- Cəmiyyət, Manşet

Zəfərimizi yaşadacaq muzey üçün indiyədək 9300-dən çox eksponat toplanılıb

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə başçısının müvafiq Sərəncamı ilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması istiqamətində işlər davam edir. Zəfər muzeyi fəaliyyətə başlayacağı vaxtadək onun fondlarının komplektləşdirilməsi işi Azərbaycan İstiqlal Muzeyinə həvalə olunub. Bunun üçün muzeyin əməkdaşları şəhid və qazi ailələrindən, Vətən müharibəsinin iştirakçılarından şəxsi əşyaların, materialların, hərbi qənimətlərin toplanması işini davam etdirir. İndiyə kimi Zəfər muzeyi üçün 9300-dən çox eksponat toplanılıb.

Bu barədə AZƏRTAC-a İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli məlumat verib.

Onun sözlərinə görə, bu işə muzeydə hər kəs böyük həvəslə yanaşır: “Qəhrəmanlarımızın istifadə etdiyi əşyaların hər biri şanlı tarixin parçasına çevrilib. Zəfər muzeyi üçün komlektləşdirmə işinin bizə həvalə olunduğu 2021-ilin yanvar ayından Mədəniyyət Nazirliyinin tapşırığı ilə üzərimizə düşən öhdəliyi bütün gücümüzlə yerinə yetiririk. Bunun üçün əməkdaşlarımız həm paytaxtda, həm də rayonlarda şəhid ailələri ilə görüşlər keçirir, onların yadigar qalan əşyalarını toplayır və komplektləşdirirlər. Vətəndaşlara da müraciət etmişik, onlar da bizə bu işdə dəstək göstərirlər”.

Sədi Mirseyibli bildirib ki, bu proses Zəfər muzeyi fəaliyyətə başlayana qədər davam etdiriləcək. Şəhid ailələrinin, qazilərin bu işə marağının artırılması, əşyaların toplanmasının daha sürətli və çevik aparılması üçün muzey tərəfindən müntəzəm olaraq “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə həyat keçirilir. Layihə çərçivəsində şəhidlərin şəxsi əşyalarından ibarət birhəftəlik sərgilər təşkil olunur. Bu il layihənin onuncu mərhələsi start götürüb. “Çalışırıq ki, sərgilər müəyyən mövzular üzrə açılsın. Məsələn, şəhid həkimlər, şəhid idmançılar və s. Məqsədimiz təkcə şəhid ailələrinin diqqətini bu işə yönləndirmək və bu işi sürətləndirməkdən ibarət deyil, həm də gələcəyimiz olan uşaqlarda hərbi vətənpərvərlik ruhunun yüksəltməkdir. Zəfər muzeyinin gələcək nəsillərdə güclü hərbi-vətənpərvərlik ruhunun aşılanmasına xidmət etməsi qəlbimizi qürurlandırır”, – deyə muzeyin direktoru əlavə edib.

O qeyd edib ki, Zəfər muzeyinə toplanan əşyalar arasında Xudayar Yusifzadənin anasının verdiyi əşyalar – fotolar, geyim, həmçinin Polad Həşimovun ailəsi tərəfindən verilən Milli Qəhrəmanın general rütbəsində olan geyimi, fotoları, müəyyən sənədlərinin surətləri var. Bir sözlə, Polad Həşimov, Xudayar Yusifzadə və Rəşad Babayevə aid əşyalar artıq tam komplektləşdirilib.

Muzeyə təhvil verilən hər bir əşyanın qiymətli olduğunu söyləyən həmsöhbətimiz deyib: “Amma bəziləri var ki, insanlara çox təsir edir. Şəhidlərimizin üzərindən çıxan qanlı bayraq, güllə zədəsindən parçalanmış pul, şəxsi sənədlər görənləri təsirləndirir. Biz, həmçinin 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş mülki şəxslərimizin də əşyalarını toplayırıq. Bura Naftalanda şəhid olan körpəmizin, Gəncə hadisəsində şəhid olan mülki insanların əşyaları da daxildir”.

Sədi müəllim bildirib ki, burada təkcə Vətən müharibəsində şəhid və qazi olmuş qəhrəmanların deyil, Aprel döyüşləri və antiterror tədbirləri şəhidləri, habelə Birinci Qarabağ müharibəsində şəhid və qazi olmuş qəhrəmanların şəxsi əşyaları – geyimləri, fotoları toplanılır. Bu arada Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili Qoşunlar, Müdafiə Sənayesi Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən müəyyən sayda əşyalar, maketlər, geyimlər Zəfər muzeyi fondunun komlektləşdirilməsi məqsədilə İstiqlal Muzeyinə təhvil verilib. Toplanmış bütün əşyalar Zəfər muzeyi fəaliyyətə başladığı vaxtda oraya təqdim ediləcək.

Sonda Sədi müəllim bir məqama da toxunub: “Bilirsiniz ki, illərlə keçirdiyimiz tədbirlərin iştirakçıları sırasında hərbçilər üstünlük təşkil edib. Zəfər muzeyi üçün təqdim olunan əşyalar arasında vaxtilə muzeydə keçirilmiş tədbirlərin iştirakçısı olmuş və 44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimizin fotosunu görmək olduqca təsirlidir. Bu, həm də onu göstərir ki, muzeydə reallaşdırılan layihələr, keçirilən tədbirlər unudulmaz tarixə dönür”.