- Mədəniyyət

“Zəfər rəngləri” adlı sərgi təşkil edilib

Yasamal rayon Heydər Əliyev Mərkəzində rəssam Mənsur Əsgərlinin 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə və Vətən müharibəsinə həsr olunmuş “Zəfər rəngləri” adlı ilk fərdi yaradıcılıq sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin muzey bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Sərginin açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova bildirib ki, bu il Azərbaycan xalqı 30 ildən sonra ilk dəfə 18 oktyabr – Müstəqilliyin Bərpası Gününü tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı və qazandığımız böyük qələbə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova layihə haqqında qonaqlara ətraflı məlumat verib. O, dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən danışıb.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi-təqdimatı Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq layihə haqqında məlumat verib.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xalq rəssamı Qəyyur Yunus və rəssam Rafael Əlizadə çıxış edərək sərginin əhəmiyyətindən söz açıblar, təqdim olunan əsərlər haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, layihə rəssamların doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu-düşüncələrini rəsm əsərlərində əks etdirmək bacarıqlarını təkmilləşdirmək, onların yaradıcılıq imkanlarını genişləndirmək məqsədi daşıyır.