Qəzənfər KAZIMOV, professor
Əsas tərəfi zərflərdən ibarət olan birləşmələrə z ə r f birləşmələri deyilir. Söz birləşmələrinin bu növü quruluş modellərinə görə ismi və feli birləşmələr qədər zəngin deyildir və qrammatik səciyyəsinə görə ismi birləşmələrə daha yaxındır; məs.: Əhmədlə yanaşı (yerimək), dostlardan aralı (gəzmək), hamıdan cəld (tərpənmək), yeldən iti (getmək), bir qədər tez (oyanmaq), tamamilə yavaş (danışmaq), olduqca asta (addımlamaq) və s.
Zərf birləşmələrinin əsas tərəfi əksərən tərz zərflərindən ibarət olur; məs.: bir qədər asta (hərəkət etmək), xeyli cəld (işləmək), böyük cəsarətlə (danışmaq) və s.
Əsas tərəf yer və zaman zərfləri ilə də ifadə olunur; məs.: bizdən irəlidə (yerimək), xeyli sonra (cavab vermək), bir qədər tez (gəlmək) və s.
Zərf birləşmələrinin asılı tərəfi əksərən adlardan – isim, sifət, say və əvəzliklərdən ibarət olur; məs.: əldən iti, dildən zirək, hamıdan yavaş, böyük məhəbbətlə, yüksək zövqlə, sonsuz kədərlə, bir xeyli inamla, bir az ustalıqla və s.
Quruluş modellərinə görə zərf birləşmələri iki növə ayrılır:
a) Yanaşma əlaqəli zərf birləşmələri. “Sifət + zərf”, “say + zərf” quruluşlu zərf birləşmələri yanaşma üsulu ilə əmələ gəlir: böyük cür`ətlə, coşqun məhəbbətlə, xeyli sakit, olduqca yavaş və s. Asılı tərəf qoşmaların vasitəsilə də əsas tərəfə yanaşır: quş kimi cəld, mənimlə yanaşı və s. Zərf birləşmələrinin bu növündə tərəflər müxtəlif cümlə üzvü vəzifələrində işlənir.
b) İdarə əlaqəli zərf birləşmələri. “İsim + zərf”, “əvəzlik + zərf” quruluşlu zərf birləşmələri idarə üsulu ilə qurulur; asılı tərəf ismin çıxışlıq halında olur: hamıdan axırda, atdan yeyin, pişikdən cəld, hamıdan tez (durmaq) və s. Zərf birləşmələrinin bu növündə tərəflər birlikdə cümlənin bir mürəkkəb üzvü olur, əksərən tərz, bə`zən də zaman və yer zərfliyi vəzifələrində işlənir; məs.: Aslan hamıdan cəld tərpəndi. Biz onunla yanaşı irəliləyirdik.