqi də var: “Tut üzünü dinə sarı təktanrıçı kimsətək. Tanrıcıl bir fitrətə ki, insanları bu fitrətdə yaratmış…” (30:30).
525.az