Ukrayna Prezidenti Volodimir Zelenski avropalıları öz şəhərlərinin küçələrinə çıxmağa və Rusiya ilə müharibədə Ukraynaya dəstək verməyə çağırıb.
“Report” xəbər verir ki, o, bu barədə telekörpü və Ukraynaya dəstək aksiyasında iştirak edən Avropa şəhərlərinin sakinlərinə müraciəti zamanı bildirib.
Prezident Ofisinin canlı yayımı zamanı Zelenski qeyd edib ki, o, çıxışının ilk dəqiqəsini bütün həlak olan Ukrayna hərbçilərinin, xüsusi təyinatlılarının, polislərinin, kəşfiyyatçılarının, yanğınsöndürənlərinin – canını verənlərin xatirəsini əbədiləşdirməyə həsr edir.
“Mən ikinci dəqiqə susmaq istəyirəm – mülki vətəndaşlarımızın: böyüklərin və uşaqların, canını verən, lakin bundan xəbəri olmayan onlarla, yüzlərlə insanın şərəfinə. Onlar canlarını verib, əbədi istirahət ediblər. Xahiş edirəm. onların xatirəsini sükutla yad edin”, – deyə dövlət başçısı bildirib.
Prezident isə üçüncü dəqiqəni Avropa xalqlarına həsr edib.
“Susmayın. Küçələrə çıxın. Ukraynanı dəstəkləyin. Azadlığımızı dəstəkləyin. Çünki bu, təkcə Rusiya hərbçiləri üzərində qələbə deyil, bu, işığın qaranlığa qalib gəlməsidir. Bu, xeyirin şər üzərində qələbəsidir. Susmayın, Ukraynaya dəstək olun. Əgər biz qalib gəlsək – mən xalqımıza arxayınam, sizə də arxayınam – bu, demokratiyanın, dəyərlərin, azadlığın böyük qələbəsi olacaq”, – Zelenski əlavə edib.
Frankfurt, Praqa, Lion, Tbilisi, Vyana, Bratislava, Vilnüs şəhərlərində Ukraynaya dəstək mitinqlər keçirilib. Aksiyalarda ümumilikdə 200 minə yaxın insan iştirak edib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin xeyli sayda dinc sakini həlak olub və yaralanıb, habelə şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.